18 İyul 2018, Çərşənbə axşamı
Azərbaycan-Rusiya coğrafiyaçı-İçtimaiyyətçilərinin konfransı baş tutub 2018-05-14 15:35:00 / KONFRANSLAR

10-14 may 2018-ci il tarixində AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu (Cİ), Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC), Rusiya Coğrafiyaçı-İçtimaiyyətçiləri Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının təşkilatçılığı ilə  “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və  XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda Beynəlxalq konfrans keçirilib.

5 gün davam edən tədbirdə Azərbaycanla yanaşı Rusiya, Polşa, Fransa, Serbiya, Çin, Türkiyədən 67  alim və mütəxəssis iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın  müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdəki durumunu  araşdırmaq, ictimai coğrafiyanın inkişaf faktorları və prioritetlərini müəyyənləşdirmək, bu istiqamətdə təkliflərin hazırlanması haqda müzakirələr və fikir mübadiləsi aparmaq olub.

“Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişaf faktorları, tendensiyaları və prioritetləri”, “İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması”, “Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri”, “Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni”, “İctimai coğrafiya və müasir texnoloji çağırışlar”, “Postsovet dövründə AR və RF regionların inkişafı” konfransda müzakirə edilən prioritet mövzuları olub.

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov giriş sözü ilə iştirakçıları salamladıqdan sonra konfransın proqramını açıqlayıb. Keçırılən tədbirin əhəmiyyətindən danışan akademik iki ölkənin coğrafiyaçıları arasında elmi əlaqələrin hələ SSRİ dövründə formalaşdığını, uzun illər birgə tədqiqatlar nəticəsində mühüm nəticələrin əldə olunduğunu söyləyib. Tarixən Azərbaycan elminin inkişafında Rusiya faktının mühüm rol oynadığını deyən R.Məmmədov bu gün iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə əlaqələrin güclü olduğunu və artan xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Rusiya Coğrafiyaçı-İçtimaiyyətçiləri Assosiasiyasının prezidenti, Cənub Federal Universitetinin iqtisadi və sosial problemlər Şimali Qafqaz Elmi Tədqiqat İnstitutunun direktoru, coğrafiya üzrə elmlər doktoru, professor Drujinin Aleksandr Georgeviç, Çin Elmlər Akademiyası Nankin Coğrafiya və Limnologiya İnstitutunun professoru, coğrafiya üzrə elmlər doktoru Dong Yaven, Serbiya Coğrafiya Cəmiyyətinin sədri, coğrafiya üzrə elmlər doktoru Rayko Qnyato və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kafedra müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Çingiz İsmayılov, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru Aydın İbrahimov və digərləri çıxış edərək konfransın önəminə toxunub, tədbirin iki ölkənin coğrafiyaçı alimlərinin elmi əlaqələrinin möhkəmləndirilməsinə və birgə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyiblər.

Sonra plenar iclasda məruzələrə başlanılıb.

Rusiya EA Coğrafiya İnstitutunun baş elmi işçisi, c.ü.e.d. Andrey Treyviş “Coğrafiyaçı-içtimaiyyətçilər bir azlıq kimi: sənaye məkanı dünyasında yaşam strategiyası”, Akademik Ramiz Məmmədov  “Xəzər dənizi regionunda əməkdaşlığın inkişaf prespektivləri”, c.ü.f.d., dosent Məhərrəm Həsənov  “Azərbaycan əhalisinin ərzaq məhsullarının təhlükəsizliyində aqroiqlim resurslarından istifadənin perspektivləri”, Aleksandr Drujinin “Müasir Rusiyanın inkişafında “Türk əsasları”: ictimai-coğrafi aspekt”, c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Mirnuh İsmayılov “Rusiya Federasiyasının və türk dünyası dövlətlərinin geosiyasi məkanı: coğrafi, sosial-iqtisadi və mədəni aspekt”,  c.ü.f.d. Nizami Eyyubov “Azərbaycanda əhalinin təbii artımı: iqtisadi və sosial-coğrafi problemlərin tənzimlənməsi” və s. məruzə ilə çıxış ediblər.

Nahar fasiləsindən sonra məruzələr davam etdirilib.

Tədbirin son günü konfrans iştirakçıları Şamaxıda olub, Şamaxı Cümə Məscidini ziyarət etmiş, Diyarşunaslıq muzeyinə gedib, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına  ekskurs ediblər.

Yol boyu, eləcə də Diyarşunaslıq muzeyində Cİ-nin şöbə müdiri, c.ü.e.d. Rənabəyim Qaşqay onları müşayiət etib, olduqları yerlər haqqında dolğun məlumatlar verib.

Qonaqlar səfərdən, eləcə də Azərbaycanda olduqları müddətdə onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018