Avropa Komissiyası və AMEA tərəfindən Bakıda Horizon Avropa həftəsinə start verilib 2023-10-02 15:03:00 / MÜHÜM HADİSƏLƏR

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Bakıda növbəti “Horizon Avropa” həftəsinə start verilib.

AK-nın Avstriyadan olan eksperti Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən ilk olaraq Horizon Avropa Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri üçün 1 günlük təlim keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva açaraq cari ilin fevral ayında keçirilmiş təlimlərdən sonra MƏŞŞ üzvləri tərəfindən Azərbaycanın müxtəlif qurumlarında təşkil edilmiş məlumat günləri və seminarlar, onların nəticələri haqqında məlumat verib. Bildirilib ki, təlimlərin nəticəsi olaraq MƏŞŞ üvzləri fəaliyyət göstərdikləri klasterlər üzrə çağırışları, işçi proqramlarının mövzularını daha professionallıqla geniş auditoriyanın diqqətinə çatdırıb, bu Proqramla əlaqəli maariflənmə üzrə sistemli fəaliyyət həyata keçirilib. 

AK-nın Tədqiqat və İnnovasiya üzrə Baş direktorluğunun Avropaya Qonşuluq Siyasəti ölkələri üzrə Qrup rəhbəri Silvia Bojinova onlayn formatda tədbirə qatılaraq, Horizon Avropa Proqramı üzrə yeniliklər, nailiyyətlər və çətinliklər haqqında məlumat verib, bu istiqamətdə Şərq Tərəfdaşlığı ölkələri üçün təşkil edilən bu təlimlərin əhəmiyyətini vurğulayıb. Məruzəçi ekspertlərə və MƏŞŞ üzvlərinə uğurlar arzulayıb və əməkdaşlığın genişləndirilməsi və Azərbaycan alim və mütəxəssislərinin Proqramda fəal iştirakı üçün təkliflərini diqqətə çatdırıb.

Qorazd Veis və Bruno Mourenza tərəfindən təlimlər nəzəri və praktik əsaslarla təşkil edilib, MƏŞŞ üzvləri ilə interaktiv müzakirələrə geniş yer ayrılıb, mövcud və ya elan ediləcək çağırışlar üzrə müraciət tələbləri konkret nümunələr üzərində nəzərdən keçirilib.

Qeyd edilməlidir ki, MƏŞŞ Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Nazirlik nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsi, Dövlət Gömrük Komitəsinin Akademiyası və hospitalı, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alim və mütəxəssislərindən təşkil edilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Şəbəkənin koordinatorudur.

https://science.gov.az