Coğrafiyaçı alim səhralaşma problemlərinə aydınlıq gətirib 2020-06-21 22:59:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Azərbaycan Dövlət Televiziyasının  “Ekoetika” verilişinin iştirakçısı olmuşdur.

AzTV çəkiliş qrupunun Coğrafiya İnstitutu əməkdaşları ilə birgə Kür-Araz ovalığında apardıqları çöl-tədqiqat işlərinin nəticələri əsasında lentə  alınmış veriliş dünyada və Azərbaycan ərazisində gedən səhralaşma prosesləri və su çatışmazlığı problemlərinə həsr olunmuşdur.

Direktor müavini  mövzu ilə əlaqədar fikirlərini bölüşmüş, səhralaşma və su qıtlığı sahəsində baş verən proseslərə aydınlıq gətirmişdir.  O bildirmişdir ki, dünyada böyük qlobal bir problemə çevrilmiş, Yer Kürəsi sahəsinin dörddə birini əhatə edən və 110 ölkədə müşahidə edilən səhralaşma prosesi  Azərbaycan alimlərini  düşündürən və öndə duran məsələlərdəndir. Ölkəmizin ərazisinin 60 faizi səhralaşmaya meyilli subtropik ərazilərdən ibarətdir ki, Kür-Araz ovalığında yerləşən Mil düzü  səhralaşma prosesinin ən intensiv getdiyi sahələrdəndir. Daha çox kənd təsərrüfatında istifadə edilən  ərazi  olmasına rəğmən,  burada həm su ehtiyatları azdır, həm də temperatur yüksəkdir. Mil düzündə yaranan qum təpələrinin gələcəkdə daha da artması torpaqlarımızın daha tez sıradan çıxması ilə nəticələnə bilər.

Azərbaycanın 10 milyondan ibarət əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya qismən məruz qalmış  ərazilərdə məskunlaşmışdır. Ona görə də səhralaşmaya qarşı mübarizədə təbiət sərvətlərindən səmərəli istifadə olunmalı, meşələrin qayğısına qalınmalı, meşə bərpa işləri aparılmalıdır, çünkü meşələrin qorunması torpaqların qoruması ilə yanaşı, həm də su ehtiyatlarının da qorunması deməkdir.

https://www.youtube.com/watch?v=SSy9YJqt1os&t=231s