AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Qadınlar Şurasının təşkilatçılığı ilə müəssisədə “Beynəlxalq Ailə Gününə” həsr olunmuş tədbir keçirilib. İclasda Cİ əməkdaşları, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA QŞ-nın büro üzvləri, AMEA institutları qadın şuralarından dəvət olunmuş nümayəndələr iştirak ediblər.
Coğrafiya İnstitutu Qadınlar Şurasının sədri Luiza Salayeva giriş sözü ilə çıxış edərək bildirib ki, ailə siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu bayram hər il qeyd edilir. İctimaiyyətin diqqətini ailə institutuna cəlb etmək, bu müqəddəs birliyin qorunub saxlanılmasının vacibliyini önə çəkmək məqsədilə BMT Baş Assambleyası 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Cİ-nin elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Ailə bayramı” münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onların ailə üzvlərinə qarşılıqlı hörmət, sevgi və mehribanlıq arzulayıb. O qeyd edib ki, cəmiyyətin əsasını ailə təşkil edir. Azərbaycanda ailə tarix boyu müqəddəs ocaq hesab olunub. Ölkənin inkişafı, möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək tutulmalıdır.
ETSN Milli Hidrometeorologiya Departamentinin direktoru, c.ü.f.d. Umayra Tağıyeva “İqlim dəyişmələrinin ailə və məişət problemlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Ailənin sağlamlığı, uşaqların qorunması və məişət məsələlərində qadının rolunu ön plana çəkən məruzəçi qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr son onilliklərdə artır və insan sağlamlığı üçün hava-iqlim prosesləri ilə bağlı əlavə risklər yaranır. İqlim dəyişmələri fəsadlarının qarşısını almaq mümkün olmasa da, düzgün uyğunlaşma siyasətini həyata keçirməklə bu fəsadların təsirini yumşaltmaq mümkündür. Və bu işdə qadınların üzərinə böyük məsuliyyət düşür.
Cİ-nin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov, “Azərbaycanda ailə problemi demoqrafiya güzgüsündə” mövzusunda məruzə edib. E.Bədəlov Azərbaycanın şəhər və kənd ailələrinin vəziyyəti haqqında statistik məlumatları diqqətə çatdırıb, məruzəsində qeyri-qanuni nigaha daxil olmalar, gec evlənmələr, qızların erkən yaşda uşaq dünyaya gətirmələri, doğulacaq körpənin cinsinin əvvəlcədən təyin edilməsinin ziyanı, ailələrdə uşaqların sayının kəskin azalması və s. kimi məsələlərə toxunub. Çıxışının sonunda tədqiqatçı ailə problemlərinin daha dərindən öyrənilməsi, ailələrin iqtisadi, sosial-psixoloji vəziyyətlərinin mikro və makro səviyyədə araşdırılması üçün Ümumrespublika konfransı çağırılmasının məqsədəuyğun sayıldığını xüsusi olaraq vurğulayıb.
Cİ əməkdaşları - Qadınlar Şurasının sədri Luiza Salayeva, Həmkarlar Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev, c.ü.f.d. Natavan Cəfərova, a.ü.f.d. Tahirə Salmanova, kitabxana müdiri Şövqiyyə Məmmədova, AMEA Şərqşünaslıq İnstitutu Qadınlar Şurasının sədri Xanımzər Kərimova və başqaları tədbirdə müzakirə olunan müxtəlif ailə və məişət məsələlərinə öz münasibətlərini bildirib, təkliflər veriblər. Qeyd edilib ki, AMEA ziyalısı ətrafdakı hadisələrə biganə qalmamalı, problemlərin həlli üçün öz iştirakını əsirgəməməlidir. AMEA ətrafı ərazinin təmiz saxlanılmasını, yaşıllığın mühafizəsini, xoşagəlməz halların (ali təhsil müəssisələrinin tələbələri tərəfindən ərazinin idman meydançasına çevrilməsi və s.) aradan qaldırılması və AMEA işçilərinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə AMEA-nın əlaqədar qurumlarına müraciət olunması qərara alınıb.
Diqqəti çəkən təkliflərdən biri də Cİ-nin elmi işçisi Rəisə İsayevanın orta ümumtəhsil məktəblərində dərs yükünün çoxluğu ilə bağlı olub. Onun fikrincə, valideynlər dərs yükünün ağırlığından övladları ilə nə ailə-məişət məsələləri ətrafında müzakirələrə, nə də təbiət qoynuna istirahətə çıxmağa vaxt tapa bilmirlər.
AMEA Qadınlar Şurasının sədri prof. R.Mirzəzadə belə maraqlı, əhatəli tədbirin təşkilinə görə Cİ Qadınlar Şurasına, onun sədri L.Salayevaya minnətdarlığını bildirib və bu təşkilatın həmişə ən qabaqcıl, öndə gedən bir qurum olduğunu dilə gətirib. O eyni zamanda, geniş məzmunlu, maraqlı məruzəsinə görə E.Bədəlova da təşəkkürünü bildirib, verilən təkliflərin əhəmiyyətli və vacib olduğunu qeyd edib, gələcək tədbirə Təhsil Nazirliyi nümayəndəsinin də dəvət edilməsini məsləhət görüb. Şura sədri belə tədbirlərin davamlı olmasına ümid bəslədiyini bildirib.