AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun texnika elmləri doktoru, professor H.G. Həsənovla həmmüəllif olduqları məqalə ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində, yüksək impakt faktorlu "Peertechz, Annals of Environmental Science and Toxicology" jurnalında nəşr edilib.
“Possibility of estimating radioactive fallout by modelling atmospheric” (“Atmosfer proseslərinin modelləşdirilməsi yolu ilə radioaktiv şöküntülərin qiymətləndirmə imkanları”) adlı məqalədə radioaktiv tullantıların atmosfer çöküntüləri şəklində əmələ gəlməsinin əsas amilləri açıqlanır, turbulent diffuziya əsasında çirkləndiricilərin daşınması üsulu həm regional, həm də qlobal səviyyədə nümayiş etdirilir.
Müəlliflər atmosferin bir neçə paralel (yüksəklik) qatlarda radionuklidlərin hərəkətinin modelini təklif ediblər. Modeldə radioaktiv tullantıların əmələ gəlməsinin intensivliyini müəyyən edən meteoroloji parametrlər nəzərə alınıb. Sadəcə olaraq tədqiq edilən sahənin hava və relyef / landşaft məlumatlarını modelə daxil etməklə onu istənilən əraziyə tətbiq etmək və ərazinin radioaktiv çirklənməsini proqnozlaşdırmaq mümkündür.