“Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın II cildi nəşr olunub 2019-02-11 18:02:00 / YENİ NƏŞRLƏR

Akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin sonuncu cildi çapdan çıxıb.

Kitabın elmi redaktorları AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Eyyubovdur.

10 fəsildən, 380 səhifədən ibarət monoqrafiyada zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafık potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri verilmişdir. Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilmişdir.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024