Torpaqşünas alim İsmayıl Quliyevin 70 yaşı tamam olub 2023-09-07 15:03:00 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, Aqrar üzrə fəlsəfə doktoru İsmayıl Quliyevin  70 illik yubileyi qeyd edilib.

İnstitutun baş direktor vəzifəsini icra edən, c.e.d. Zakir Eminov və yubilyarın digər həmkarları bu münasibətlə İnstitut kollektivi adından yubilyarı təbrik edib, ona can sağlığı, gələcək elmi fəaliyyətində böyük uğurlar arzulayıb. 

İsmayıl Quliyev öz növbəsində, İnstitut rəhbərliyinə və kollektivinə  ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Yubilyara ünvanlanmış təbrik məktubunun mətnini təqdim edirik:

 

HÖRMƏTLİ İSMAYIL MÜƏLLİM!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmanızın 70 və çoxillik elmi-təhsil yaradıcılığınız münasibətilə səmimi qəlbdən təbrik edir, sizə bundan sonrakı ömür coğrafiyasında daha layiqli və səmərəli yaradıcılıq fəaliyyəti arzulayır.

 

Hörmətli İsmayıl müəllim!

Sizin ömür salnamənizin tarixi yaradıcılıq fəaliyyəti olduqca məhsuldar və gənclik mərhələsinə daxildir. Ömrünüzün ilk addımları həqiqətən doğulduğunuz Yenikənd kənd orta məktəbində coğrafiya elminin tədrisi ilə bağlı olmuşdur. Lakin 1980-cı illərdən sonrakı mərhələ isə Azərbaycan MEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunda elmin daha yüksək fikir və ideyalarla zənginləşməsinə həsr olunmuşdur. Yəni 1987-ci ildə tanınmış ictimai dövlət xadimi və klassik torpaqşünas akad.H.Əliyevin rəhbərliyi sayəsində «Kiçik Qafqazın cənub-şərq hissəsinin suvarılan torpaqlarının dağ-mədən sənaye tullantıları ilə çirklənməsi» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə tamamlamısınız. Nəticədə gənc elmlər namizədi şərəfli ada layiq görülmüsünüz. Artıq 20 ilə yaxındır «Azərbaycanın torpaq ehtiyatları coğrafiyası» şöbəsinə layiqincə rəhbərlik edirsiniz. Əlbəttə bunun özü də mahiyyətcə sizin üçün həm şərəfdir, həmdə fərəhdir. Sonrakı elmi-tədqiqat fəaliyyətiniz bilavasitə dinamik olaraq  Azərbaycanda torpaq örtüyünün deqradasiyası, bərpası və mühafizəsi ilə bağlı olmuşdur. Bunların özü də müasir coğrafiya elminin aktual problemlərindən biridir. Bu barədə yüksək səviyyəli elmi hesabatlarınız həqiqətən diqqətə layiqdir.

Əziz İsmayıl müəllim!

Yaradıcılıq mərhələlərində dövrü olaraq keçmiş sovet dönəmində keçdiyiniz bir sıra elmi - təcrübə mübadiləniz həmişə uğurlu nəticələrlə yekunlaşmışdır. Həmin elmi-tədqiqat mərkəzlərindəki elmi nəzəri yenilikləri çalışmısınız ki, özünüzün elmi metodiki təcrübənizə tədbiq edəsiniz. Yəni coğrafiya elminə və torpaqların coğrafiyasına dair  dünya  elmi Yeniliklərini təbliğinə nail olmusunuz. Sevindirici   haldır ki sizin elmi yaradıcılığınızı əks etdirən 100-dən çox yazılarınız nəşr olunmuşdur. Bu məqalələrin bir bir qismi xarici ölkələrdə çıxan jurnal və konfrans materiallarında nəşr olunmuşdur. Həmçinin sizin «Ümumi torpaqşünaslıq torpaq coğrafiyası» adlı dərs vəsaiti, metodiki təlimləri və digər proqramlarınızda gələcək coğrafiyaçı kadrların hazırlanması üçün qiymətlidir.

Hörmətli İsmayıl müəllim!

Siz hərdən yeri gəldikcə  poeziya cələnginədə söykənirsiniz. Vətənimizi, məhəbbətimizi, təbiətimizi poetik mənzərədə canlandırırsınız.

Dahi Səməd Vurğun demişkən:

Bu çoban torpağının oğlusan səndə

Az-az uydurursan yeri gələndə

 

Böyük Hörmətlə,

Respublika Elm Təhsil Nazirliyi

akad.H.Əliyev adına Coğrafiya

İnstitutunun baş direktoru c.e.d.                                Z.Eminov

 

 

İn-tut HT-nın sədr c.ü.f.d.                                          H.Haqverdiyev