Coğrafiya institutunun direktoru, AMEA-nın müxbir üzvü, profesor Ramiz Məmmədov 2013 il aprel ayının 8-12-də Vyana şəhərində elmi məzuniyyətdə olmuş, Avropa Yer Elmləri İttifaqı Assambleyasında “Xəzər dənizinin Azərbaycan sahil zonasının idarəçiliyinin üçölçülü GİS modelinin işlənilməsi” mövzusunda məruzə ilə iştirak etmişdir.
Məruzədə Xəzər dənizi səviyyəsinin müxtəlif miqyaslı dəyişmələri təsnif edilmiş, tarixi, instrumental müşahidələr və mövsümi dəyişmələrin diapazonu müəyyənləşdirilmişdir. Daha sonra sahil zonası təbii və sosial-iqtisadi şəraitə görə təsnifləşdirilmişdir. Növbəti addımda sahil zonasının üçölçülü xəritəsi tərtib olunmuş və müxtəlif ssenarilər üçün sahil zonasına dəyən ziyan qiymətləndirilmiş, onun idarəçiliyinin prinsipləri verilmişdir. Tədqiqatların xəritələri və informasiya bazası CİS mühitində yaradılmışdır.