Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin bir qrup əməkdaşı şöbə müdiri, c.ü.f.d. İsmayıl Quliyevin rəhbərliyi ilə “Samur-Abşeron arası düzən torpaqların fərqli ekosistemlərdə təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri” adlı hesabat işi ilə əlaqədar Sumqayıt-Siyəzən massivində və Abşeron yarımadasında ekspedisiyada olmuşlar.
Tədqiqatçılar torpaqlarda gedən tənəzzül və təkamül proseslərini təbii və antropogen amillərin qarşılıqlı təsiri fonunda tədqiq etmişlər. Efemerlərin əsas inkişaf fazası nəzərə alınmaqla torpaq-bitki arası əlaqə əsas götürülmüş, çöl şəraitində dayaq məntəqələri dəqiqləşdirilmiş, antropogen, o cümlədən texnogen, aqrogen faktorlar qiymətləndirilmişdir. Torpaq, bitki, su nümunələri seçilərək ən səciyyəvi nümunələr analiz olunmaq üçün götürülmüşdür. Aparılmış üçillik tədqiqatın nəticələri ərazi torpaqlarında gedən deqradasiyanı düzgün qiymətləndirməyə, proqnozlaşdırmağa imkan verəcək.