17 İyul 2019, Çərşənbə axşamı
Geoarxeologiyanın əhəmiyyəti haqqında məruzə edilib 2019-06-12 12:48:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi seminarının növbəti iclasında Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Geoarxeologiya: qədim tarixin təbiət elmlərinin metodları ilə öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi geoarxeologiya elmi haqqında məlumat verərək bildirib ki, bunu, yer elmlərinin arxeologiyaya dəstəyi kimi də başa düşmək olar. Yaxın elmlər nüfuz edərək bir-birlərini zənginləşdirirlər ki, bu zaman yeni elm sahələri meydana çıxır. Bu baxımdan arxeoloji tədqiqatların aparılmasında coğrafiya, geologiya, geomorfologiya, torpaqşünaslıq və s. kimi yer elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli rol oynayır. Müəllif respublikamızda bu sahə ilə sistemli şəkildə məşğul olan nə bir laboratoriya, nə də bir mütəxəssisin olmamasına təəssüflənərək qeyd edir ki,  əksinə olaraq, Avropa ölkələrində, Rusiyada, Qazaxıstanda və digər keçmiş bir neçə sovet respublikasında  artıq bu məsələlərlə yaxından məşğul olurlar.

Tədqiqatçı qədim tarixi abidələrimizi, ilk növbədə isə YUNESKO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli Tarixi-Bədii Qoruğunu, habelə, mağaralarımızı, o cümlədən Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, yəni təbiət elmləri mütəxəssisləri ilə birgə, təbiət elmləri üzrə metodları tətbiq edərək öyrənməklə daha dolğun və inandırıcı nəticələr əldə edilə biləcəyini diqqətə çatdırıb.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019