AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun “Xəzər Dənizinin Hidrometeorologiyası” şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.doktorları Nazim Əhmədov, Zahidə Tatlıyeva və mütəxəssis Ramin Atakişiyev iyunun 18-dən 27-dək Qızılağac körfəzində ezamiyyətdə olmuşlar.
Əsas məqsəd Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatları davam etdirmək olub. Tədqiq olunan ərazidə dərinlik üzrə ölçmə işləri aparılmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürülmüş, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçülmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) hazırkı vəziyyətləri və dənizin səviyyə durumu haqqında məlumatlar toplanmış və arxivləşdirilmə işləri yerinə yetirilmişdir.