AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Rusiyanın “Mir” telekanalına müsahibə verib.
Xəzər dənizi suyunun azalmasının bütün Xəzəryanı dövlətlər üçün qlobal problemə çevrilməsini söyləyən şöbə müdiri suyun azalması ilə insanların başqa problemlərlə də qarşılaşacağını diqqətə çatdırıb. O deyib ki, suyun çəkilməsi ilə əlaqədar dənizdə biomüxtəlifliyə böyük ziyan dəyir. Balıqlar üçün yem rolunu oynayan planktonların ümumi kütləsi 10 dəfəyədək azalıb ki, nərə balığı, qızılbalıq, siyənək kimi qiymətli dəniz balıqları yem çatışmazlığından məhv olur. Suyun səviyyəsinin azalmasını qlobal istiləşmə ilə əlaqələndirən alim son illərdə havanın temperaturunun 1 dərəcə artdığını deyib və əgər belə davam edərsə, 2100-cü il üçün Xəzərin ancaq üçdə bir hissəsinin qalacağını proqnoz edib.