"Xəzərdə 40 min hektar ərazi çəkilmələrə məruz qalıb" - Professor

 

Xəzər dənizinin ekoloji vəziyyəti son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri zamanı gündəlikdə duran məsələlərdən biri də məhz Xəzər dənizi olub. 

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə sözügedən məsələnin müzakirə edildiyini bildirib. "Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük", - dövlətimizin başçısı qeyd edib.
Qeyd edək ki, Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Məlumata görə, Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib. 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasına iqlim dəyişikliyi ilə bağlı buxarlanmanın artması, eləcə də Volqa çayının suvarma üçün istifadəsi təsir edib. O, "Reuters" agentliyinə müsahibəsində Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin ətraf mühitə və iqtisadi sektorlara, xüsusilə də dəniz neft və qaz əməliyyatlarına təsir etdiyini bildirib.

Rəsmi şəxslər deyir ki, yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. 

Modern.az mövzu ilə bağlı AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyevlə həmsöhbət olub. 

O deyir ki, Azərbaycan və Rusiyanın bu sahədəki əməkdaşlığı müsbət addımdır, amma kifayət deyil: 

“Azərbaycan və Rusiya arasında əldə olunan razılıq alqışlanmalıdır. Buraya Xəzərə çıxışı olan digər ölkələr də qoşulmalıdır. İlkin etapda Rusiya və Azərbaycanın bu işə başlaması yaxşı haldır. Yaxşı olardı ki, bununla bağlı Xəzəryanı ölkələrin iştirakı ilə monitorinq mərkəzi yaradılsın. Biz təklif etmişdik ki, Bakıda belə bir mərkəz qurulsun. Belə bir mərkəz yaradılsa, mütəmadi olaraq Xəzərdə monitorinq keçirilə bilər. Üstəlik də 1995-ci ildən bu günə qədər Xəzərdə böyük problemlər müşahidə olunur. Bu dövr ərzində Xəzərdə suyun səviyyəsi təxminən 2 metrə qədər düşüb. Bu çəkilmə təkcə Azərbayacan və Rusiyada deyil, xüsusilə Qazaxıstanda, Türkmənistan və İranda belə problemlər çoxdur".

Xəzərin səviyyəsi ilə əlaqədar həm yüz illiklər, həm də otuz illiklər üzrə dəyişmələr qeyd edilir 

Müsahibimiz bildirib ki, Xəzərdəki çəkilmələr hər zaman olub: 

“Xəzər Dənizində çəkilmələr illər boyunca olur və sonra geri qayıdır. Bu müşahidə edilən prosesdir. 500 illik ritm var ki, bunun ilk yarısında Xəzərin səviyyəsi enir, sona isə yenidən qalxır. Burada 35 illik ritmlər də var ki, bu aralıqda da müəyyən dəyişikliklər gözə çarpa bilir. Bu hər zaman belə olub və gələcəkdə də belə olacaq. Çünki Xəzər Dənizinin xüsusiyyəti bu şəkildədir". 

Xəzərin əsas problemi suyunun çəkilməsi ilə bağlıdır 

O qeyd edib ki, Xəzərin əsas problemi suyunun çəkilməsi ilə bağlıdır, Azərbaycan sahillərində bu proses özünü açıq büruzə verir. 

"1978-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi 2.5 metr qalxmışdı. O zaman Azərbaycan ərazisində təxminən 50 min hektar ərazini su basmışdı. İndi isə tərsinə proses gedir və su çəkilir. O zaman müəyyən olunmuşdu ki, Xəzərin səviyyəsində qalxan hər bir santimetrə 300 hektar su altında qalacaq. Suyun ümumi çəkilmiş ərazisi 40 min hektara yaxındır. Eyni zamanda çəkilmələr çoxlu ekoloji və iqtisadi problemlərə gətirib çıxarır. Kür çayının deltasında balıqların yem bazası 50-60% azalır, limanlara giriş azalır, kənd təsərrüfatı ziyan görür " - professor qeyd edib.

https://modern.az