Professor Səid Səfərovun 70 yaşı qeyd edilib 2023-05-04 17:44:00 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Səid Səfərovun 70 illik yubileyi qeyd edilib.

İnstitutun baş direktor vəzifəsini icra edən, c.e.d. Zakir Eminov və yubilyarın digər həmkarları bu münasibətlə İnstitut kollektivi adından yubilyarı təbrik edib, ona can sağlığı, gələcək elmi fəaliyyətində böyük uğurlar arzulayıb. 

Professor S.Səfərov  öz növbəsində, İnstitut rəhbərliyinə və kollektivinə  ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Yubilyara ünvanlanmış təbrik məktubunun mətnini təqdim edirik:

 

Hörmətli Səid müəllim!

AR Elm və Təhsil Nazirliyinin akad.H.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi anadan olmanızın 70 və elmi fəaliyyətinizin 30 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, bundan sonrakı ömür coğrafiyasında daha böyük nailiyyətlər, uğurlu yaradıcı fəaliyyət arzu edir.

Uzun illərdir ki, Siz  akad. H.Əliyev adına Coğrafiya İnstitutunda elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olursunuz. Çoxillik elmi yaradıcılıq mərhələsində həqiqətən coğrafiya elminin iqlimşünaslıq, xüsusilə doluşünaslıq sahəsində yaddaqalan yeni fikir və ideyaların müəllifisiniz. Həmçinin bu müddət ərəfələrində respublikamızın ayrı-ayrı bölgələrində, müasir Milli Hidrometeorologiya Xidmətləri Mərkəzində, təcrübə -sınaq poliqonlarında rəhbər vəzifələrdə layiqlə çalışmısınız. Müvafiq elmi nəticələrlə elmimizə və xalqımıza lazımi xidmət göstərmisiniz. Bunların hamısı Sizin şəxsinizdə vətənimizə və elmimizə göstərilən vətəndaşlıq sevgisi və məhəbbətinin rəmzidir.

Hörmətli  Səid müəllim, 2018-ci ildən yaradıcılıq salnamənizin sonrakı ömür coğrafiyasını  Coğrafiya İnstitutu ilə bağlamısınız. Çoxillik yaradıcılığınızın nəticəsi olaraq coğrafiya üzrə fəlsəfə doktoru və coğrafiya elmləri doktoru elmi dərəcəsini qazanmışınız.  Bunlar da özlüyündə müasir Azərbaycan elminin inkişaf dinamikasında və milli kadr potensialının hazırlanmasında həqiqətən həm şərəfdir, həmdə fərəhdir.

Siz 20 ildən çoxdur ki, Respublikamızın tanınmış ali təhsil ocaqlarında özünüzün bilik və bacarığınızı gənclərimizə öyrədirsiniz. O da xoşdur ki, Siz Respublikamızda radiolokasiya meteorologiyası və atmosfer proseslərinə təsir işləri üzrə yeganə mütəxəssissiniz.

Siz 100-dən artıq elmi məqalə, 1 monoqrafiya, ali məktəblər üçün dərs vəsaiti və bir sıra metodiki vəsaitin, o cümlədən «Azərbaycan ərazilərində doluya qarşı mübarizə» metodik vəsaitin müəllifisiniz.

Əziz Səid müəllim!

Bu tarixi yaddaş günü münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik, sizə uzun ömür, cansağlığı və yeni-yeni elmi nailiyyətlər arzulayırıq.

 

 

Hörmətlə,

AR Elm və Təhsil Nazirliyi

akad.H.Əliyev adına Coğrafiya

İnstitutunun baş direktoru, c.e.d.                                    Z.Eminov

 

İnstitut Hİ-nın sədri c.ü.f.d.                                            H.Haqverdiyev

 

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024