Landşaftşünaslıq və landşaft planlaşdırılması akademik Ramiz Məmmədovun
coğrafiya elmində tədqiq etdiyi sahələrdən biridir. Hələ 2007-2008-ci illərdə
alim Almaniyanın Federal Təbiəti Mühafizə Cəmiyyətinin köməyi və maliyyə
dəstəyi ilə Cənubi Qafqazda landşaft planlaşdırılması mövzusunda qrant
layihəsinə rəhbərlik etmiş, bu sahədə tədqiqat işləri aparmışdır. O, Azərbaycan-
da ilk dəfə tətbiq edilmiş landşaft planlaşdırılması metodunun köməyi ilə
Şirvan Milli Parkı və onun ətraf zonasının təbii və sosial-iqtisadi şəraitini
öyrənmiş, milli parkın idarəçiliyi zamanı meydana çıxa biləcək konflikt
situasiyaların həlli üçün tövsiyələr hazırlamış, bütün ərazi üçün torpaqdan
müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələrini tərtib etmişdir.
Akademik Ramiz Məmmədovun “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı yeni kitabı çapdan çıxıb.
10 illik elmi-praktik işin nəticəsi olan və geniş elmi axtarışlara söykənən əsər landşaft planlaşdırılması mövzusunun, demək olar, bütün sahələrini əhatə edir. Coğrafiyaçı alim Avropa və Rusiya alimlərinin landşaftşünaslıq üzrə tədqiqatları ilə dərindən maraqlanmış, bu sahədəki qabaqcıl təcrübədən yararlanaraq onları Azərbaycan landşaftşünaslığında tətbiq etmişdir.
Avropanın inkişaf etmiş ölkələrində landşaft planlaşdırılması metodunu araşdıran akademik kitabında onun müqayisəli təhlilini aparır. O göstərir ki, landşaft planlaşdırılması müxtəlif ölkələrdə müxtəlif formada yerinə yetirilir. Məsələn, Niderlandın ətraf mühitin mühafizəsi haqqında xüsusi bir qanunu yoxdur, buna baxmayaraq, digər qanunların kamilliyi onun olmasına ehtiyacı heçə endirir. Fransa qanunvericiliyində landşaft planlaşdırmasının bütün sahələri və əraziləri əhatə olunmadığından, belə qərara gəlmək olar ki, burada landşaft estetik kateqoriya, peyzaj əhəmiyyəti daşıyır. Bu sahədə ən çox inkişaf etmiş, böyük təcrübəyə malik Almaniya isə landşaft planlaşdırılmasının hüquqi əsaslarını özündə birləşdirən federal qanuna malikdir. Bu sahədə uğurlar əsasən iqtisadi vəziyyətlə, maliyyə vəsaiti ilə müəyyən olunur. Vəsait ayrılan zaman landşaft planlaşdırılmasının konsepsiyası və təklifləri nəzərə alınsa o daha səmərəli istifadə olunar. Kitabın bu hissəsində landşaft və ərazi planlaşdırılmasının mahiyyəti və onların nədə faydalı olduğu açıqlanır,
R.Məmmədov Azərbaycanda landşaft planlaşdırılmasının vəziyyətini araşdırarkən, bu mövzuda qəbul olunmuş qanunların həyata keçirilməsini nəzərdə tutan mexanizmin və ya konkret bir proqramın olmadığını qeyd edir. Bildirir ki, buna baxmayaraq, Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar, dövlətin təbiəti mühafizəyə dair qəbul etdiyi qanunlar və davamlı inkişaf üzrə proqramlar, torpaq, su, meşə kodeksləri və normativ aktlar Azərbaycanda landşaft planlaşdırılmasının həyata keçirilməsinə zəmin yaradır.
Akademik Cənubi Qafqaz və Azərbaycan ərazisinin landşaft xüsusiyyətlərindən danışarkən burada geodinamik proseslərin katastrofik şəkildə çoxaldığını, meşələrin qırıldığını, təkrar şoranlaşma və bataqlaşma prosesinin getdiyini, külək və su eroziyalarının artdığını, torpaq ehtiyatlarının deqradasiyaya uğradığını,yay və qış otlaqlarında daha çox böhran vəziyyətinin yarandığını, canli təbiətin ayrı-ayrı növlərinin məhv olduğunu və s. qeyd edir.
Azərbaycanın landşaft xüsusiyyətlərini araşdıran tədqiqatçı alim ölkənin dağlıq və düzənlik landşaftları, torpaq və bitki örtüyü, heyvanlar aləmi haqqında maraqlı məlumatlar verir, davamlı inkişaf strategiyasının əsas prinsiplərini təyin edir, ona dair beynəlxalq sənədlərin mahiyyətini açaraq şərhini verir, bu yolda landşaft planlaşdırılmasının vacibliyini və yerini göstərir.
Daha sonra kitabda landşaft planlaşdırılmasının instrumenti, onun mahiyyəti, məzmunu, məqsədləri, mərhələləri və metodları araşdırılır, landşaft planlaşdırılmasında yeni meyllər, peşəkar kadrlar və interaktiv iştirak üçün yeni texnologiyaların əhəmiyyətindən söhbət açılır.
Metodik tövsiyələr verən coğrafiyaçı alim landşaft planlaşdırılmasının mərhələlərini inventarlaşdırma, qiymətləndirmə, ərazinin inkişafı üçün sahə məqsədlərinin işlənməsi və s. olaraq 5 hissəyə bölərək hazırladığı cədvəlin timsalında onların hər birinin anlamını verir. Son nəticədə mühafizə və inkişaf məqsədi üçün ayrılmış ərazi xəritələrinin hazırlanma texnologiyası verilir, ərazinin inteqrasiya olunmuş tədbirlər siyahısı və ünvan sahibləri göstərilir.
Kitabın əsas məqsədi sonuncu fəsillərdə açıqlanır. Şirvan Milli Parkı və ətraf ərazilərin landşaft planlaşdırılmasına həsr olunmuş hissədə model ərazisinin seçilməsinin əsasları və qısa təqdimatı verilir. Ərazinin bütün təbii komponentləri - biotoplar, torpaq şəraiti, iqlim və meteorologiya, hidrologiya və hidrogeoloji şərait, landşaft potensialı, sosial-iqtisadi şərait, torpaqdan müasir istifadə - inventarlaşdırılır və bunların hamısı əhəmiyyət və həssaslığına görə təhlil edilir. Landşaft planlaşdırılması üsulu ilə yeni yaradılmış Samur-Yalama Milli Parkının təbii və sosial-iqtisadi şəraitinin mövcud vəziyyəti qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, yeni texnologiyalardan istifadəyə həmişə üstünlük verən innovator alim “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı kitabını yazarkən GİS metodundan istifadə edərək xəritələr yaratmış, çoxlu sayda cədvəllər tərtib etməklə əsəri daha anlaşıqlı və oxunaqlı etmişdir.
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi şurasının qərarı ilə nəşr olunan bu kitab “Elm və Bilik” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunub.
İnanırıq ki, akademik Ramiz Məmmədovun 6 fəsil, 290 səhifədən ibarət bu əsəri ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün çox faydalı olacaqdır.
Xanım Rzazadə,
AMEA Coğrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
“Elm” qəzeti, 08 sentyabr, 2017-ci il