Quru torpaq sahələri 38 min hektar artıb, aqrar inkişaf üçün yeni imkanlar yaranıb

Bu gün - 24 Sentyabr Beynəlxalq Dəniz Günüdür. 70 faizi su ilə örtülü olan Yer kürəsindəki biokütlənin 90 faizi su hövzələrinin payına düşür.

Lakin son onillikdə yaşanan iqlim dəyişikliyinin yaratdığı fəsadlar su hövzələrinə də ciddi təsir göstərir. Dünyanın su hövzələrində yaranan böyük quraqlıqlaşmalar artıq qobal problemə çevrilib.  

Dünyanın bir parçası olan Azərbaycanda da bu problem özünü göstərməkdədir.  Daim səviyyə tərəddüdləri yaşayan Xəzər dənizi hazırda enmə mərhələsindədir və bu prosesin 2050-ci ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Son 4 min ildə aparılan araşdırmalara görə, dənizin səviyyəsində 250 ildən bir enmə və qalxmalar baş verir. Xəzərdə ən yüksək səviyyənin 1805-ci ildə hazırkı səviyyədən 5-6 metr yuxarı olduğu müşahidə edilib. O vaxtdan bəri isə dəniz səviyyəsi enməkdə davam edir. 

Ötən yüzillikdə Xəzərdə ən aşağı səviyyə 1977-ci ildə olub. Dənizin geri çəkilməsi nəticəsində sahillərdə yeni torpaq sahələri meydana çıxmışdı. Dənizin qurumağa doğru getdiyini düşünənlər su altından çıxan ərazilərdə yaşayış evləri, obyektlər də tikmişdilər. Daha sonra 1995-ci ilə qədərki keçiddə su səviyyəsinin artması ilə həmin tikililər su altında qalaraq böyük ziyana məruz qaldılar. Bu baxımdan Xəzərin səviyyə tərəddüdlərinin mənfi iqtisadi və ekoloji təsirlərinin nəzərə alınması xüsusilə vacibdir.

Hazırda tarix təkrarlanır. Geri çəkilən Xəzərin sahillərində quru torpaq sahələrinin həcmi artır. Bu baxımdan dəniz sahillərində obyektlər, evlər tikmək cəlbedici görünə bilər, amma bu yanlış olar, nəticələri ağır fəsadlar verə bilər. Odur ki, bu barədə düşünmək lazımdır. 

Üzə çıxan torpaq sahələrində fundamental tikinti aparmaq olmaz

Odur ki, hazırda Xəzərdə baş verən prosesləri ekspertlərin fikirləri əsasında da dəyərləndirdik. 

Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Əmir Əliyev qəzetimizə bildirib ki, Xəzər dənizinin səviyyəsi aşağı düşməkdə davam edir. Hazırkı dövrə qədər Azərbaycanın təxminən 38 min hektar ərazisi su altından çıxıb. 

Alim qeyd edib ki, Xəzərin səviyyəsi 1977-1995-ci illər arasında 2,5 metr qalxdığı dövrdə ərazilərin 50 min hektarı su altında qalıb. 1996-cı ildən isə dənizin səviyyəsində enmə müşahidə olunur və bu günə qədər səviyyə 2 metrə qədər azalıb.

Şöbə müdiri vurğulayıb ki, əvvəlki dövrdə dənizin geri qayıdacağı nəzərə alınmayaraq, xüsusən cənub bölgəsində salınmış yaşayış yerləri suyun səviyyəsi qalxdıqca su altında qalıb. Ovaxtkı hesablamalara görə, suyun səviyyəsinin artması nəticəsində təxminən 2 milyard dollar dəyərində ziyan dəymişdi. İndi isə həmin ərazilər Xəzərin geri çəkilməsi ilə yenidən üzə çıxıb. 

Dənizin geri çəkilməsi sayəsində üzə çıxan torpaqlardan müxtəlif məqsədlərlə istifadə etməyin mümkünlüyünü qeyd edən Ə.Əliyev deyib ki, ümumilikdə bu torpaqların texniki xüsusiyyəti, tərkibi ərazilər üzrə fərqlənir. 

Onun sözlərinə görə, dənizin quruduğu ərazilərdən çimərlik sahələrinin genişləndirilməsi, kurort tipli ərazilərin artırılması, həmçinin kənd təsərrüfatı, müxtəlif sənaye sahələrinin, xüsusilə balıqçılığın inkişafı məqsədilə istifadə etmək olar. "Lakin Xəzərin səviyyə tərəddüdlərini nəzərə alaraq bu ərazilərdə fundamental tikinti aparılması düzgün deyil. Sonuncu dəfə dənizin ən yüksək səviyyəsi 1805-ci ildə qeydə alınıb. O gündən indiyədək dəniz səviyyəsi aşağı düşməkdədir, amma arada epizodik qalxmalar da olub", - deyə alim əlavə edib. 

Şöbə müdiri vurğulayıb ki, Xəzərin səviyyəsinin 2050-ci ildən sonra artacağını nəzərə alaraq həmin dövrədək bu ərazilərdə müəyyən işlər görmək mümkündür. Amma planlı şəkildə işləmək lazımdır ki, dənizin səviyyəsi artanda böyük ziyan vurmasın. Xəzərin səviyyə tərəddüdləri hər zaman olub və olacaq. 

Dəniz 800 metr geri çəkilib

Təbii ki, Xəzərin geri çəkildiyi ərazilərdən kor-koranə istifadə etmək məqsədəuyğun deyil. Həmin torpaqlarda tədqiqat işləri aparıldıqdan sonra yalnız yekun rəyə uyğun olaraq hər hansı iş görülməlidir. Azərbaycanda Xəzər dənizinin geri çəkilməsi ilə bağlı tədqiqat və layihələrdə Coğrafi İnformasiya Sistemləri (CİS) tətbiq olunur ki, bunun sayəsində də torpaqların hansı sahə üçün əlverişli olduğu müəyyən edilir.

Su altından çıxan torpaqlardan hansı məqsədlərlə istifadənin mümkünlüyünü müəyyənləşdirmək üçün CİS üzrə müxtəxəssis Arif Göyüşovun fikirlərini öyrəndik. 

Mütəxəssis dedi ki, 371 min kvadratkilometr sahəyə malik olan Xəzər dənizinin səthi hər il kiçilir. Səviyyənin dəyişməsinə təsir göstərən amillər arasında dəniz dibində baş verən tektonik hərəkətlər yer alır. Xəzərin su səviyyəsi dəyişkəndir və hazırda okean səviyyəsindən təqribən 28 metr aşağıdadır. Peyk görüntülərinə əsasən, Xəzər dənizinin bəzi yerlərdə 800 metr geri çəkildiyi görünür. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Arif Göyüşovun fikrincə, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil, çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Xəzərdə suyun çəkilməsinin əsas səbəbləri sırasında Volqa çayından gələn suyun azalması, iqlim dəyişikliyi səbəbindən artan buxarlanma və digər regional ekoloji faktorlar yer alır. Bunun nəticəsində Azərbaycan sahil xətti boyunca yeni torpaq sahələri qazanıb. Xəzər dənizinin səviyyəsi 1 santimetr qalxanda təxminən 200 hektar ərazi su altında qalır. İndi isə əksinə cərəyan edən proses nəticəsində həmin ərazilər su altından üzə çıxır. Hazırda dənizin Azərbaycan hissəsində səviyyənin 2 metr aşağı düşməsi sayəsində təxminən 38 min hektar su altından çıxıb. 1977-ci ildə Xəzərin səviyyəsi bugünkündən təxminən 30-40 santimetr aşağı olub, bu geriləmə həmin ildəki səviyyədə olarsa, ərazilərimizin daha 13 min hektarı da su altından çıxa bilər. 

Suyu çəkilən Xəzər torpaqlarında hansı sahələri inkişaf etdirmək olar?

A.Göyüşov Xəzər dənizində suyun səviyyəsində geriçəkilmənin həm iqtisadi, həm də ekoloji baxımdan ciddi təsirə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu proses fonunda bir sıra sənaye istiqamətlərini inkişaf etdirmək olar: "Bu ərazilərdə Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz sənayesinin genişləndirilməsi mümkündür. Nəzərə alsaq ki, neft və qaz daha çox dənizdən çıxarılır, suyun geri çəkilməsi ilə açılan yeni torpaqlar üzərində buna uyğun infrastruktur layihələri həyata keçirilə bilər. Eyni zamanda həmin ərazilərin torpaq münbitliyini artırmaqla uyğun bitkilər əkilə bilər. Dəniz məhsulları istehsalı və emalı üçün müəssisələr yaradılması da mümkündür. Bundan başqa, yeni torpaqlar turizm və istirahət zonalarının yaradılması üçün də uyğun ola bilər, xüsusilə də sahil bölgələrində".

CİS üzrə mütəxəssis deyib ki, Xəzərin səviyyə tərəddüdləri nəzərə alınaraq su altından çıxan ərazilərdə böyük obyektlər tikmək tövsiyə olunmur. Çünki dənizin səviyyəsi qalxanda həmin tikililər su altında qalacaq və onlara böyük məbləğdə zərər dəyəcək.

Mütəxəssis bu baxımdan Xəzər dənizinin geri çəkilməsi ilə bağlı tədqiqat və layihələrdə CİS-in tətbiqinin bir sıra üstünlüklərə malik olduğunu deyib. CİS-in tətbiqi yeni torpaqların istifadəsində ciddi ekoloji və iqtisadi qiymətləndirmələr aparılaraq davamlı inkişafa və iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyaya imkan verir. "Həmçinin Xəzər dənizinin geri çəkilməsi nəticəsində üzə çıxan yeni torpaqların dəqiq ölçüləri aparılmaqla, peyk şəkilləri və hava fotoları ilə torpaqların zamanla necə dəyişdiyini izləmək mümkündür. CİS texnologiyaları ərazinin topoqrafiyasını, torpaq tərkibini, iqlim şəraitini və digər vacib faktorları nəzərə alaraq ərazi istifadə planlarını optimallaşdırmağa kömək edir. Eyni zamanda ekoloji vəziyyəti izləmək, ekosistem dəyişikliklərini təhlil etmək və bu ərazilərin inkişafı üçün ekoloji cəhətdən davamlı yanaşmalar təklif etmək mümkündür. Bu da ekoloji risklərin minimuma endirilməsi və ətraf mühitin qorunması baxımından vacibdir. CİS-in tətbiqi yeni infrastrukturların yerləşdirilməsi və idarə edilməsi prosesini də asanlaşdırır", - deyə o əlavə edib.

A.Göyüşov bildirib ki, ümumiyyətlə, CİS texnologiyalarının tətbiqi Xəzər dənizinin geri çəkilməsi nəticəsində ortaya çıxan torpaqların effektiv və davamlı istifadəsi üçün əsaslı məlumat və analitik imkanlar təqdim edir. Bu həm də layihələrin idarə edilməsi və gələcəkdə potensial risklərin qarşısının alınması üçün mühüm vasitədir.

Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyəti mümkündürmü?

Xəzərin torpaq qatının faydalarını, kənd təsərrüfatında istifadəyə yararlı olub-olmadığını öyrənmək üçün torpaqşünas alimin də fikirlərini öyrəndik.

Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru İsmayıl Quliyev Xəzərin səviyyə tərəddüdlərini nəzərə alsaq, orada böyük miqyaslı inşaat aparılmasının, dənizin çəkildiyi əraziyə böyük kapital yatırmağın düzgün olmadığını qeyd edib. O deyib ki, həmin sahələrdən müvəqqəti məqsədlər üçün istifadə etmək olar. "Dənizin cavan terrasları üzərində iş aparmaq, ümumiyyətlə, düzgün deyil. Azərbaycan dəfələrlə bunun ziyanını çəkib. Xəzərin səviyyəsinin dövri olaraq qalxıb-endiyini unutmaq olmaz", - deyə şöbə müdiri vurğulayıb.

Dəniz altından çıxan sahələrin qumsal ərazi olduğunu qeyd edən İ.Quliyev bildirib ki, ümumiyyətlə, həmin yerlərdə torpaq yoxdur. Bu ərazilərdən kənd təsərrüfatı məqsədilə istifadə etmək əlverişli deyil. Torpağın əmələ gəlməsi üçün uzun illər lazımdır. Orada torpaq əmələgəlmə prosesi getməlidir. Buna isə iqlim amili, bitki örtüyü və digər faktorlar təsir edir. Bir santimetr torpaq qatının əmələ gəlməsi üçün azı yüz il lazımdır. Bəzən belə yerlərə torpaq kimi yanaşılsa da, unutmayaq ki, torpaq yerin ən üst məhsuldar qatıdır. Həmin ərazilərdə sadəcə olaraq, turizm baxımından müəyyən işlər görmək, rekreasiya zonalarını genişləndirmək mümkündür. Ərazinin dənizin altından çıxması, sahənin genişlənməsi o demək deyil ki, orada torpaq var və nəsə əkmək, becərmək olar. 

Alim vurğulayıb ki, dənizin geri çəkildiyi ərazilərdə torpaq qatı olmadığı üçün kənd təsərrüfatının hər hansı bir sahəsi ilə məşğul olmaq mümkün deyil: "İndi kənd təsərrüfatı bitkiləri əkilərkən rentabellik gözlənilir. Bəzən faydalı torpaqlardan belə yaxşı gəlir götürmək olmur, qaldı ki, dənizin altından çıxan ərazilər ola".

Xəzərin səviyyəsinin qalxdığı zaman həmin ərazilərdə salınan sənaye sahələrinin su altında qaldığını xatırladan İ.Quliyev bildirib ki, orada yalnız yüngül sənaye obyektləri yaratmaq, müəyyən qurğular quraşdırmaq olar. Məsələn, dəniz suyunun şirinləşdirilməsi ilə bağlı sistem qurula bilər ki, bunu da dəniz geri qayıdanda köçürmək mümkündür. Şöbə müdiri deyib ki, 50-60 il əvvəl Xəzərin geri çəkildiyi ərazilər bu gün belə kənd təsərrüfatı üçün yararsızdır. Həmin ərazilərə kəndlərdən torpaq gətirib tökərək nəsə yaratmağa çalışsalar da, bunun effekti olmur. 

Ziyanın yarısından qayıtmaq üçün...

Mütəxəssislərin fikrindən bu qənaətə gəlmək olar ki, Xəzərə uyğunlaşaraq dəniz sahillərində işlər görmək olduqca vacibdir. Milyonlarla dollar vəsait xərcləyib əsaslı tikililər tikməkdənsə, dənizin geri qayıdışına qədər həmin ərazilərdən rentabelli sahələr üçün istifadə daha məqsəduyğun olar. 

Yaxın keçmişi xatırlayaraq qarşıdakı onilliklərdə Xəzərin "möhtəşəm" qayıdışını unutmaq olmaz. İllər sonra sahibkarlar düşdükləri zərərin böyüklüyündən danışmamaq üçün elə indidən mütəxəssis sözünü eşitməli, fikirlərindəki nəhəng əsaslı tikinti işlərini kənara qoymalı, başladıqlarını isə yarımçıq saxlamalıdırlar. 

Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir...

Axı Xəzərə etibar yoxdur...

https://www.azerbaijan-news.az