Habil Haqverdiyevin 80 illik yubileyi qeyd edilib 2019-03-15 17:17:00 / YUBİLEYLƏR

AMEA akad. H Ə.Əliyev adına Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının sədri, Coğrafi informasiya mərkəzi istiqamətinin rəhbəri,  ömrünün 50 ildən artıq zamanını Coğrafiya İnstitutuna bağlayan, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Habil Haqverdiyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyi qeyd edilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  kollektiv adından yubilyarı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, ona can sağlığı, uzun ömür, elmi-təşkilati və ictimai fəaliyyətində uğurlar arzulayıb.  Səbəbkarın iş yoldaşları da onu təbrik edib, ürək sözlərini və xoş arzularını bildiriblər.

Yubilyar özü haqqında bu günədək heç kimə məlum olmayan maraqlı faktlarla çıxış edərək, İnstitut kollektivinə və rəhbərliyinə minnətdarlığını bildirib.

 

Habil Haqverdiyevin 80 illik yubileyi münasibəti ilə yubilyara unvanlanmış təbrik məktubunun mətni:

ƏZİZ  HABİL MÜƏLLİM!

 AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmağınızın 80, elmi-pedaqoji fəaliyyətinizin 55 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə  uzun ömür, möhkəm can sağlığı və çoxillik elmi yaradıcılığınızda bundan sonra da yeni-yeni nailiyyətlər arzulayırıq!

 Siz, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək coğrafiyaçı-bioloq ixtisası aldıqdan sonra taleyiniz bizim institutla bağlı olmuşdur. Belə ki, 1967-ci ildə İnstitutun landşaftşünaslıq şöbəsinə aspirant qəbul edilmisiniz! 1975-ci ildə  AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Kiçik Qafqazın şimal-şərq yamacında orta dağlıq relyefin landşaftın differensiasiyasına təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Eyni zamanda həmin ərazidə landşaftın asimmetrik xüsusiyyətlərini də ilk dəfə Siz öyrənmiş və onların elmi əsaslarını müəyyən etmisiniz.

Elmi tədqiqat işinizin əsas istiqaməti dağlıq ərazilərdə landşaftın struktur-ərazi differensiasiyasının relyefdən asılılığını, landşaftəmələgətirici amillərin qarşılıqlı təsirini öyrənməkdir və Siz bu sahədə öz sözünü demişsiniz!

Siz, 1984-cü ildən Coğrafiya İnstitutunda “Coğrafi fikir tarixi” şöbəsinə rəhbərlik edirsiniz. Həmin  dövrdən bəri “Azərbaycanda Coğrafi tədqiqatların tarixi”, “Azərbaycanda Coğrafiya elminin kadr potensialı”, “Coğrafi fikirlərin tarixi”, “Azərbaycanda iqlimşünaslıq elminin klassikləri” və s. mövzularda elmi  tədqiqat işləri aparmış, yüksək səviyyəli elmi hesabatlar vermisiniz. “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının ərsəyə gəlməsində sizin xüsusi əməyiniz olmuşdur ki, bu əsər coğrafiyaçı alimlərin və coğrafiya elminin təbliğində böyük rol oynayır. Siz bir çox elmi əsərlərin müəllifisiniz və coğrafiyanın nailiyyətlərinin kütləvi informasiya vasitələrində təbliğində də rolunuz böyükdür. Sizin həmçinin Beynəlxalq elmi əlaqələriniz kifayət qədər genişdir. Dəfələrlə İranda, Türkiyədə, keçmiş SSRİ məkanında Azərbaycanı, onun landşaftşünaslıq elmində qazandığı nailiyyətləri layiqincə təmsil etmisiniz.

Özünüzün zəngin elmi-təcrübi biliklərinizi  Azərbaycanın ali məktəblərində gənclərimizə yorulmadan böyük müvəffəqiyyətlə  aşılayır və kadr potensialının yetişməsinə böyük əmək sərf edirsiniz. Bununla yanaşı Siz ictimai işlərdə də fəallıq göstərirsiniz. Coğrafiya İnstitutunun Yerli Həmkarlar İttifaqının sədri kimi mühüm vəzifədə çalışır, daim əməkdaşların qayğısına qalır, onların mənafeyini müdafiə edirsiniz. Sizin rəhbərliyiniz ilə iki elmlər namizədi yetişmişdir. Bir çox dissertantların rəsmi opponenti olmusunuz. Uzun müddət coğrafiya institutunun (9 il) partiya təşkilat katibi, 25 il Yerli həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmısınız. 20 ildən çox respublikada seçki kompaniyası proseslərində fəal iştirak etmisiniz. 1984-cü ildən coğrafiya institutunda elmi şuranın  üzvüsünüz. Dəfələrlə müdriyyət tərəfindən mükafatlandırılmısınız. 2015-ci ildə elmi və ictimai-siyasi fəaliyətiniz nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  “Tərəqqi medalı” ilə təltif olunmusunuz.  

Hörmətli Habil müəllim! AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi, anadan olmanızın 80, elmi-pedoqoji fəaliyyətinizin 55 illiyi münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və bu gözəl həyatda daima var olmanızı arzulayır. Arzu edirik ki, həyatda  həmişə gümrah və sağlam olasınız!

 

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya

İnstitutunun direktoru, akademik                                 Ramiz Məmmədov