AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Rauf Hüseynov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada biomüxtəliflik - SEAB 2023” adlı VI beynəlxalq simpoziumda iştirak edib.
Rauf Hüseynovun “Vegetation change detection using remote sensing and GİS – on the examle of Qubadli district” (Məsafədən zondlama və GİS vasitəsilə bitki örtüyü dəyişikliklərinin aşkarlanması (Qubadlı rayonu timsalında) adlı məqaləsi konfrans materiallarında dərc edilib. İşğaldan azad olunmuş Qubadlı rayonu ərazisində bitki örtüyündə baş vermiş dəyişikliklərdən bəhs edilən məqalədə işğal müddətində Qubadlı rayonunda 1992-ci ilə nisbətən 2022-ci ildə çox şiddətli deqradasiyaya uğramış ərazilərin sahəsinin 12,37 % (9841,312 ha) artdığını, fon səviyyədə deqradasiyaya uğramış ərazilərin sahəsinin 3,05 (2442,092 ha) azaldığı qeyd edilir. Bununla yanaşı, bitki ekosistemlərinin normal inkişafı üçün optimal bioiqlim parametrləri müəyyən edilmiş, dəyişikliyin aşkarlanması analizi əsasında transformasiya istiqamətləri sahələr üzrə hesablanmışdır. Həmçinin nəticələrin dəqiqləşdirilməsi məqsədilə vegetasiya sağlamlıq indeksindən (VHİ) istifadə etməklə, ekosistemlərin quraqlıq stressinə məruzqalma dərəcəsi öyrənilmişdir.