AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktoru, dosent Cuma Məmmədov və elmi işçi Zülfəli Rəsulovun həmmüəllif olduqları “Əsas təbii amillərin təsiri nəzərə alınmaqla palçıqlı sellərin asılı gətirmələrinin ən böyük sərflərinin hesablanmasında yeni yanaşma” adlı məqalə Rusiyanın impakt faktorlu “Вестник геонаук” jurnalında nəşr edilib.
İş Kiçik Qafqaz çaylarında baş verən sellərin ən böyük sərflərinin hesablanması metodikasına həsr olunmuşdur. Tədqiqat üçün 2000-ci ilə qədər Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin asılı gətirmələrin ən böyük sərflərinin müşahidə və 2016-cı ilə qədər ekspedisiya məlumatlarından istifadə edilmişdir. Asılı gətirmələr ən böyük sərflərinin sıralarının uzadılması üçün 2000-2015-ci illərə görə qurulmuş Qən böyük = A (R ən böyük) əlaqələrindən istifadə eidlmişdir.
Ayrılıqda və kompleksdə asılı gətirmələrin ən böyük sərflərinə təsir edən fiziki-coğrafi amillərin parametrləri təhlil edilmişdir. Sel gətirmələrinin həcmini təyin etmək üçün əsas təbii amil kimi ən böyük su sərfinin kəmiyyəti, çay axımının təbii tənzimlənmə əmsalı və sutoplayıcının meşəlik əmsalı qəbul edilmişdir. nəticədə ilk dəfə tədqiq olunan ərazi üçün asılı gətirmələrin ən böyük sərflərinin hesablanma metodikası işlənmişdir. Bu metodika palçıqlı sellərin əmələ gəlmə şəraitini daha müfəssəl əks etdirir və hesablama xətası ±25%-ə qədərdir. Alınmış tənliklər Kiçik Qafqazın öyrənilməmiş çayların palçıqlı sellərinin parametrlərinin təsviri və öyrənilməsi üçün istifadə edilə bilər.