Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə 2015-ci il fevralın 18-də keçirilən İnstitutun Elmi Şurası ilə Elmi Seminarının növbəti birgə iclasında bir neçə məsələ müzakirə olundu.
İctimai televiziyanın əməkdaşı, eyni zamanda, Coğrafiya İnstitutunun dissertantı Natiq Qubadoğlu çapa təqdim etmək üçün Ənvər Çingizoğlu ilə birgə yazdıqları «Azərbaycanın tarixi yurdlarının coğrafiyası» kitabı haqqında məruzə etdi. N.Qubadoğlunun dediyinə görə, kitabı yazmaqda əsas məqsəd Cənubi Qafqaz ərazisindəki qədim yer adlarını araşdırmaqla həmin yaşayış məskənlərinin azərbaycanlıların qədim yurd yerləri olduğunu sübuta yetirməkdən ibarətdir. Əsərdə müəlliflər qədim ərəb, fars, gürcü, hətta erməni mənbələrinə istinad edərək üzdəniraq qonşularımızın mənimsəyərək özününküləşdirməyə çalışdıqları toponimləri, hətta yer üzündən silinmiş qədim türk adlarını tədqiq etmiş, mənasını açıqlamağa çalışmışlar.
Məruzəçi bir neçə misal çəkərək “artsax” sözü üzərində xüsusi olaraq dayandı: “İlkin orta əsr yazı qaynaqlarına görə Artsax Qafqaz Albaniyasının ən mühüm əyalətlərindən biri olub. Bu əyalətin ərazisi qərbdə Həkərə çayı və Qarabağ silsiləsinin ətəklərinədək, Şimalda isə Murov silsiləsinə qədər olan ərazini əhatə edirdi. Hal-hazırda əyalət Qarabağın dağlıq hissəsinə daxildir. Artsax əhalisi ərəblərdən sonra xristianlığı qoruyub saxlaya bilib və ermənilərin təsirinə düşərək assimilyasiyaya uğrayıb. Əslində “artsax” sözünün (artsaxın) ermənilərlə heç bir əlaqəsi yoxdur. “Artsax” türkcə “art” və “sak” sözlərindən ibarət olub dağlıq ərazi, yüksəliş, yəni “saklara məxsus dağlıq ərazi” mənalarını verir.
İclas iştirakçıları əsərin ictimaiyyət üçün maraq kəsb etdiyini və əhəmiyyətini vurğuladılar, eyni zamanda, məruzəçiyə kitabla bağlı irad və təkliflərini də bildirdilər.
İclasın sədri R.Məmmədov müzakirələrə yekun vuraraq kitabın adında dəyişikliyə ehtiyac olduğunu, ikinci müəllifi də dəvət edərək məruzəni adların göstəricisi və xəritələrin müşaiyətilə təqdimat şəklində qurmağın vacibliyini diqqətə çatdırdı.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Coğrafiya İnstitutunun 70-illik yubileyinə həsr olunmuş tədbirlərə hazırlığın gedişi barədə məlumat verdi. Bildirdi ki, İnstitutun 70 ildə əldə etdiyi elmi nailiyyətləri əks etdirən kitabın hazırlanması üçün hər şöbə öz sahəsinə aid materiallar təqdim etməlidir. Eyni zamanda o, yubiley münasibətilə keçiriləcək konfrans materiallarının toplanmasının, ölkənin nüfuzlu qəzetlərində silsilə məqalələrin çapının, televiziya kanallarında verilişlərin hazırlanmasının da vacib məsələlərdən olduğunu diqqətə çatdırdı.
Sonra yubileylə əlaqədar Azərbaycan Coğrafiya Cəmiyyətinin «Coğrafiya və təbii resurslar» jurnalının çapa təqdim olunması haqqında məsələ müzakirə olundu, jurnalın tərtibatı və çapı ilə bağlı irad və təkliflər bildirildi.
İnstitutun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin aparıcı elmi işçisi İmrani Zaur Tahir oğlunun coğrafiya ixtisası üzrə dosent elmi adı almaq üçün sənədlərini İnstitutun Elmi Şurasına təqdim etməsi barəsində Elmi Şura üzvlərinə məlumat verildi. Elmi şura Z.İmraninin bacarıqlı, daim öz üzərində işləyən elmi işçi olduğunu nəzərə alaraq, ona dosent elmi adının verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul etdi.
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə BDU-nun coğrafiya fakültəsi arasında əlaqələri daha da möhkəmlətmək məqsədilə BDU-nun coğrafiya fakültəsinin dekanı, c.e.d., professor Fərda Əli oğlu İmanovun Coğrafiya İnstitutu Elmi Şurasına üzv seçilməsi haqqında da qərar qəbul olundu.