Cİ əməkdaşının demoqrafiya mövzusunda məqaləsi nüfuzlu dərgidə çap edilib 2022-04-19 14:08:00 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun”  Demoqrafiya və əhali coğrafiyası  ” şöbəsinin doktorantı Tural Bayramovun “Динамика сельского населения и расселения в Губа-Хачмазском экономико-географическом регионе”  (“Quba-Xaçmaz İqtisadi-Coğrafi Rayonunda kənd əhalisinin və məskunlaşmanın dinamikası”) adlı məqaləsi “Web of Science” bazasında indeksləşən, impakt faktorlu “Geography and natural resources” jurnalında dərc olunub. (https://www.sibran.ru/journals/issue.php?id=183635)

Məqalədə 1989-2019-cu illər üzrə Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun kənd əhalisinin sayında və xüsusi çəkisində artım dinamikası təhlil edilib. Kəndlərdə aparılan sosioloji sorğu nəticəsində kənd əhalisinin həyat səviyyəsinə və onun demoqrafik inkişafına təsir edən amillər öyrənilmiş, əhalinin sayı və strukturuna görə qruplaşması aparılmış, müvafiq cədvəllər, xəritələr və qrafiklər tərtib edilmişdir.

Müəyyən edilmişdir ki, 1990-cı illərin əvvəllərində əhalinin yaşayış yerlərini tərk etməyə məcbur edən iqtisadi böhran nəticəsində miqrasiyanın mənfi saldosu yaranmış, kənd yerlərində əhalinin təbii artımı azalmışdır. Əlverişli coğrafi mövqeyinə görə rayon yaxşı neft və təbii qaz ehtiyatlarına, meyvəçiliyin, tərəvəzçiliyin, taxılçılığın, heyvandarlığın və yeyinti emalı müəssisələrinin inkişafı üçün əlverişli şəraitə malik olmasına baxmayaraq, postsovet dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emal müəssisələrinin fəaliyyəti, əhaliyə xidmət göstərilməsi ilə bağlı yaranan problemlər köçürülməyə mənfi təsir göstərmiş, daxili miqrasiyanın intensivliyini artırmışdır.

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Quba-Xaçmaz bölgəsinin sosial-iqtisadi inkişafı, kifayət qədər iş yerlərinin olması, tələbata uyğun xidmət keyfiyyətinin yüksəlməsi əhalinin sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş, bölgəyə qayıdanların sayı artmış və demoqrafik inkişafa şərait yaranmışdır.