AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dos. İsmayıl Quliyev və həmin şöbənin baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov Ceyrançöl alçaq dağlığı ərazisində torpaq tədqiqatında olmuşlar.
10 günlük çöl ekspedisiyası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi əsasında "İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırılma və bu torpaqların keyfiyyətcə idarə olunma modelləri (Ceyrançöl timsalında)" mövzusu ilə əlaqədar təşkil olunmuşdur.
Ekspedisiya zamanı torpağın genetik qatları üzrə torpağın fiziki xüsusiyyətləri öyrənilmiş, torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilmişdir. Qoyulmuş torpaq kəsimləri əsasında kəsimlərin profili boyu morfoloji təsvir və analiz üçün nümunələr götürülmüşdür.