Son 100 ildə Yer kürəsi iqlim dəyişmələri fonunda daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal hadisələrin təsirlərinə məruz qalıb.
Nəticədə həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyi və suya çıxışı məhdudlaşıb, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələr miqrasiyanın güclənməsinə səbəb olub. Eyni zamanda, yoluxucu və xroniki xəstəliklər çoxalıb. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı XXI əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib.
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun dosenti, landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov qəzetimizə açıqlamasında iqlim dəyişmələrinin ölkəmizin bütün sferalarına təsir etdiyini, ekosistemlərin strukturunda ciddi dəyişmələrə səbəb olduğunu bildirdi. O daha sonra dedi:
– İqlim dəyişmələri iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə və milyon illər ərzində formalaşmış təbii ekosistemlərin strukturuna ciddi şəkildə təsir edir. Bu dəyişmələr ölkəmizdə həyatın və təbiətin bütün sferalarında müşahidə olunur. Məsələn, havanın temperaturunun yüksəlməsi, atmosfer yağıntılarının miqdarında, rejimində və ərazi üzrə paylanmasında dəyişmələrin əmələ gəlməsi, güclü küləklərin təkrarlanma tezliyinin artması, həmçinin sinoptik hadisələrin qəfil baş verməsi, ilk növbədə, təbiətdə dominantlıq təşkil edən meşə, şirin su, dağ-çəmən, yarımsəhra, quru-çöl, nival-qalıq və s. ekosistemlərin strukturuna ciddi təsir göstərir.
– Meşə ekosistemləri antropogen təsirlərə, iqlim dəyişmələrinə qarşı çox həssas landşaftlardır.
– Azərbaycanda meşə ekosistemləri ərazimizin 11 faizini təşkil edir ki, bu da orta dünya göstəricisindən 2,5 dəfə azdır. Meşə ekosistemləri, xüsusilə arid meşələr təbii və antropogen təsirlərə, iqlim dəyişmələrinə qarşı çox həssas landşaftlardır. Son 150 il ərzində respublikamızda zəngin biomüxtəlifliyə malik arid–meşə ekosistemləri 20 dəfədən çox azalıb və təbii bərpası mümkün olmayan daha arid quru çöllərə transformasiya olunub.
Qlobal iqlim dəyişikliyi şəraitində ekstremal iqlim hadisələri şiddətinin gələcəkdə artmasının meşələrə müxtəlif yollarla təsir göstərəcəyi gözlənilir. Bəzi bölgələrdə proqnozlaşdırılan istiləşmə şimal zonasında daha quru şərait təhlükəsi yaradır, bu da birbaşa meşə yanğınlarının artması ilə nəticələnə bilər. Son iqlim dəyişmələri fonunda artan quraqlıq stresinin Naxçıvan MR-in bəzi yüksək ərazilərində ağac artımının azalmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, iqlim dəyişikliyi təbiətdə zərərvericilərin daha geniş yayılmasına gətirib çıxara bilər.
Abşeron təbiətinin inkişafını ləngidən əsas səbəb quraqlıq və zərərvericilərdir. Başqa sözlə, qışın sonunda, yaxud yazda baş verən quraqlıq və ya patogen həşəratlar ağac köklərinə böyük zərbə vurur. Mövcud iqlim şəraitində onların bərpası ciddi antropogen müdaxilə ilə mümkündür.
– Ölkəmizdə buzlaq sahələrin həm sahəsi, həm də qalınlığı azalır. Bu gələcəkdə nə kimi problemlər yarada bilər?
– İqlim dəyişmələrinə ən həssas olan landşaftlar nival-buzlaq ekosistemləridir. Buradakı çoxillik qar və buzlaqlar havanın temperaturunun artması ilə əriyərək sahəsi və qalınlığı azalır. Aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanın Böyük Qafqaz dağlarındakı buzlaqların sahəsi 1940-ci ildə 8,92 kvadratkilometr, 1960-cı ildə 6,40, 1987-cı ildə 5,7, 2016-cı ildə 1,2, 2022-ci ildə isə 0,62 kvadratkilometr olub. Deməli, son 80 il ərzində nival–buzlaq ekosistemlərinin sahəsi 14 dəfədən çox azalıb.
Ən sürətli iqlim dəyişmələrinin intensivləşməsi 1990-cı illərdən sonrakı dövrlərə təsadüf edir. Ölkə ərazisində nival–buzlaq ekosisteminin ən geniş yayıldığı ərazi Bazardüzü zirvəsidir. Vaxtı ilə burada buzlaqların 3,62 kvadratkilometr sahə tutduğu hesablanıb. Təxminən son yarıməsrlik dövr ərzində Bazardüzü dağının nival–buzlaq ekosisteminin sahəsi 92,3 faiz azalaraq, hazırda 0,28 kvadratkilometr kiçik bir ərazidə qalıb.
Apardığımız hesablamalar nəticəsində məlum olub ki, 1990–2022-ci illər arasında Şahdağ buzlağı 22,5 faiz, Bazaryurd buzlağı 83,3 faiz, Çarundağ buzlağı 90,3 faiz azalıb. Tufandağ və Raqdan zirvələrində isə nival–buzlaq ekosistemləri demək olar ki, müşahidə edilməyib.
İqlim dəyişiklikləri qeyd olunan istiqamətdə davam edərsə, Böyük Qafqazın şərq hissəsində buzlaqların intensiv əriməsi dağların şimal-şərq yamacı ilə axan çaylarda yaxın illər ərzində su sərfinin azalacağının, həmçinin Qusar maili düzənliyində və Şollar düzündə yeraltı suların qidalanmasında problemlərin yaranacağını deməyə əsas verir.
– Son dövrlərdə şirin su ekosistemlərində də ciddi problemlər müşahidə olunur. Onlarda yaranan hər hansı çətinlik digər ekosistemlərə də təsir edir. Bu, ekosistemlərin pozulmasına və tamamilə fərqli şəkildə yenidən qurulmasına səbəb olur. Bəs bu barədə nə demək olar?
– Havanın temperatur dəyişməsindən daha çox ziyan çəkən şirin su ekosistemlərindən biri də çay–dərə ekosistemləridir. Çay–dərə ekosistemləri Azərbaycan təbiətinin bütövlüyünü, tamlığını qorumaqla yanaşı, təbii və antropogen ekosistemlərin mövcudluğunun vacib şərtlərindən biridir. Təbiətdəki abiotik və biotik elementlər fasiləsiz olaraq çay dərələri boyunca hərəkət edərək müxtəlif səviyyəli dağ və düzənliklərin meqa ekosistemləri arasında qarşılıqlı əlaqənin maddələr və enerji mübadiləsini gerçəkləşdirir. Bu baxımdan çay–dərə ekosistemləri təbiətimizin “qan damarlarıdır” və ya ekoloji dəhlizlərdir. Onlarda yaranan hər hansı problem digər ekosistemlərin pozulmasına və tamamilə fərqli şəkildə yenidən qurulmasına səbəb olur. Əlbətttə, su resurslarının azalması torpağın münbitləşməsinin itməsi, buxarlanmanın artması və ərazilərin quruması kimi dəyişikliklərə gətirib çıxarır.
Son zamanlar iqlim dəyişmələrinin sosial-iqtisadi həyatımıza təsirini azaltmaq məqsədi ilə dövlətimiz tərəfindən çaylar üzərində müxtəlif su anbarları yaradılır. Bu da aşağı axında çay dərələri boyunca uzanan təbii və antropogen ekosistemlərin deqredasiyasına səbəb olur. Bunun qarşısını almaq üçün elmi tədqiqatlara əsaslanan optimallaşdırma tədbirləri həyata keçirilməlidir.