Fevralın 25-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbir soyqırım qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İnstitutun direktoru akademik Ramiz Məmmədov Xocalı faciəsini Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandıraraq bildirdi ki, beynəlxalq hüquq qarşısında cavab verməli olan cinayətkarların nəinki azadlıqda qalmaları, hətta onların bəzi ölkələrin dövlət orqanlarında məsul vəzifələr daşımaları, beynəlxalq görüşlərdə yüksək tribunalardan səslərini ucaltmaları bir azərbaycanlı kimi onu sarsıdır. Akademik son illər Azərbaycan ictimaiyyətinin bu məsələdə fəallığının artmasını müsbət hal kimi qiymətləndirdi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etdi.
Sonra İnstitutun əməkdaşı Həlimə Əhmədzadə hazırladığı Xocalı hadisələrinə həsr olunmuş məruzə ilə çıxış etdi.
Yığıncaqda iştirak edən BDU-nun coğrafiya kafedrasının müəllimi, eləcə də Coğrafiya İnstitutunun dissertantı, Qarabağ hadisələrinə həsr olunmüş onlarla kitabın müəllifi Nazim Tapdıqoğlu çıxış etdi. Həmin hadisələr haqda geniş məlumata malik olan çıxışçı faktlarla danışdı, Xocalı faciəsinin əsas səbəbkarlarının, indi də vəzifə başında oturan canilərin adlarını sadaladı. Eyni zamanda, N.Tapdıqoğlu ilk olaraq Xocalı dəhşətlərini dünya ictimaiyyətinə çatdıran 5 nəfər xarici jurnalistin - Rori Patriks (İngiltərə), Ahmet Seh (Türkiyə), Viktoriya İvleva ("Moskovskiye Novosti"), Stefan Bentura və Florens Devid (Fransa), eləcə də bizim mərhum Çingiz Mustafayevin də adını çəkməyi özünə borc bildi.
AMEA-nın müxbir üzvü, f/r.e.d. R.H.Qardaşov, c.ü.f.d. H.T.Haqverdiyev, c.e.d. X.K.Tanrıverdiyev, k/t.ü.f.d. Ə.A.Əliyev, c.ü.f.d. Q.M.Səmədov çıxış edib bildirdilər ki, xalqımıza qarşı yönəlmiş bu faciə, nəinki təkcə Azərbaycana, bütün bəşəriyyətə, mütərəqqi dəyərlərə, əxlaq normalarına, insanlığa, beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid aktıdır və o mütləq beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymətini almalıdır.
Akademik Ramiz Məmmədov yığıncaq iştirakçılarının ümumi fikrini bildirərək İnstitut adından Xocalı soyqırımı ilə bağlı bəyənnamə hazırlanmasını zəruri hesab etdi.