Bu gün — 21 iyun saat 06:42:11-də Azərbaycana rəsmi olaraq Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş şüaları Yerin şimal yarımkürəsinə daha dik bucaq altında düşür. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat, 3 dəqiqə, 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat, 56 dəqiqə, 36 saniyə) olur.
Yay fəslinin başlaması ilə hava temperaturunda nəzərəçarpacaq yüksəliş müşahidə olunur ki, bu da iqlim dəyişikliyi kontekstində daha da aktuallaşır. Ənənəvi olaraq istirahət və tətil mövsümü kimi qəbul edilən yay, günümüzdə getdikcə daha çox ekstremal hava şəraiti ilə yadda qalır. Bu da insan sağlamlığı, ictimai həyat və ətraf mühit üçün ciddi nəticələr doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova bildirib ki, ölkəmiz artıq yay fəslinə qədəm qoyub və biz hazırda bu fəsli yaşayırıq:
“Lakin yay fəslinin başlanması astronomik, təqvim və iqlim yay fəsli olmaqla fərqlənir. Astronomik yay 21 iyunda başladığı halda, təqvim yayı iyunun 1-dən başlayır və iyun, iyul, avqust aylarını əhatə edir. İqlim yayı isə düzən ərazilərdə daha erkən — mayın əvvəllərində başlayır. Dəniz səviyyəsindən yüksəklik artdıqca, yayın başlama tarixləri də bir qədər gecikir. Dağətəyi ərazilərdə bu artıq mayın sonu və iyunun əvvəllərinə təsadüf edir. Yüksəklik artdıqca, bu tarixlər daha da gecikir. Ən uzun yay fəsli isə məhz düzənlik ərazilərdə müşahidə edilir. Bu zaman yay təqribən 5 ayadək davam edir. Yay fəsli havanın isti və quraq keçməsi ilə səciyyələnir. İqlim dəyişmələri bütün fəsillərdə olduğu kimi, yay fəslinə də təsir göstərir. İqlim dəyişmələri ilə bağlı güclü isti günlərin təkrarlanması xeyli çoxalıb. Bununla yanaşı, yayda iqlim istiləşməsi ilə əlaqəli daha bir fəsadla qarşılaşırıq — bu da isti hava dalğalarıdır. 1961–1990-cı illərin baza dövrü ilə müqayisədə hazırda düzən və dağətəyi ərazilərdə isti hava dalğalarının təkrarlanması 5–7 dəfə artıb. Bu isə bir çox sahələrdə risklər yaratmaqla öz mənfi təsirini göstərir”.