Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış “Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şura"nın Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Təhsil və Elm Nazirliyinin, Coğrafiya İnstitunun təşkilatçılığı ilə XVII elmi sessiyası keçirilmişdir.
9-14 sentyabr 2013-cü il tarixində MDB ölkələrinin Coğrafiya, Təbii Ehtiyatlar, Ekologiya və s.istiqamətli elmi-tədqiqat institutlarının rəhbərləri və aparıcı alimlərinin iştirakı ilə keçirilən iclaslarda müzakirə olunan problemlər 4 istiqamətdə qruplaşdırılmışdı. Akademik V.M.Kotlyakovun (RF) sədrliyilə “Təbii-dağıdıcı hadisələrin aşkar olunması, xəritələşdirilməsi və xəbərdarlıq edilməsi” mövzusunda aparılan müzakirələrdə daha çox qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal hadisə və proseslərə aid məruzələr dinlənilmişdir. Mütəxəssislər arasında daha geniş müzakirəyə “dağlıq rayonlarda təhlükəli ekzogen proseslərə” (sədr: akademik L.Q.Rudenko, Ukrayna) həsr olunmuş elmi məruzələr səbəb oldu. Daha dinamik geosistemlərə malik dağlıq ərazilərdə təbii fəlakətlərə səbəb olan təhlükəli geodinamiki proseslərin – sel, daşqın, sürüşmə, uçqun, zəlzələ və s. yaranması, baş vermə sürətinin, miqyasının, tezliyinin artması, onların qarşısının alınması kimi məsələlər diqqətlə araşdırıldı.
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları AMEA müxbir üzvü, tex.e.d., professor R.M.Məmmədovun və c.e.d. E.K.Əlizadənin “Alp-Himalay tipli dağ geosistemlərində təbii-dağıdıcı hadisələrin aşkar olunmasının və qarşısı alınmasının coğrafi məsələrləri”nə həsr olunmuş birgə məruzələrində ölkəmizin dağlıq ərazilərində bu hadisələrin inkişaf dinamikası, yayılma qanunauyğunluqları, təhlükəlilik dərəcələri və s.geniş illüstrativ materiallarla, elmi əsaslarla ətraflı şərh edildi.
Növbəti gündə keçirilən müzakirələrdə isə əsasən “Ekstremal təbii hadisələrin sosial-iqtisadi nəticələri” (sədr: - akademik V.F.Loginov (Belorusiya) və “Ekstremal hidroloji hadisələr və səhralaşma problemi” (Sədr: Qzaxıstan EA-nın müxbir üzvü A.R.Medeu) kimi vacib elmi məsələlər geniş müzakirə edildi. Burada xüsusilə Qazaxıstan Coğrafiya İnstitutunun əməkdaşı c.e.d., prof. F.J.Akiyanovanın “Qazaxıstanda səhralaşma problemi və ərazi təşkilinin xüsusiyyətləri” mövzusunda çox dərin məzmunlu böyük elmi-praktik əhəmiyyətli məruzəsini qeyd etmək lazımdır.
Belə yüksək səviyyəli konfransda ilk dəfə olaraq gənc tədqiqatçı alimlərin də iştirakını təmin etmək məqsədi ilə xüsusi “stend məruzələr” də təşkil olunmuşdu. AMEA Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşı, c.e.n. İ.Y.Kuçinskayanın “Böyük Qafqazda landşaft-ekoloji vəziyyətin dəyişilməsi dinamikası (Azərbaycan daxilində)” mövzusunda “stend məruzəsi” də mütəxəssislərin diqqətin cəlb etdi.
Çox geniş tərkibdə - digər ölkələrdən gəlmiş 50-dən artıq görkəmli alimlərin və 100-ə yaxın yerli mütəxəssislərin iştirakı ilə keçirilən konfransdan sonra Coğrafiya İnstitutunun fəaliyyəti haqqında İnstitutun direktoru, prof., Qazaxıstan EA-nın müxbir üzvü A.R.Medeunun məruzəsi və institutun 2500 m. yüksəklikdə təşkil olunmuş kompleks stasionarı ilə tanışlıq qazaxıstanlı həmkarlarımızın həm təchizat, həm də elmi tədqiqatların təşkili sahəsində çox böyük uğurlar qazandıqlarını göstərdi.
c.e.d. E.K.Əlizadə