Bölgə konfransları 2015-07-15 22:00:00 / MÜHÜM HADİSƏLƏR

COĞRAFİYA  İNSTİTUTU   70

Bölgə konfransları elmin aqrar islahatlarında gərəkli təcrübə olacaqdır

Azərbaycanda XX əsrin əvvəllərinə qədər, demək olar ki, ayrı-ayrı elm sahələrinin təkamülü, ardıcıl inkişaf tendensiyasının formalaşması prosesi coğrafi aspektdə yalnız təsviri və bəsit xarakter daşımışdır. Çünki o vaxtlar məkanımızın tarixi- coğrafi təkamülünü, milli mədəniyyətini, adət-ənənələrini ümumiləşdirən, onların reallığını əks etdirən nə milli kadrlarımız və nədə ki onları özündə birləşdirən xüsusi elm mərkəzi olmuşdur. Həqiqi sistemli elmi uğurlar yalnız 1937-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Coğrafiya Sektorunun yaradılması ilə bağlı həyata keçirilməyə başlanmışdır. Artıq 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması Azərbaycan elminin dünya elminə inteqrasiyasının əsasını qoydu. Hazırda Respublikamızın bütün elm ictimaiyyəti, elmsevər xalqımız bu tarixi günün yaranmasının 70 illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Böyük qürur hissi ilə deyə bilərik ki, 70 illik tarixi yaradıcılıq fəaliyyəti dövründə Azərbaycan elmi inkişaf etmiş, dünya elmlərinə layiqincə inteqrasiya olmuş və dünyanın qabaqcıl elm mərkəzlərindən birinə çevrilməyə çalışır. İndi Azərbaycan Milli Elmlər Akademiyasının ən önəmli və perspektiv vəzifələrindən birincisi dünya səviyyəli azərbaycanlı milli kadrların hazırlanması, bəşəriyyəti narahat edən sosial-iqtisadi problemlərin daha dərindən öyrənilməsi, regionlarımızın iqtisadi potensial ehtiyatlarının kompleks tədqiqatları və tətbiqi dəyərinin artırılması, coğrafi məskunlaşma və demokratik prinsiplərin yenidən işlənilməsi, qlobal səhralaşma və iqlim dəyişkənliklərinin kosmogenetik proqnozlaşdırılması və nəhayət, elmin bütün sahələrinin modernləşdirilməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının çoxsahəli tədqiqat strukturlarından biri də 1945-ci ildə yaradılmış, bu gün akademik Həsən Əliyevin adını daşıyan Coğrafıya Elmi-Tədqiqat İnstitutudur. Bu yaxınlarda Coğrafiya İnstitutunun yaranmasının 70 illik yubileyini qeyd etmək məqsədilə institutun bir qrup əməkdaşı respublikamızın Şamaxı, İsmayıllı, Qəbələ bölgələrinə yaradıcılıq yürüş təşkil etmişdir. Bu yürüşdə məqsəd Milli Elmlər Akademiyası və Coğrafiya İnstitutunun 70 illik formalaşması tarixi, milli kadr potensialının inkişaf dinamikası, həyatımızın ayrı-ayrı sahələrinin inkişafına verdiyi fundamental elmi-nəzəri və təcrübi töhfələri həmçinin müasir elmin prioritet istiqamətlərini yerlərdə insanlarımızla birgə araşdırmaqdan ibarət olmuşdur. Beləliklə, ilk konfransı qədim Şamaxı şəhərində keçirdik. İncəsənət Texnikumunda baş tutan tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları ilə bərabər rayon fəalları da iştirak edirdi. Öncə yerli icra hakimiyyətinin məsul nümayəndəsi qonaqları səmimi salamladı və konfransın işinə uğurlar arzuladı. Sonra Azərbaycan MEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək institutun yaranma tarixi və fəaliyyət göstərdiyi müddətdə aparılmış elmi axtarışlar və bu gündən sonra həllini tələb edən coğrafi problemlərdən geniş söhbət açdı. O daha sonra dedi; “Əziz şamaxılılar, bölgələrdə görüşlər, konfranslar keçirməkdə əsas istəyimiz təbiətini, təbii resurslarını, istehsalatını, istehsal qüvvələrini öyrəndiyimiz, tədqiq etdiyimiz elmi nailiyyətləri barədə həmvətəndaşlarımıza hesabat xarakteri daşıyır. Uğurlarımızı, iş prosesində əldə etdiyimiz nəticələri sizinlə paylaşmaq, sizin də arzu istəklərinizi, iradlarınızı eşitmək istəyirik. İndi biz özümüzün güclü milli kadr potensialına arxalanırıq. Hazırda təsviri və təhlili coğrafiya anlamına yer olmadığını, konstruktiv və planlaşdırma coğrafiyasına keçid mərhələsinin reallaşdığını nəzərinizə çatdırmaq istərdim”. Müasir coğrafiya elminin ən önəmli və prioritet vəzifələrindən biri ölkəmizdə davamlı iqtisadi inkişafın əsaslarını təşkil etmək üçün bölgələrdə coğrafı şəraitin kompleks qiymətləndirilməsində daha konstruktiv və tətbiqi metodlara nail olmaqdır. Bu məqsədlə tədqiqatlarımızda xüsusilə müasir landşaftların planlaşdırılması üçün yeni modernləşdirilmiş metod və prinsiplərə üstünlük verilir. Milli sərvətimiz olan neft, səxavətli Xəzər dənizinin ekocoğrafi problemləri, bəşəriyyəti narahat edən qlobal səhralaşmanın və iqlim dəyişmələrinin coğrafi mexanizminin öyrənilməsi məsələsi də həmişə aktual mövzular kimi diqqətdə saxlanılır. Nəhayət, Şirvan konfransının sonunda konkret Şamaxı bölgəsində su çatışmazlığına, insanların təbiətə çox vaxt mərhəmətsiz yanaşmaları, nəticədə təbii tarazlığın pozulması, aqrar istehsal sahələrinin ciddi antropogenləşməsi və s. problemlərin həllinə dair qarşılıqlı fikir mübadiləsi aparıldı. Konfrans Şamaxı bölməsi üzrə Şamaxı-Göylər kəndi marşrutu üzrə relyefin orogeomorfoloji quruluşunu və landşaftın struktur ərazi diferensiasiyasını yaxşı əksetdirən maraqlı çöl ekspedisiyası ilə başa çatdı. Növbəti konfrans toplantısını yaşıllıqlar diyarı İsmayıllıda davam etdirdik. İlk növbədə, Şamaxı-Basqal yolu boyu təbiətin yaratdığı əsrarəngiz gözəlliklər göz oxşayır, insanın həyata bağlılığını bir az da artırır. Coğrafi dildə desək, uca dağların sinəsinə naxışlanmış yaşıl landşaft qurşaqlarının şaquli zonallığı olduqca aydın seçilir. Dağların ətəyindən quru çöl landşaftları dağ meşələrinə keçir. Qədim Muğanlı-Basqal çökəkliyində uçqun və sürüşmələrin sayının getdikcə artdığını müşahidə edirik. Bu da həmin ərazilərdə yeni tektonik hərəkətlərin fəallığını və gilli- çökmə torpaqların sürüşməyə meyilli olduğunu göstərir. Uca dağların ətəyindəki qədim Basqal çökəkliyi yeni tektonik hərəkətlərin mərhələli inkişaf təkamülünün məhsuludur. Yüzilliklərin qədim tarixi abidəsi hesab olunan Basqalın tarixi coğrafiyası olduqca maraqlıdır. Basqal eyni zamanda respublikamızda həm misgərlik sənətinin və həm də ipəkçilik mədəniyyətinin beşiyi sayılır. Nəhayət, gözəl və ecazkar meşəli yollarla İsmayıllıya yaxınlaşırıq. Bu anda unudulmaz şairimiz Səməd Vurğunun “Talıstan” poemasında vəsf etdiyi Talıstan kəndinə yollanırıq. Yolboyu dağların yamacına naxışlanmış meşəliklər, onların həndəvərində durna qatarı kimi düzülmüş ağ evlər, meyvə bağları, çəmənliklərdə səpələnmiş qoyun quzular, tarixi Mingəçevir tikintisinin əmək qəhramanı Sarvanın doğma yurdunu daha da gözəlləşdirir. Bir azdan sonra əzəmətli Baba dağının ətəyində məskən salmış, daim abadlaşan İsmayıllıya çatdıq. İlk əvvəl İsmayıllının mərkəzində xalqımızın milli-qürur mənbəyi, dövlətçiliyimizin, gələcəyimizin yol göstərəni ulu öndər Heydər Əliyevin əzəmətli heykəlini ziyarət etdik, məhəbbət əlaməti olaraq heykəlin önünə gül dəstəsi qoyduq. Sonda ulu öndərin adını daşıyan mədəniyyət mərkəzində növbəti konfransımızı keçirdik. Rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqovun iştirakı ilə rayon nümayəndələri coğrafiyaçı alimləri olduqca mehriban, isti hisslərlə salamladılar. Hörmətli Mirdaməd müəllim əvvəlcə İsmayıllı rayonu, onun ümumi coğrafi mövqeyi və rayonun respublika daxilində aqroistehsal tutumunu, mövcud ekocoğrafı problemlərin həllində elmin köməyinə olan ehtiyacları, o cümlədən coğrafiyaçı kadrların çatışmazlığı və özlərinin idarəçilik, inzibatçılıqda gərgin işlərindən ətraflı danışdı. Mirdaməd müəllim peşəkar elm adamı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tarixi təkamülündən, məşhur elm korifeylərindən, onların milli dəyərlərindən və İsmayıllı rayonunda bilavasitə coğrafi tədqiqatlara olan ehtiyaclardan söz açdı. Yeri gəldikcə coğrafiya elminin aqrar təsərrüfatda müsbət rolundan danışdı və gələcək problemlərin həlli üçün öz tövsiyələrini bildirdi. İcra başçısının olduqca yığcam, lakonik elmi-aqrar söhbətləri onun vətəninə, xalqına, elmə, xüsusilə özünün vətənpərvərlik zəhmətinə bizdə sonsuz məhəbbət yaratdı. Xalqının milli dəyərini, vətəni qarşısında övladlıq öhdəliklərini dərk edən, mən deyərdim bu kimi klassik rəhbər kadrlara həmişə ehtiyacımız var. Ramiz Məmmədov ictimaiyyət qarşısında 70 ildə Coğrafiya İnstitutunun tarixi formalaşmasından, konkret müasir coğrafi tədqiqatların istiqamətlərindən, coğrafiyaçı alim kadr potensialının inkişaf tendensiyasından, müasir Xəzərin ekocoğrafi problemlərinin həlli yollarından konkret əyani vasitələrin müşayiətilə geniş söhbət açdı. Xüsusilə coğrafiya elminin bütün bəşəriyyəti narahat edən qlobal səhralaşmanın və qlobal iqlim dəyişkənliyinin coğrafi mexanizminə dair beynəlxalq tədqiqatlara qoşulmasını yada saldı. İnstitutun beynəlxalq coğrafi layihələrdə iştirakını Azərbaycan coğrafiya elminin uğurları saydı. Çıxışının sonunda Ramiz müəllim bir daha İsmayıllı rayonunda coğrafi problemlərin, xüsusilə İsmayıllı rayon ərazisində qrunt sularının aqrokimyəvi tərkibinin kompleks öyrənilməsi, içməli su şəraitinin yaxşılaşdırılması, təbiətin mühafizəsi və s. kimi coğrafi aspektlərin nəzərə alınmasını diqqətə çatdırdı. Sonra coğrafiya üzrə fəlsəfə doktoru H.Haqverdiyev, coğrafiya elmləri doktoru R.Qaşqay, coğrafiya elmləri doktoru Z.Eminov, AMEA-nın müxbir üzvü E.Əlizadə İsmayıllı rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq işlərindən, əhalinin coğrafi məskunlaşma prinsiplərindən, sosial-iqtisadi və aqrohidroloji ehtiyatlarından daha səmərəli istifadə olunması və elmin gələcəkdə təkmilləşməsindən qarşılıqlı söhbətlər apardılar. Xüsusilə İsmayıllı rayonunda tarixi-coğrafiyanın qədim izləri olan Lahıcın dünyada miskərlik mədəniyyətinin, Basqalın ipəkçilik sənətinin tanınması kimi coğrafi söhbətlər tarixi bir daha təzələdi. Konfransın sonunda akademik Ramiz Məmmədovun Coğrafiya İnstitutu adından rayon ictimaiyyətinə verilən yubiley xatirə hədiyyələri maraqla qarşılandı. Rayon ictimaiyyətinin nümayəndələrilə coğrafiyaçı alimlərin birgə əməkdaşlığını əks etdirən xatirə şəkillərinin çəkilməsi səyyar elmi yaradıcılıq görüşlərimizin uğurlu nəticəsi oldu. Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş yubiley konfransının yekun hissəsi Qəbələ rayonunda başa çatdı. Yeri gəlmişkən, vaxtilə keçmiş Sovet İttifaqının önəmli rəhbərlərindən birinin “Azərbaycan iri addımlayır” tarixi ifadəsi, həqiqətən, indi bütünlüklə müasir Azərbaycanın əsl çiçəklənməsi reallığını əks etdirir. Bütün bölgələrimizdə gündən-günə müasir milli quruculuq mədəniyyətinin artması insanların milli birlik abu-havası hər bir azərbaycanlıda şərəf və sevinc hissi yaradır. Xüsusilə Qəbələ şəhəri öz müasirliyi, yeni istehsal quruculuğu, sosial-iqtisadi və coğrafi zənginliyilə Avropa şəhərləri ilə müqayisə oluna bilər. Qəbələnin möhtəşəm otelləri, oradakı xidmət mədəniyyəti, istirahət güşələri, inzibati icraçılıq nəzarəti olduqca kompleks və konstruktiv keyfiyyətə malikdir. Bunları qurub yaradanlara, təminatçılara və özəlliklə məxsusi insanlara bütün kollektivimiz adından səmimi təşəkkürlərimizi bildiririk. 

c.ü.f.d. Habil Haqverdiyev

"Respublika" qəzeti, 2015, 07.11, № 148 (5309)