Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislərinin Beynəlxalq Yer Gününə həsr edilmiş “Yer kürəsinin ekoloji problemləri və ətraf mühitin mühafizəsi” mövzusunda elmi seminar-məşğələsi keçirildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının arzusu ilə coğrafiya və ekologiya sahəsində təhsil alan dəvət olunmuş tələbələr də seminarda iştirak edirdilər.
Coğrafiya İnstitutu GAMŞ-ın sədri, c.ü.f.d. Samirə Ələkbərova tədbiri giriş sözü ilə açaraq, əvvəlcə Şuranın gördüyü işlərlə iştirakçıları və qonaqları tanış etdi, GAMŞ-ın fəaliyyətini geniş əks etdirən videoçarxı təqdim etdi. Sonra S.Ələkbərova “Təbiət və ekologiya” mövzusunda məruzə ilə çıxış etdi. Sədr Beynəlxalq Yer gününün əhəmiyyəti və tarixi haqqında məlumat verərək bildirdi ki, artıq 30 ildir, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Bu gün maarifləndirmə tədbirləri ilə (sərgilər, mühazirələr, söhbətlər) yanaşı, həm də mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər də yığılır.
ADPU Tələbə Gənclər Təşkilatının sədri Bahar Tağıyeva öz tərəfindən çıxış edərək tədbir iştirakçılarına Təşkilatın fəaliyyəti barədə məlumat verdi. O, Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yüksək səviyyəli elmi seminar-məşğələ keçirdiyi üçün ADPU-nun iclasda iştirak edən bütün iştirakçıları adından minnətdarlığını bildirdi.
Sonra İnstitutun “Ekocoğrafiya” şöbəsinin doktorantı, kiçik elmi işçi Gülnar Hacıyeva “Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri” adlı məruzəsi dinlənildi. Gənc tədqiqatçı Azərbaycanın relyefi və onlara antropogen təsir barədə qısa məlumat verdi, Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının ekoloji problemləri və onların həlli yolları haqqında danışdı.
Daha sonra “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsinin kiçik elmi işçisi Rauf Əmənov “CİS mühitində coğrafi xəritələrin tərtib edilməsi təcrübəsi” mövzusunda məruzəsi ilə çıxış etdi.
Mövzular ətrafında gedən müzakirələrdə fəal iştirak edən Coğrafiya İnstitutunun gənc alimləri – c.ü.f.d. Z.İmrani, c.ü.f.d. N.Cəfərova, R.Əmənov, S.Abuşova, X.Hüseynova və digərlərinin səmərəli təkliflərlə çıxış etmələri seminarın daha maraqlı və cəlbedici keçməsinə səbəb oldu.
Sonda tədbir iştirakçıları İnstitutun doktoranturasında təhsil alan tələbələr, eləcə də gündəlikdə qoyulan mövzularla maraqlanan digər Universitet tələbələri üçün seminar və treninqlərin keçirilməsini məqsədəuyğun hesab etdilər.