Görkəmli coğrafiyaçı alim, tanınmış Xəzərşünas və okeanoloq, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Dövlət mükafatı laureatı, Şöhrət ordenli akademik Ramiz Məmmədov ömrünün 71-ci ilində vəfat edib.
Ramiz Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. Azərbaycan SSR Elmlər Akademiyasının göndərişi ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olub, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul edilib. 1980-ci ilin yanvar ayında o, “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında «Okeanologiya» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Bakıya qayıtdıqdan sonra 1980-1985-ci illərdə Azərbaycan «Kosmik Tədqiqatlar» Elm-İstehsalat Birliyinin «Xəzər elmi tədqiqat stansiyasının» müdiri vəzifəsində çalışıb, 1985-ci ildə AEA Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılıb. 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildən isə həm də bu İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2012-ci ildən ömrünün sonunadək AMEA akademik. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna direktoru vəzifəsini icra edib.
1995-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını alıb, 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilib.
R.Məmmədov Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatları əsasən Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofızikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafı modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafıyasına həsr olunub.
Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir.
R.Məmmədov Xəzər dənizində keçirilmiş 15-dən çox dəniz ekspedisiyasının iştirakçısı və çoxunun rəhbəri olub, onların tədqiqat planını tərtib edib. O öz tədqiqatları ilə Sakit, Hind okeanlarında, Qara və Baltik dənizlərində, Baykal gölündə keçirilən bir neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olub.
Alimin ölkə iqtisadiyyatında önəmli yer tutan Xəzər dənizinin hidrometeorologiyası, səviyyə tərəddüdləri, axınları və neft ləkələrinin yayılması və ekocoğrafiyası ilə bağlı yazdığı fundamental əsərləri Bakıda, Moskvada, eləcə də ilk dəfə hazırladığı irihəcmli “Xəzər dənizinin hidrometeorologiyası” atlası isə İranda və Kanadada nəşr olunub.
R.M.Məmmədovun elmi əsərləri dünyanın məşhur elmi jurnalları və nəşriyyatlarında (“Şpringer”, “Elsevier”, “Nauka”, “Kluver Akademik” və s.) çap edilib. O, 320-dən çox elmi məqalə, 15 kitab və 1 atlasın müəllifidir, 20-dən artıq işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilib.
Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planını tərtib edib və Bakıda Xəzərə aid beynəlxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından olub. UNEP proqramı çərçivəsində Azərbaycan Respublikasının ilk Milli Hesabatına müəlliflik edib. Prezident İlham Əliyevin 02 mart 2016-cı il Sərəncamı ilə akademik Ramiz Məmmədov “Azərbaycanın Fövqəladə Hallar Atlası”nın hazırlanmasında məsul katib təyin edilib.
R.M.Məmmədov beynəlxalq aləmdə yaxşı tanınmış və çəkisi olan tədqiqatçıdır. Təkcə son 10 ildə 40-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı, bəzilərinin isə sədri olub. O, ümumiyyətlə götürdükdə, dünyanın 82 şəhərində (Paris, San-Fransisko, Brussel, London, Afina, İstanbul, Tokio, Helsinki, Brisbon, Sinqapur, Moskva, Sankt-Peterburq, Pissa, Buxarest, Berlin və s.) müxtəlif elmi toplantılarında iştirak edib. ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqramı 6 və 7, NATO-nun “Elm Sülh Naminə” və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülüb.
Elmi işlərlə yanaşı R.M.Məmmədov elmi-pedaqoji və kadrların hazırlanması məsələləri ilə də fəal məşğul olub. Onun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb. BDU, ADPU, Aviasiya Akademiyasında tələbələrə dərs deyib.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarının üzvü kimi fəaliyyət göstərib. 1980-1986-cı illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin icra etdiyi “Dünya okeanı” layihəsinin idarə heyətinin üzvü, 2001-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış “Təmiz su” Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvü, 2002-ci ildən Coğrafiya İnstitutunda fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasının sədri və Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) üzvü, 2005-ci ildən Xəzər Dənizi Tədqiqatları Üzrə Əlaqələndirmə Şurasının sədri, uzun illər isə Avropa İttifaqının Qafqaz ölkələri üçün yaratdığı Beynəlxalq Ekoloji Mərkəzin Məşvərət Şurasının prezidenti və Beynəlxalq Okeanologiya Məlumatları və Mübadiləsi Mərkəzinin Azərbaycan üzrə milli koordinatoru olub. 2015-ci ildə akademik Ramiz Məmmədov David Publishing Company Nəşriyyat Şirkətinin öz sahəsi üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə malik “Gəmiçilik və okean mühəndisliyi” elmi jurnalının redaksiya heyətinin üzvü seçilib. 14 aprel 2015-ci ildən Milli Məclis yanında Toponomiya Komissiyasının üzvü olub. Su probleminin kəskin olduğu müasir dövrümüzdə alim özünün təşəbbüsü ilə yaradılan “Sudan İstifadə sahəsində mütəxəssislər” İctimai Birliyinə sədrlik edib.
Ramiz Məmmədovun fəaliyyəti dövründə Azərbaycanın coğrafiya elmində bir sıra əhəmiyyətli uğurlara imza atılıb. Baş redaktoru olduğu “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyi Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Təşəbbüsü ilə “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi və hazırda yaradılan “Qarabağın coğrafiyası” kitabı da akademikin böyük nailiyyətlərindən sayıla bilər.
Özünün əməyi, zəhmətsevərliyi, məqsədyönlü yaradıcılığı ilə gənclərimizə örnək olan görkəmli alim, elm təşkilatçısı, müəssisə rəhbəri, səmimi insan Ramiz Məmmədov onu tanıyanların qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin!