AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.ü.e.d. Əli Hüseynov “Hiper dövr (tsikl): coğrafi amillər və iqtisadi-sosial nəticələr” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında coğrafi amillərin iqtisadi-sosial inkişafa təsirləri, iqtisadi inkişafın coğrafi determinasiya məktəbləri, Hiper dövrün qeyri sinusoid inkişaf trayektoriyası, landşaftın coğrafi amil olaraq mentalitetə və onun da iqtisadi-sosial inkişafa təsirləri, Hiper dövrün ikinci durumunun proqnozlaşdırılması və Azərbaycan üçün əhəmiyyəti, Azərbaycanda coğrafi amillərin “insan kapitalının inkişaf əmsalı”na təsiri, “Xoşbəxtlik əmsalı” və onun Azərbaycanda coğrafi amillərlə bağlılıq səviyyəsi və s. məsələlərə toxunub. İqtisadçı alim qeyd edib ki, “Hiperdövr” “insan coğrafiyası” paradiqmasının daha da təkmilləşdirilməsinə az da olsa öz töhfəsini verə bilər.
Çıxışının sonunda iştirakçıların suallarını cavablandıran Ə.Hüseynov Coğrafiya İnstitutunun alimlərini elmi əməkdaşlığa və qarşılıqlı olaraq "İnsan coğrafiyası" mövzusunda məruzə etmək üçün İqtisadiyyat İnstitutuna dəvət edib.