Xəzər dənizinin Azərbaycana mənsub olan sahəsində süni torpaq sahələri yaradılacaq. Bununla bağlı Milli Məclisdə qanun layihəsi təsdiq olunub.
Həsən Əliyev adına Coğrafıya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev süni torpaq sahələrinin yaradılma qaydaları barədə AZƏRTAC-a məlumat verib.
Ə.Əliyev qeyd edib ki, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya və yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Aparılan hesablamalara əsasən, Xəzər dənizi ilə respublikanın 11 inzibati rayonu bilavasitə əlaqədardır. Onların da sahillərində həmin o proses nəticəsində yaranan torpaqlar artıq müəyyən edilib. Bunlardan gələcəkdə geniş istifadə etmək mümkündür.
“Hazırki dövrdə Xəzər dənizi enmə dövrünü yaşayır. Belə ki, dənizdə su çəkildiyindən boş sahələr əmələ gəlir və bunun da sahəsi, təxminən 37-38 min hektara bərabərdir. Boş qalan sahələr ölkəmizin müxtəlif inzibati rayonlarının ərazisinə daxildir. Bu torpaqlardan gələcəkdə kənd təsərrüfatında istifadə etmək mümkündür. Lakin bu prosesin mənfi təsirləri də var. Əsas cəhət odur ki, Xəzər dənizinin səviyyəsi enəndən sonra qalxa da bilər. Müəyyən olunub ki, son 100 ilədək Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişmələr olub. 1930-cu ildən 1978-ci ilədək Xəzərin səviyyəsi 3 metr aşağı düşüb.1978-ci ildən 1996-ci ilədək 2,5 metr qalxıb. 1996-cı ildən bu günədək isə təxminən 2 metr enib. Proqnozlara görə bu proses 2050-ci ilədək davam edəcək. Bu müddətdə Xəzərin səviyyəsinin 1 və ya 1,5 metr enməsi proqnozlaşdırılır. Sonra yenidən Xəzərin səviyyəsində qalxmalar müşahidə olunacaq. Ona görə də sahil zonasında hazırda suyun geri çəkilməsi nəticəsində yaranan ərazilərdən istifadə olunarkən Xəzərin səviyyəsinin dəyişmə prosesi mütləq nəzərə alınmalıdır”, - deyə alim bildirib
Ə.Əliyev diqqətə çatdırıb ki, bu torpaqlar süni sahələr adlandırılır. Əslində isə bu sahələr süni deyil, Xəzərin öz əraziləridir. Bu ərazilərdən fundamental tikintilər üçün istifadə edilməsi münasib deyil. Çünki Xəzərin səviyyəsi qalxanda bu obyektlər su altında qala bilər. Xəzərin səviyyəsi 1978-ci ildən 1995-ci ilədək 2,5 metr qalxanda, ölkə ərazisində Samur çayından başlayaq Astaraçayadək təxminən 50 min hektar ərazi su altında qalıb. İndi isə səviyyənin əks prosesi - azalma gedir. Xəzərin səviyyəsinin dəyişməsi əsasən iqlimlə əlaqədar olur. Tarix boyu Xəzərdə suyun səviyyəsi dəyişib. Bu proses daim təkrar olunur. Məhz buna görə də, süni torpaq sahələrindən Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğun olaraq istifadə edilməlidir.