Axar.az saytına məktub 2018-04-06 13:47:00 / MÜHÜM HADİSƏLƏR

 

Saytınız  mənim gündəlik baxdığım 4-5 saytdan biri olduğundan

(ancaq daha yox) və mənim haqqımda qərəzli xülasə yazdığınızdan,

nisbətən asudə vaxtım olduğuna görə ancaq sizə cavab yazıram.

Hörmətli sayt! 

Bildiyiniz kimi, mart ayının 30-dan başlayaraq müxtəlif saytlardan mənim ünvanıma hədə və təhqiredici yazılar verilir. Vaxtım və həvəsim olmadığından bunların heç birinə cavab vermirəm, fikirləşirəm ki, səviyyələr və ranqlar müxtəlifdir - nə ehtiyac var?! Hücumun səbəbi həmin gün məni - bütün gecəni yatmamış adamı (bütün gecəni işləmişdim), səhər yuxudan qaldırıb, açıqlama verib-verməmək  istəyimi soruşmadan sual atəşinə tuturlar. Üstəlik, bir neçə gün əvvəl verdiyim müsahibəni  təhrif edib yazırlar ki, guya mən bundan sonra Bakıda qar yağmayacağını demişəm. Bu azmış kimi, həm ekologiyadan və həm də ginekologiyadan həmişə ağız dolusu açıqlama verən bir qeyri-dövlət təşkilatının məni təhqir edən,  “allah belə akademiklərə ölüm versin, bizi biabır edirlər”, deyən çıxışını verirlər. Mən isə həmişə öz çıxışlarımda BMT-nin İqlim dəyişmələri üzrə dövlətlərarası işçi qrupunun illik hesabatına istinad edərək, hətta yayda da Azərbaycanda qar yağa biləcəyi ehtimalını deyirəm və bu nəticənin inandırıcı olduğunu sübut etmək üçün 2016-cı ilin yayında Quba rayonunda qar yağdığını misal göstərirəm. Ancaq mən bu təhqirlərin heç birinə cavab verməyib hamısını yaddan çıxarmışdım, bilirəm necə müxbirlərimiz var, onlar həmişə sensasiya axtarırlar. Martın 30-da müxbirin səhər məni yuxudan oyadıb utancsız şəkildə açıqlama istəməsi məni əsəbiləşdirdi və şüuraltı olaraq köhnə incikliklər də yada düşdü. Əsəbi və yuxulu olduğum halda, mən onu acıladım, sizlərin dəfələrlə tirajladığı sözləri dedim. O isə məni “siz bilirsiniz mən bunu yazsam sizi neylərlər?” ifadəsi ilə hədə-qorxuya keçdi. Məni qorxutmaq cəhdi məni bir az da qızışdırdı və emosional halda bu sözləri dedim. Artıq mən bu sözləri dediyimə təəssüfləndiyimi açıqlamışam, adi vaxtda yəqin ki, belə ifadələr olmazdı.

 Eyni zamanda qeyd etmək istəyirəm ki, mən həmişə KİV-lərlə xoş münasibətdə olmuşam, nə qədər işim çox olsa da onları qəbul edib suallarını cavablandırmışam. Bunu onların özləri də dəfələrlə qeyd ediblər ki, heç bir akademiklə bu qədər məhsuldar işləməyiblər. Mən direktor olmamışdan əvvəl bizim İnstituta gələn KİV nümayəndələrini ancaq direktor qəbul edib  cavablandırırdı. İndi isə İnstitutun alim və mütəxəssisləri müxtəlif KİV-lərdə sərbəst çıxış edirlər. Bu şəraiti mən yaratmışam, İnstitutumuza gələn müxbirləri müvafiq şöbə rəhbərlərinin yanına göndərmişəm, demişəm cəsarətli olun, siz mütəxəssissiniz, bundan sonra heç məndən soruşmayın, KİV nümayəndələrini qəbul edin. Bu demokratik şəraiti mən yaratmışam İnstitutda.

İndi isə sizin xülasədən bəzi məqamlara aydınlıq gətirmək məqsədilə,  birinci növbədə, dörd dəqiqəlik araşdırması ilə “sensasion faktlar üzə çıxarıb” məni  psevdofizik və yaxud psevdocoğrafiyaçı adlandıraraq alimlik şərəfimə böhtan yazan “tanınmış jurnalist” Rauf Ağayevə cavab verirəm.

“Tanınmış jurnalist” qoy bilsin ki:

  1. SSRİ dövründə, müasir şəraitdən fərqli olaraq, universitet məzunlarına təyinat verirdilər. Elə məni də fizika fakültəsinin 4 nəfər məzunu ilə birlikdə Coğrafiya İnstitutuna təyin etdilər. İzah edim niyə. Həmin ildə, yəni bizim məzun olduğumuz 1972-də, Coğrafiya İnstitutu Moskvanın Atmosferin Fizikası və Okeanologiya institutları ilə birgə BMT-nin “Qlobal iqlim dəyişmələrinin tədqiqi” beynəlxalq proqramı çərçivəsində Xəzər dənizinin açıq hissəsində, tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyası yaratdılar. Moskvalı həmkarlarımız Cİ-nin o zamankı direktoru, akademik H.Ə.Əliyevə bu observatoriyada əsasən fizika-riyaziyyat təmayüllü məzunların işləyə biləcəyini tövsiyə etdilər. Burada məqsəd atmosferin və dənizin fiziki xassələrini, onların qarşılıqlı təsirini, enerji və impuls selini öyrənməkdir. Və buna uyğun olaraq Həsən müəllim universitetə müraciət göndərmişdi. Müraciətə cavab olaraq müsbət mənada fərqlənən məzunlara Cİ-yə təyinat verdilər.
  2. Sonradan bizləri Moskvanın həmin institutlarına stajyorluğa göndərdilər. Stajorluqdan sonra mən Okeanologiya İnstitutunun əyani aspiranturasına qəbul olundum, vaxtından əvvəl həmin İnstitutun elmi şurasında “Xəzər dənizində turbulentlik  mövzusunda dissertasiya müdafiə etdim. Daha sonra mənə Moskvada qalmağı təklif etdilər, razılıq verdim, hətta Moskvada qalmaq üçün müvafiq təşkilatlardan icazə aldılar. Ancaq akademik H.Ə.Əliyevin razılığı olmadığı üçün Bakıya qayıtdım. Məni Xəzər elmi-tədqiqat stansiyasına müdir vəzifəsinə təyin etdilər. Onu da bilin ki, dünyada məşhur olan Okeanologiya İnstitutu alimlərinin əksəriyyəti ya MDU-nun fizika-riyaziyyat fakültələrini, ya da məşhur FizTexi qurtarmışlar.
  3. “Tanınmış jurnalist” sensasion material hazırlayanda gərək 4 dəqiqə ilə kifayətlənməyəydi, axtarışı davam etdirəydi. Onda görərdi ki, AMEA Coğrafiya İnstitutu yarandığı gündən (1945) əsas tədqiqat istiqamətlərindən biri Xəzər dənizi, onun hidroloji və hidrofiziki strukturu olmuşdur. Bu işə mərhum akademik Q.Gül başlamış və başçılıq etmişdir, o, sonradan uzun müddət Coğrafiya İnstitutunun direktoru olmuşdur. Yeri gəlmişkən, o da coğrafiya fakültəsini yox, Leninqrad Ali Dənizçilik Məktəbinin məzunudur.
  4. Yenə də “tanınmış jurnalist” bilsin ki, Xəzər dənizinin hidrologiya və hidrofizikasını öyrənən elmin adı okeanologiyadır və o da hidrologiya, iqlimşünaslıq, geomorfologiya və s. kimi coğrafiya elminin bir qoludur. Yazılmış dissertasiyanın məzmunundan asılı olaraq müəllifə coğrafiya, fizika-riyaziyyat, texnika elmləri namizədi  və ya doktoru elmi dərəcəsi verilə bilər. “Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki sahələrin təsiri” mövzusunda yazdığım doktorluq işinin məzmununa görə mənə texnika elmləri doktoru elmi dərəcəsi adı verilib.
  5. Azərbaycan elm tarixində bəlkə də mən yeganə tədqiqatçıyam ki, Bermud üçbucağı da daxil olmaqla, 4 dünya okeanının hamısında üzmüşəm, işləmişəm. Dünya Okeanında üzməyə icazəni mənə dənizlər allahı Neptun özü vermiş və bunu verdiyi diplomla təsdiq etmişdir. Bu hadisə Sakit Okeanın ekvatorial hissəsində baş vermişdir.
  6. Baykal gölünü çirkləndirən məşhur Baykal Selüloz Zavodunun göldə yaratdığı problemləri öyrənib həll etmək üçün SSRİ EA-nın prezidenti akademik Q.İ.Marçukun mənim üçün şəxsi dəvəti olub, gedib Baykalda işləmişəm, uğurlu nəticələr almışam. 
  7. Mən Aİ Çərçivə Proqramları, ABŞ-ın Mülki Tədqiqatlar, NATO-nun Elm fondunun, İNTASS proqramının və s. beynəlxalq fondların qrantlarına layiq görülmüşəm. 20-yə qədər beynəlxalq layihənin rəhbəri və həmrəhbəri olmuşam və bununla fəxr edirəm. Ona görə fəxr edirəm ki, mən ingilis, fransız, alman, rus və s. tanınmış ölkələrin alimlərinin iştirak etdiyi müsabiqələrdə qalib gəlmişəm. Həmin fondların saytlarının siyahısında bir azərbaycanlı kimi mənim adım olduğundan qürur duyuram.
  8. Kitablarım Moskvada, Brüsseldə, Tehranda, Tbilisidə Kanadada və s. ölkələrdə nəşr olunub, 400-ə yaxın elmi məqalənin müəllifiyəm.
  9. Və nəhayət. Mən 45 ilə yaxındır Coğrafiya İnstitutunda işləyirəm, əmək kitabçamda bir möhür var. Bu müddətdə mən bütün pillələri keçmişəm. Normal adam mütəxəssis olmasa da 45 ilə çox şey öyrənərdi. Hətta mənim təhsilimin coğrafiyaya aidiyyəti olmasaydı  “tanınmış jurnalist” (ancaq bilmirəm harada tanınıb) bilməli idi ki, dünya təcrübəsində hədsiz sayda misallar var ki, insanlar bir ixtisas üzrə diplom alıb, başqa sahədə uğur qazanıb karyera qurublar. Əgər bizim “tanınmış jurnalist” belə informasiyaya malik deyilsə, ancaq 4 dəqiqəlik qərəzli yazılar yazmaqla məşğuldursa, cəmiyyətə dezinformasiya verirsə, onda mənim əsəbi halda dediyim sözlər doğru deyilmi?! Tanınmış jurnalist belə yarımçıqdırsa tanınmamışa nə deyək. MDU-nun rektoru akademik Sadovniçiy deyir ki, universitet mütəxəssis olmaq üçün ümumi baza hazırlayır, sonrakı inkişaf isə şəxsiyyətin düşdüyü şəraitdən asılıdır. Misal, Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov fizika təhsillidir, bir oxumuşuq.
  10. Bakı bulvarının yenidən qurulması, Ələtdə beynəlxalq dəniz limanının tikilməsi məhz mənim Xəzər dənizi səviyyəsinin dəyişməsi haqda verdiyim proqnoz əsasında icra olunmuşdur.
  11. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz sərəncamı ilə məni AR-ın fövqəladə hallar atlasının yaradılmasına məsul təyin etmişdir.
  12. Nəhayət, baş redaktoru və müəlliflərindən biri olduğum “Azərbaycan coğrafiyası” triologiyası 2016-cı ildə elm sahəsində Dövlət Mükafatına layiq görülmüşdür.

İndi isə sözümü məni “tərbiyəsiz” adlandıran  Azvision.az saytının baş redaktoru Vüsal Məmmədova ünvanlayıram.

Gəlin Azərbaycan dilinin etimologiyasına nəzər  salaq. Sizcə, hansı söz söyüş hesab olunur: "savadsız", yoxsa "tərbiyəsiz"? Bunu kim yazır, - baş redaktor! Məni məhkəməyə vermək istəyirlər. Görəsən mənim dediyim “savadsız” və baş redaktorun dediyi “tərbiyəsiz” söyüşlərinin hər birinə nə qədər “srok” düşür?  Mənim fikrimcə,  “savadsız” sözü söyüş kateqoriyasına düşmür. Ona görə ki, o, nisbi anlayışdır. Biri üçün savadlı olan, digəri üçün olmaya bilər. Baxır qoyulan tələblərin səviyyəsinə. “Tərbiyəsiz” sözü isə birmənalı söyüşdür.

Sonda:  Təəssüf ki, bütün bunları özlərinə hörmət tələb edən jurnalistlər yazır!

 

P.S.  Mən bu fikirlərimi Sizə göndərsəm də, onu saytınızda yerləşdirmədiyinizə görə  öz İnstitutumuzun saytında yerləşdirməyə məcbur oldum.  

 

 Hörmətlə,

akademik Ramiz Məmmədov

                                                

                                              

 

 

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024