Coğrafiya İnstitutunun əməkdaşları - c.e.d. Z.N.Eminov, c.ü.f.d. N.Ə.Paşayev və c.ü.f.d. Z.T.İmrani iyulun 3-dən 7-dən Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olmuşlar. Məqsəd İnstitutun hazırladığı iki cildlik “Naxçıvan MR coğrafiyası” fundamental əsərinin ikinci cildi üçün elmi və statistik materialların toplanması olmuşdur.
Səfər müddətində alimlər AMEA Naxçıvan bölməsində olmuş, burada son dövrlərdə aparılan elmi işlərlə tanış olmuşlar. Onlar Naxçıvan MR-də aparılan iqtisadi və sosial-mədəni islahatlar gedişində ciddi dəyişikliklərin olduğunu, regionun müxtəlif təyinatlı məhsullara olan daxili tələbatının ödənilməsi üçün mühüm işlər görüldüyünü qeyd etmişlər. Burada çoxsaylı müəssisələr şəbəkəsi qurulmuş, yeni iş yerləri açılmış, nəqliyyat-kommunikasiya şəbəkəsi müasir tələblərə uyğun rekonstruksiya edilmiş, şəhər və kəndlərin müasir görkəmi tamamilə dəyişmişdir.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin yaxından köməkliyi ilə Coğrafiya İnstitutunun əməkdaşları ayrı-ayrı nazirlik və Baş İdarələrdə regionda baş verən dəyişikliklər və əldə olunan nailiyyətlər haqqında məlumatlar toplamışlar. Bu istiqamətdə işlərin yerinə yetirilməsində c.ü.f.d. Nazım Bababəylinin də xüsusi əməyə olmuşdur.
Qonaqlar səfər müddətində Naxçıvan MR-in görməli yerlərinə baş çəkmiş, tarixi və təbiət abidələri ilə tanış olmuşlar.