Elmi seminarın iclası 2015-10-22 23:16:00 / ELMİ İCLASLAR

Oktyabrın 21-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutunun Elmi Seminarının iclası keçirilib.

İclasda Paleocoğrafiya şöbəsinin elmi işçisi,  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın Leyptsik  Universitetində doktorantura pilləsi üzrə təhsil almış, dissertasiya müdafiə edərək təbiət doktoru elmi dərəcəsinə layiq görülmüş Elşən Abdullayevin   məruzəsi dinlənilib. “Cənubi Xəzərin qərb hissəsində Erkən Pleosen yaşlı gil mineralları və onların mənşəyi” adlı məruzəsində müəllif Cənubi Xəzərin qərb hissəsində quru sahədə olan kəsilişlərdən və dənizdə qazılan quyulardan götürülmüş süxurların tərkibində gil minerallarının və onların  birləşmələrinin  dərinlik, eləcə də sahə üzrə dəyişməsini  təqdid etmişdir. Həmin gil materiallara əsasən tətqiq edilmiş sahələrin qidalanmasının  paleomənbəyi bərpa olunmuş və onların mənbəyində Erkən Pliosen dövrü üçün səciyyəvi olan iqlim dəyişkənliyi öyrənilmişdir.

Cənubi Xəzərin qərb hissəsində Erkən Pleosen dövrünün süxurlari neftli qazlı horizont olduğundan onların gətirilmə mənbəyi xüsusi  maraq doğurur. Belə ki, Rus Platformasından Volqa çayı vasitəsi ilə gətirilən süxurlar daha yaxşı kollektor xüsusiyyətinə malik olduğu üçün onların yayılma sərhədlərinin öyrənilməsi vacibdir. Qidalanma mənbəyində baş verən iqlim dəyişkənliyi öz növbəsində çöküntü toplama prosesinə və çayların fəallığına öz təsirini göstərmişdir.

Böyük maraqla dinlənilən və müzakirə edilən məruzədən sonra akademik Ramiz Məmmədov belə bir fikir irəli sürüb ki, bu istiqamətdə tədqiqat işləri daha da genişləndirilməlidir. O həm də gələcəkdə İnstitutda bu istiqamətdə tədqiqat işləri aparmaq üçün müvafiq laboratoriyanın yaradılmasının vacibliyini də diqqətə çatdırıb.   O, qeyd edib ki, belə tədqiqatların aparılması üçün E.Abdullayevin yenidən Almaniyaya ezam edilməsi ümumi işin xeyrinə olardı. Eyni zamanda, məruzənin AMEA Yer Elmləri Bölməsinin Bürosunda dinlənilməsinin mümkünlüyü də diqqətə çatdırılıb.