Tibbi coğrafiya elmi, coğrafiya və tibb elmlərinin metodologiyasının əsasında formalaşmışdır. Bu elm sahəsi insanların patoloji vəziyyətlərini, xəstəliklərin coğrafi yayılmasını, bu yayılmanın coğrafi mühit ilə əlaqələrinə dair problemlərini tədqiqat obyektinə çevirmişdir.
Tibb coğrafiya elmi tədqiqatları, kompleks problemləri özündə birləşdirir. Belə ki, onun inteqral tendesiyası elmlərin ekologiyalaşması, xüsusilə coğrafiya və tibb elmləri ilə əlaqədar daha da aktual məzmuna çevrilmişdir. Tibbi-coğrafi yanaşma insan səhhətinin ekoloji düşüncə tərzini özündə əks etdirir.
Tibbi coğrafi tədqiqatlar antik dövrlərdən başlayaraq müəyyən inkişaf mərhələlərində formalaşmışdır. Bu formalaşmada coğrafi, bioloji, sosial və ekoloji faktorların təsiri əsaslandırılmış və müasirləşmişdir.
Tibbi coğrafiya elminin tədqiqat metoduna tibb və coğrafiya elmlərinə xas olan xüsusi yanaşma və təhlillərinin metodologiyası daxildir. Elmi metodlar vasitəsi ilə insan səhhətinin ətraf mühitlə əlaqəsinin müəyyənləşməsi, onun coğrafi məkanda fiziki inkişafını, ölüm və xəstələnmə göstəricilərini, həyat səviyyəsinin şəraitini öyrənmək üçün kompleks tibbi və coğrafi araşdırmalar aparılır.
Tibbi coğrafiya elminin tədqiqatlarında əhali arasında xəstəliklərin yayılması xüsusiyyətlərini və insanların sağlamlığına təbii və sosial faktorlar daha çox təsir edir. Xəstəliklərin coğrafi yayılması insanların yaşayış mühitinin formalaşmasında həlledici rola malik olan təbii kompanentlərin - iqlim, su, torpagın tərkibindən və müvafiq olaraq qida məhsullarında bəzi kimyəvi elementlərin olub-olmamasından asılıdır. Sosial amillər olan maddi yaşayış şəraiti, əhalinin mədəni-təhsil səviyyəsi, ənənəvi qidalanma, həmçinin, insan orqanizminin fəaliyyəti, iş rejimi və şəraiti onun inkişafı prosesində meydana çıxan problemlərlə əlaqədar da bir sıra xəstəliklər yaranır.
XXI əsrin əvvəlində də bütün dünyada və bizim ölkənin bir çox regionlarında ekoloji vəziyyətin gərginləşməsi davam edir. İnsan sivilizasiyasının ətraf mühitə təsir etməsi özünü istixana effektinin güclənməsində, turşulu yağışların yağmasında, ozon qatının azalmasında, hidrosferin çirklənməsində, meşələrin və torpaq örtüyünün məhv edilməsində, biomüxtəlifliyin azalmasında, ərzaq məhsullarının keyfiyyətinin aşağı olmasında biruzə verir.
Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda pozitiv xarakter daşıyır. Lakin, təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət qanunauyğunluqlarını pozur və özü üçün arzuolunmaz fəsadlara səbəb olur. Sivilizasiyanın mövcudluğunun əsaslarını təhlükə altına alan təzadlardan ən başlıcası ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsidir. Ona görə də, insan cəmiyyəti qarşısında ekoloji böhranın aradan qaldırılması, təbiətin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur. Biosferin qorunub saxlanılması insan cəmiyyətinin yaşaması üçün vacib şərtdir.
Əhalinin sağlamlığına coğrafi şəraitin müsbət və mənfi təsirlərini aşkar edərək patoloji vəziyyətlərin və xəstələnmələrin baş verməsinin mümkünlüyü qaçılmazdır. Qeyd etmək lazımdır ki, coğrafiya elmi xəstəliklərin öyrənilməsinin coğrafi cəhəti fiziki, iqtisadi və əhali coğrafiyası ətrafında cəmlənən bir çox məsələləri əhatə edir. Fiziki coğrafiyanın əsas məqsədi insanların təbii həyatının və coğrafi şəraitinin, cansız amillərinin insanın yoluxucu xəstəlilklərinin coğrafi yayılmasına və ərazi üzrə qeyri-bərabər paylanmasına təsirini öyrənməkdən ibarətdir. Əsas vəzifə yer kürəsində coğrafi mühitin formalaşmasının qanunauyğunluqlarının, əhali məskunlaşmasının və onun ərazi təşkilinin coğrafiyasının; insanların miqrasiyasını; yoluxucu xəstəliklərin coğrafi yayılmasına təsir edən amillərin öyrənilməsidir.
Yoluxucu xəstəliklər hazırda dünyanın ən qlobal problemlərindən biridir. Demək olar ki, hər il yeni bir yoluxucu xəstəlik əmələgəlir və bundan nə qədər insan tələf olur. Yoluxucu xəstəliyə yoluxma sadəcə öskürək, toxunma, öpüşmə və hətta nəfəsdən belə keçir. Ona görə bizlər adətən ayıq olmağa çalışırıq ki, onlara məlum olan yoluxucu xəstəliyə yoluxmuş xəstələrdən uzaq duraq. Ancaq həyatımızı təhdid edən bu xəstəliklər bizim güman etdiymizdən də təhlükəlidir və yuxarıda qeyd edilən hərəkətləri etməsək belə təhlükədən sovuşmuş sayılmarıq.
Dünya üzrə sağlamlıq ekspertləri həyəcan təbili çalırlar ki, yoluxucu xəstəliklər, demək olar, nəzarətdən çıxmış vəziyyətdədir. Qlobal yoluxucu xəstəliklər - SARS, donuz qripi, Ebola və Zika hazırda dünyada nə qədər insanın ölümünə səbəb olub.
2014-2016-cı illərdə Ebola epidemiyasına 28 000 nəfər yoluxub, bunlardan 11 000 nəfəri ölümlə nəticələnib.
İnformasiya əsrində insanlar hər şeydən anında xəbərdar olurlar. Məsələn harada hansı xəstəlik yayılıb anında məlumat əldə edilir. İnsanlar müəyyən xəstəliyi eşidən kimi tez onun simptomlarını araşdır və nə olduğunu bilmək istəyirlər. Ekspertlər bir yandan buna müsbət yanaşsa da digər tərəfdən qeyd edirlər ki, internetdə yayılan hər məlumat düzgün deyil. Bu da həmçinin əhalidə qorxunun yaranmasına da səbəb olur. Ekspertlərin məqsədi yayılan yoluxucu xəstəlikləri araşdırmaq və onların qarşısını almağa çalışmaqdır.Onlar yoluxucu xəstəliklərə qarşı peyvəndlərin təkmilləşdirildiyinin və yenilərinin də hazırlanmasının vacibliyini vurğulayırlar.
Tibb sahəsinə, xüsusilə də virusların geniş yayılmasına coğrafi tərəfdən yanaşsaq, görərik ki,təbii komponentlərin hazırda daha çox dəyişikliyə məruz qalmasının,xəstəliklərin yaranmasında rolu çox böyükdür. Müasir dövrümüzdəki iqlim dəyişilmələri demək olar ki, xəstəliklərin yaranmasına çox böyük təsir göstərir. Ürək-damar, mədə-bağırsaq, hipertoniya, infeksion, onkoloji və s. xəstəliklərin yayılmasını genişləndirir. Daşqınların baş verməsi müasir dövrümüzdə daha çox müşahidə edilir. Ən çox su ulə yayılan bağırsaq xəstəlikləri bu vasitə ilə artır. Güclü küləklərin hipertoniya və ürək-damar xəstəliklərinin yayılmasında rolu böyükdür. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2030-2035- ci illər arasında iqlim dəyişikliyi dünyada 250 000 xəstəliyin yaranmasına gətirib çıxaracaq. Ağcaqanadlar bu xəstəliklərin daşıyıcısı olacaq.
Əhali artımı və urbanizasiya - Şəhər həyatı - hər kəsə məlumdur ki, insanlar burada sıx şəkildə yaşayır, bir-birinə daha yaxın təmasda olurlar və bu əsas səbəblərdən bir hesab edilir. Əhali artdıqca şəhərlərin sayı da artır. BMT-nin məlumatına görə 2050-ci ilə qədər dünya əhalisinin 66%-i şəhərlərdə yaşayacaq.Şəhər əhalisi artdıqca sanitariya məsələlərini həll etmək çətinlik törədir. İnsanların yaxın təmasından əlavə, bu da infeksiyanın ikinci səbəbidir. 3-cü səbəb isə ərzağa olan təlabatdır. Ərzaq çatışmazlığının olmaması üçün daha çox qida və heyvan yetişdirilir. Vərəm, yuxu xəstəliyi, quş qripi də daxil olmaqla, heyvanlar bir çox xəstəliklərin səbəbkarıdır. Xüsusən də həm şəhər və kənd məskənlərində gediş-gəlişdə olan şəxslər potensial xəstəlik daşıyıcıları hesab edilir.
Müasir dövrümüzdə elm və texnikanın güclü inkişaf etdiyi bir dövrdə xəstəliklərin geniş yayılması təəccüblü hadisə deyil. Çünki, ekoloji vəziyyətin gərginləşməsi bilavasitə xəstəliklərin yaranması üçün şərait yaradır. Hazırda həyat şəraiti belədir ki, bütün sutka boyu hər zaman insanlar radiyasiya ilə üz-üzədirlər. Ərzaq məhsullarının keyfiyyətinin aşağı olması, geni dəyişdirilmiş məhsullardan istifadə edilməsinin insanlarda immunitetin aşağı düşməsinə səbəb olur. Ona görə də hər hansı bir virusun tezliklə bütün dünyanı bürüməsi hec də təəccüb doğurmamalıdır. Tibbdə çalışan mütəxəssislərimiz çox gözəl izah verə bilərlər ki, insanlarda immunitet aşağı olanda hər bir dərdə düçar ola bilirlər. Sadəcə insanlar imkan daxilində özlərini qorumalıdırlar.
Yuxarıdakı şərhimizə misal olaraq, hazırda bütün dünyanı bürüyən yeni bir koronavirus növü olan COVID-19 ilə üz-üzəyik. Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. Koronaviruslar 1960-cı ildə kəşf edilib, ilk dəfə toyuqlarda infeksion bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılan soyuq dəyməsi olan insanların burun boşluqlarında yaranan virus idi. İnsan koronavirusları -Koronavirusların böyüklər və uşaqlarda bütün ümumi soyuqdəymələrə səbəb olduğu güman edilir. Koronaviruslar, ilk növbədə qışda və erkən yaz fəsillərində şişmiş adenoidlərdən qızdırma və boğazağrısı kimi əsas simptomlarla soyuqdəyməyə səbəb olur. Koronaviruslar ya sətəlcəm xəstəliyinə, ya birbaşa viral pnevmoniyaya, ya da ikinci dərəcəli bakterial pnevmoniyaya səbəb ola bilər. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, kəskin tənəffüs sindromuna (SARS) səbəb olan SARS-CoV, həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına səbəb olduğu üçün özünəməxsus patogenezə malikdir. İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər və ya antiviral dərmanlar hələ ki yoxdur. Mübarizə aparmaq yenə insanların öz üzərinə düşür.
Problemin həlli üçün ətraf mühitin ekoloji tarazlığının qorunması, texnoloji avadanlıqların yenidən qurulması ilə yanaşı, ərzaq məhsullarının keyfiyyətinə xüsusi diqqət yetirilməsi, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görülməsi, elmi-tədqiqat işlərinin aparılması da vacibdir. Hazırda Koronavirus xəstəliyinin yaranma səbəblərinin və problemin həlli yollarının araşdırılmasına böyük ehtiyac vardır.Ümüd edək ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni nailiyyətlər və texnologiyalar Koronavirus xəstəliyinin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitələr tapılacaqdır.