Xəyyam Rəhimova təbrik məktubu ünvanlanıb. 2021-10-22 10:57:00 / YUBİLEYLƏR

ƏZİZ XƏYYAM ƏFƏNDİ!!!

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Kollektivi Sizi anadan olmağınızın 75, elmi fəaliyyətinizin 55 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, sizə hər şeydən öncə möhkəm can sağlığı, xoşbəxtlik və çoxillik elmi yaradıcılığınızda bundan sonra da yeni-yeni nailiyyətlər arzulayırıq. Siz 1966-ci ildən Azərbaycan EA Coğrafiya İnstitutunda yaradıcılıq fəaliyyətinə başlamısınız. Laborantlıqdan şöbə rəhbərliyinə kimi uzun yol keçmisiniz. Uzun müddət müasir coğrafiya elminin ən aktual və qlobal problem sahələrindən olan «İqlimşünaslıq» şöbəsinə rəhbərlik etmisiniz. Eyni zamanda bu sahəni yeni elmi-metodoloji fikir və ideyalarla zənginləşdirməyə çalışmısınız. Bunlara da nail olmusunuz. Bu yaradıcılıq salnaməsində bir sıra yadda qalan və təcrübə dəyəri olan elmi hesabatlar, elmi əsərlər və monoqrafik topluların müəllifi olmusunuz. İlk dəfə olaraq Azərbaycanda Nar Plantasiyalarının yaradılmasında, onların aqroiqlim şəraiti və ehtiyatları probleminin elmi mexanizmini siz işləmisiniz. Bu sahədə sizin namizədlik dissertasiyanızın əhəmiyyəti danılmazdır. Hazırda Azərbaycanda narçılıq təsərrüfatının dinamik inkişafı sahəsində sizin elmi-metodoloji ideyalarınız gərəkli təcrübə hesab olunur.

Xəyyam əfəndi! Hazırda Azərbaycanda bu vacib və Milli elmi dəyərlərə söykənən yaradıcılıq salnaməsini sizin rəhbərliyinizlə davam etdirilməsi həqiqətən kollektivimizi sevindirir. 70-dən çox elmi əsərləriniz bu problemin həllinə yönəldilmişdir. Azərbaycanın üzümçülük, subtropik bitkilərin və digər aqrotexniki plantasiyaların formalaşmasına, onların aqroiqlim ehtiyatları ilə təmin olunması problemlərinin həlli məsələsində tətbiqi fikirlər söyləmisiniz. Olduqca xoş hadisədir ki, sizin elmi redaktorluğunuz sayəsində hazırlanmış Azərbaycanda ilk aqroiqlim atlası indi bizim iş adamlarımızın təcrübə tətbiqinə çevrilmişdir.

Əziz Xəyyam müəllim! Artıq 60 ilə yaxındır siz AMEA Coğrafiya İnstitutunda uğurla fəaliyyət göstərirsiniz. Keçmiş sovetlər məkanında bu elm sahəsində Azərbaycanı layiqincə təmsil etmisiniz. Eyni zamanda özünüzün zəngin bilik və bacarığınızı Azərbaycanda Coğrafiyaçı kadrların hazırlanmasında, ümumiyyətlə milli kadr potensialının güclənməsinə sərf etmisiniz.

Xəyyam əfəndi! Bilin ki bunların hamısı vətənimizə, xalqımıza və ən sonda Milli elmimizə əsl vətəndaşlıq sevgi və məhəbbətin təzahürüdür. Qoy bu Milli vətənpərvərlik sevgisi Sizin 75 illik ömür coğrafiyasının bəzəyi olsun.

 

AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, c.e.d., dosent Z.Eminov

Hİ-nın sədri, dosent H.Haqverldiyev