Təşkilat komitəsinin hesabatı 2013-06-05 12:54:00 / TƏDBİRLƏR

Artıq bildiyiniz kimi, 3-5 iyun 2013-cü il tarixlərində AMEA-nın Yer Elmləri Bölməsi, akad. H.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda beynəlxalq konfrans keçirildi.

Konfrans keçirilənə qədər təşkilat komitəsinə 120-dən çox məqalə daxil olmuş, bunlardan yalnız 96-sının Azərbaycan Coğrafiya Cəmiyyətinin “Əsərləri”ndə çap edilməsi məqsədəuyqun bilinmişdir.

3 gün davam edən konfransın  işində 100-dən çox nümayəndə, o cümlədən, 7 ölkədən 9 nümayəndə iştirak, 12 nümayəndə isə öz məruzələri ilə çıxış etdi. Açılış günü keçirilən plenar iclas zamanı  təbii ehtiyatların tədqiqinin ən müasir elmi problemlərinə həsr olunmuş 14 məruzə dinlənildi və geniş müzakirə olundu.

Konfransın 2-ci günü yerli və xarici nümayəndələrin iştirakı ilə Böyük Qafazın cənub-şərq yamacına – Bakı – Şamaxı – Pirqulu  marşrutu üzrə təşkil edilmiş elmi-təcrübi ekspedisiyada iştirak etdilər. Eyni zamanda, həmin gün  konfrans öz işini 4 bölmə üzrə davam etdirdi:

          I bölmə - Geosistemlərin təbii ehtiyat potensialı və ondan istifadə - 32 məruzədən 6-sı dinlənildi;

           II bölmə - Qlobal iqlim dəyişmələri, iqlim və su ehtiyatları – 17 məruzədən 4-ü  dinlənildi;

           III bölmə - Davamlı sosial-iqtisadi inkişaf və qida təhlükəsizliyi – 20 məruzədən 5-i dinlənildi;

            IV bölmə - Geosistemlərin turizm-rekreasiya  potensialının qiymətləndirilməsi – 13 məruzədən 4-ü dinlənildi.

Bölmələr üzrə cəmi 20-yə yaxın məruzə dinlənilib müzakirə edildi, yekun qərarlar qəbul edildi və konfransın təşkilat komitəsinə təqdim edildi.

Konfransın 3-cü iş  günü plenar iclas öz işini davam etdirdi. 4 məruzə dinlənildi və müzakirə edildi.

Belə elmi-praktiki konfransların hər 2 ildən dir keçirilməsini zəruri hesab edirəm. Coğrafiya Cəmiyyətinin fəaliyyətini işıqlandırmaq, oxucu auditoriyasını genişləndirmək  məqsədilə  Cəmiyyətin özünün veb səhifəsini yaratmaq da vacib məsələlərdəndir.