Cİ-nin İrəvan quberniyasına həsr olunmuş kitabı nəşr edilib 2023-03-30 13:36:00 / YENİ NƏŞRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri” adlı yeni nəşri dərc edilib.

Qarabağ və Şərqi Zəngəzurun azad edilməsinə həsr edilmiş dərginin   nəşri 31 Mart – Azərbaycanlıların soyqırımı gününə təsadüf edib.  Kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Zaur İmrani və Şamil Əzizovdur.

Məqalələr toplusundan ibarət kitabda Azərbaycanın əzəli torpaqları olan İrəvan quberniyasında əhali sayının dəyişməsi, bu prosesdə onun milli tərkibində baş verən dəyişikliklər, Azərbaycan türklərinin əhali arasında sayının tədricən azalması, quberniyanın türk mənşəli toponimlərinin tədricən dəyişdirilməsi istiqamətləri təhlil olunur. Kitab əhali coğrafiyası, tarixi demoqrafiya və toponimika ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq və mövzunun aktuallığını, oxucu kütləsinin geniş marağını nəzərə alaraq kitabın sonuncu səhifəsini diqqətinizə çatdırırıq.

NƏTİCƏLƏR

Toponimiyanın inkişafı cəmiyyətin inkişaf dinamikası ilə sıx bağlıdır. Coğrafi adlar olmadan sivilizasiyanı, xalqlar və ölkələr arasındakı əlaqələri təsəvvür etmək olmaz. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində əsrlərlə mövcud olmuş türk-Azərbaycan mənşəli toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi cinayət və xalqımızın tarixinə zərbədir. Toponimik araşdırmalar sübut edir ki, indiki Ermənistan ərazisinin toponimiyası Azərbaycan toponimiyasının tərkib hissəsi olub və ümumtürk toponimiyasının bir hissəsini təşkil edir.

Son iki erməni-azərbaycanlı müharibəsi (1988-1993 və 2020-ci illər) haqqında çox danışıb-yazırlar, lakin biz unutmamalıyıq ki, iki respublikanın qarşıdurması keçən əsrin əvvəlindən, yəni yüz il əvvəl başlanmışdır. Bu müddət ərzində ermənilər öz əsas məqsədlərinə (azərbaycanlıları məhv etmək, qovmaq yolu ilə onların ərazilərini zəbt etmək) çatmaq üçün yeddi dəfə elan olunmayan müharibəyə başlamışdılar: 1) 1905-1906-cı illər;  2) 1914-1917-ci illər; 3) 1918-ci il; 4) 1919-cu ilin may-iyun ayları;  5) 1920-ci ilin sonu;  6)1988-1993-cü illər; 7) 2020-ci ilin sentyabr- noyabr ayları.

Qərbi Azərbaycan Rusiya imperiyasının həyata keçirtdiyi əhalinin xristianlaşdırılması siyasətinin nəticəsində Azərbaycan türklərinin XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərində öz tarixi torpaqlarından 8 dəfə kütləvi deportasiyaları baş vermişdir. İki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan müstəmləkəçilik siyasətinin nəticəsində azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. Yalnız XX əsr ərzində iki milyon Azərbaycan türkü indiki Ermənistandan - Qərbi Azərbaycandan, tarixi-etnik torpaqlarından qovulmuşlar.

Ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən XVIII əsin əvvəlindən başlamışdır. Bu məqsədlə rus çarı 10 noyabr 1724-cü il tarixli Ali sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edirdi.

I Pyotrun ermənilərlə əlaqədar siyasəti II Ekaterina, sonralar imperatorlar I Aleksandr və I Nikolay tərəfindən davam etdirilmişdir. 21 mart 1828-ci il tarixində I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının yerində yeni yaradılmış Erməni vilayətinin tərkibinə daxil olan 1111 kənddən yalnız 62-sində ermənilər yaşayırdı. Bunlardan isə yalnız 14 kəndin adı erməni mənşəli idi.

İndiki Ermənistan ərazisində XIX əsrin ortalarında mövcud olmuş 2310 yaşayış məntəqəsindən 1750-sinin adı zaman-zaman dəyişdirilmişdir. Son iki yüz il ərzində azərbaycanlıların yaşadığı minə yaxın kənd tamamilə dağıdılmış və iki milyon soydaşımız qətlə yetirilmişdir. XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri Qərbi Azərbaycanda, işğal olunmuş ərazilərdə və xəritələrdə kütləvi şəkildə Azərbaycan-türk mənşəli coğrafi adların dəyişdirilməsinə və erməniləşdirilməsmə başladılar. Ümumilikdə, türk etimologiyasına aid 15 mindən çox coğrafi ad (toponimlər) “toponimik soyqırıma” məruz qaldı.

Rusiya imperiyasının layihəsi kimi yaradılan kvazidövlət Ermənistanda ermənilər azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçmiş və millətçilik, qatı şovinizm siyasətini müxtəlif kartoqrafik mənbələrə də (xəritə, atlas) köçürmüşlər. Onlar nəzərə almırlar ki, indiki Ermənistanda Azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafi xəritələrdən silib atmaq mümkün deyil. Məsələn, rus hərbi topoqraf-xəritəçilər tərəfindən tərtib və nəşr olunan “Qafqaz hərbi dairəsinin 1903-cü ilin hərbi-topoqrafik xəritəsi” olduqca zəngin informasiyaya (məzmuna) və Ermənistanın əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Onun əsasında nəşr olunmuş “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən çıxarılmış oykonim, oronim və hidronimlərin siyahıları göstərmişdir ki, indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq çoxluğu (80-90%-dən çoxu) Azərbaycan mənşəlidir. Digər kartoqrafik əsərdə - "Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi”ndə  (Leninqrad, 1931) toponimlərin dil mənsubiyyətinə görə statistik paylanması (Azərbaycan-türk mənşəli adlar 78,0%, erməni mənşəli adlar 3,4%, digər mənşəli adlar 18,6%) müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyətinin Azərbaycan-türk mənşəli olduğunu bir daha təsdiq edir.

Azərbaycan xalqına qarşı təcavüzkar siyasət XVIII əsrin əvvəlindən fasiləsiz olaraq davam etməkdədir. Üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə vandalizm münasibətinin təşkil olunmasına baxmayaraq, Azərbaycan xalqı mübarizə aparır, yaşadır-yaradır və daim inkişaf edir.

Vətən müharibəsində (2020-ci il) əldə olunmuş Zəfər Azərbaycan xalqının məqlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydm oldu ki, erməni millətçi-şovinistlərinin həyata keçirmək istədiyi “miatsum” (“birləşdirmə” - Qafqazda yaşayan ermənilərin bir dövlətdə birləşdirilməsi) millətçi ideyası və “Böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək.

10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni miflərini tarixin zibilliyinə atdı.