Əhali coğrafiyasında kəndlərin struktur və ərazi planirovkasında aparılan tədqiqatlar birmənalı olaraq kəndlərin sosial-iqtisadi bazasının inkişaf səviyyəsindən və potensial gücündən asılıdır (1). Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra son otuz ildə əhalinin sosial və mədəni səviyyəsində, eləcə də təsərrüfatlarda baş vermiş iqtisadi və genetik dəyişikliklər kəndlərin abadlığında və onların funksiyalarının çoxsahəli olmasında özünü biruzə vermişdir. Ölkədə təsərrüfat sahələrinin özəlləşdirilməsi ilə yanaşı kənd təsərrüfatı sahələrinin intensivləşdirilməsi istehsalın tərkibinin müasir tələblərə uyğun yaxşılaşmasında  və kənd icmalarının əmək fəaliyyətinin xarakterində fundamental dəyişikliklər olmuşdur.

      Respublikada kəndlərin funksional tipologiyası tədqiq edilərkən yaşayış məntəqələrindəki əhalinin məşğulluq dərəcəsi və əmək vərdişləri təhlil edilib araşdırılmalıdır. Bu baxımdan ölkəmizdə kəndlərin rekonstruksiyası aparılmış,  işlərin müəyyən hissəsi həyata keçirilmiş, aqrar islahatların aparılması və digər işlərin görülməsi üçün tədbirlər planlarının hazırlanması isə diqqətdə saxlanılır (4). Bu planlar Azərbaycan kəndinin təsərrüfat quruluşunu fundamental dəyişdirmiş, onların funksional tiplərə bölünməsinə zəmin yaratmışdır. Buna görə də bütün kənd məntəqələrini ixtisasına görə aşağıdakı 10 funksional təsərrüfat tipinə ayırmaq olar: 1.Pambıqçılıq; 2.Üzümçülük; 3.Taxılçılıq; 4.Heyvandarlıq; 5.Tərəvəzçilik; 6.Çayçılıq; 7.Subtropik meyvəçilik; 8.İsti şitilliklər; 9.Quşçuluq; 10.Arıçılıq tipli kəndlər. Qeyd etmək olar ki, son 25-30 ildə əhalinin sosial inkişafı və təsərrüfatlar arası iqtisadi dəyişikliklərlə əlaqədar ölkədə turizm sənayesinin sürətlə inkişafı da 100-ə yaxın kəndin yaşıl və kənd turizminin formalaşmasına təkan verir.

        Bundan başqa respublikada müxtəlif sahəli qarışıq funksiyalı kəndlər də vardır ki, bunlara ərazinin bütün inzibati rayonlarında rast gəlirik. Respublikanın kənd məntəqələrinin funksional tiplərə bölünməsi məskunlaşmış ərazilərin əkinə yararlı torpaq sahəsi, su təminatı, irriqasiya kanalları, nəqliyyat yolları, təsərrüfatlar arası kommunikasiyalar, əhalinin əmək vərdişləri, əməkdə ixtisaslaşması və s. kimi təhlillərin aparılması müəyyən nəticələrə gəlməyə imkan verir. Bunları nəzərə alıb deyə bilərik ki, respublika kəndlərinin təxminən 80-85%-i kənd təsərrüfatı tiplidir.

        Tədqiqat zamanı müəyyən etdik ki, 2019-cu ilin məlumatına görə kəndlərin üçdə iki hissəsi normal irriqasiya-meliorasiya baxımından inkişaf etmiş, pambıqçılıq, üzümçülük, tərəvəzçilik (istixanalarda) və qarışıq tipli istiqamətdə ixtisaslaşmış, çoxsaylı əmək vərdişlərinə malik olmaları ilə diqqəti cəlb edir. Tədqiqat zamanı məlum oldu ki, bu tip kəndlərin sayı respublikada 3,5 minə yaxın olub respublika kəndlərinin 80%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, ölkənin pambıqçılıq rayonlarında təsərrüfata yararlı olan torpaqlar istifadəyə tam cəlb olunmuşdur. Ona görə də bu ərazilərdə salınmış məntəqələr Kür, Araz, Akuşa, Tərtər, Göyçay çaylarının və Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının ətrafında (3-15 km radiusda) zəncirvari və lentformalı, dağətəyi bölgələrdə isə qövs formalı konfiqurasiya yaratmışlar.

      Pambıqçılıq, üzümçülük və taxılçılıq istiqamətli kəndlər istər əhalinin sayı, istərsə də məntəqələrin sıxlığı baxımından tərəvəzçilik, bağçılıq və şəhərətrafı təsərrüfat funksiyalı kəndlərdən başqa digər qarışıq tipli kəndlərdən üstündür. Belə ki, taxılçılıq, heyvandarlıq və qarışıq tipıi kəndlərdə 1kv.km-ə 120-130 nəfər, hər 100 kv.km-ə 5-7 məntəqə düşdüyü halda, pambıqçılıq, üzümçülük və taxılçılıq tipli məntəqələrdə müvafiq olaraq 180-225 nəfər, 8-12 məntəqə düşür.

       Kür çayı boyunca intensiv şəkildə pambıqçılıq və taxılçılıqla məşğul olunur. Mingəçevir su anbarından Xəzər dənizinə qədər (250 km) ərazidə 120-yə yaxın inkişaf etmiş iri ölçülü kənd mənətəqəsi yerləşir. Bu regionda təxminən 315-350 minə yaxın əhali yaşayır ki, hər məntəqəyə təxminən 2800-3100 nəfər əhali düşür (2020). İkinci əsas pambıqçılıq zonası Araz çayı boyunca 70-80 km məsafədə 40-a yaxın kənd məntəqəsi yeləşib ki, özündə 100 minə yaxın əhalini birləşdirir. Qeyd etmək lazımdır ki, respublikanın düzən və dağətəyi taxılçılıq-üzümçülük və pambıqçılıq rayonlarının ərazisindən ölkənin ən məhsuldar çayları olan Arpaçay, Türyançay, Göyçay, Tərtərçay, Kür və Araz çayları axır. Bu çayların düzənlikdən axan sahələrində əhali sıx məskunlaşmışdır. Belə ki, Arpaçayın hövzəsində 30-a qədər məntəqənin əhalisinin 65-98%-i məskunlaşmışdır.

      Heyvandarlıq, taxılçılıq, kartofçuluq, bağçılıq funksiyalı kəndlər. Bu tip kəndlər əsasən respublikanın dağətəyi və nisbətən orta dağlıq ərazilərində (500-1200 m) yerləşərək tam heyvandarlıq tipli kəndlərdən özünün yararlı torpaq sahəsinin genişliyi və əhalinin sağlam həyat tərzi ilə yanaşı təsərrüfatçılığın üstünlüyü ilə fərqlənir. Bura Qusar, Şabran, Lerik, Yardımlı, Şahbuz, Tovuz və s. rayonlardakı kəndlər daxildir.

      Sırf kartofçuluq tip kəndlər respublikada az deyil. Belə ki, əsasən bu tip kəndlər Gədəbəy, Tovuz, Oğuz, Qusar, Daşkəsən, Lerik, Yardımlı və Qazax rayonlarında yerləşir.

       Tərəvəzçilik və bağçılıq tipli kəndlər. Respublikada bu tip kəndlərə Lənkəran, Masallı, Astara, Xaçmaz, Abşeron, Sabirabad, Şəmkir, Gəncə şəhərətrafı (3-25 km) bölgələrdə, Cəlilabad, Qazax və Ağstafada rast gəlinir. Bu tip kəndlər digərlərindən özlərinin xarici görünüşünə, abadlığına, səliqə-səhmanına, planirovkasına, küçələrinin planauyğun salınmasına və binaların uzunmüddətli davamlılığına görə fərqlənir (2). Son 20-25 ildir ki, bu kəndlərin bəzisi artıq qəsəbə kimi fəaliyyət göstərir. İstər Lənkəran zonasında, istərsə də Xaçmaz-Xudat turizm bölgəsində artıq kənd aqlomerasiyası formalaşmışdır. Burada bəzi kəndlərin əhalisinin sayı 5-10 min nəfər təşkil edir. Hal-hazırda respublikada bu tip kəndlər pambıqçılıq, taxılçılıq və maldarlıq tipıi kəndlərə nisbətən daha sürətlə inkişaf edir. Yaxın gələcəkdə Azərbaycanın Xəzərsahili zonasında (825 km məsafədə) qövsşəkilli qəsəbə məskunlaşması diqqəti cəlb edəcəkdir. Bunun başlıca səbəbi odur ki, artıq 15-20 ildir Xəzərsahili ərazi beynəlxalq səviyyəli sanatoriya-kurort və turizm istirahət zonasına çevrilmişdir.

      Əlverişli iqlim şəraiti, torpaq və bitki örtüyü başqa kənd təsərrüfatı sahələri ilə yanaşı bağçılıq və meyvəçiliyin çox ərazilərdə zona boyunca, bəzən isə lokal formada inkişaf etməsinə zəmin yaratmışdır. Respublikanın inzibati rayonlarının 15-18%-ni çıxmaq şərtilə qalanlarında bağçılıq, meyvəçilik, arıçılıq və son 20-25 ildə isə müalicə əhəmiyyətli turizm sahələri inkişaf etdirilir. Məlumdur ki, təsərrüfatın bu sahələrində, tərəvəzçilik, heyvandarlıq və sanatoriya-kurort kimi sahələrində də nisbətən çox əl əməyi tələb olunur. Bu baxımdan bu tip və funksiyalı kəndlər ərazidə seyrəkdir, əhalisi çoxdur, iqtisadi-sosial şəraiti nisbətən yaxşıdır. Bu tip kəndlər Xaçmaz, Quba, Göyçay, Qazax, Şəmkir, Zaqatala, Balakən, Bərdə, Ordubad, Naxçıvan, nisbətən Qusar və Ucar inzibati rayonlarının ərazilərindədir. Ümumiyyətlə, Azərbaycanda bu tipli kəndlər magistral yollardan 3-5 və bəzən isə 12-15 km kənarda yerləşərək, əsasən iki mərtəbəli daş binalardan ibarət olub nisbətən geniş 2-3 küçəyə malikdir. Məsələn, Ordubad rayonunda Dırnıs, Dəstə, Göyçay rayonunda Bığır, Quba rayonunda 1-ci və 2-ci Nügədi, Nabrankənd, Şimal, Balaqusar, Xucbala s.-i göstərmək olar.

        Çayçılıq tipli kəndlər adət-ənənələrinə və memarlıq formasına görə digər regionlardan fərqlənir. Bu kəndlər əsasən Şəki-Zaqatala və nisbətən Quba-Xaçmaz iqtisadi-coğrafi rayonlarının kəndlərinə oxşayır. Kəndlər özlərinin forma və böyüklüyündən başqa tikinti materialları və binaların vizual görünüşü baxımından eyni olması ilə fərqlənir. Belə binalara yağmurlu bölgələrdə əsasən Lənkəran, Astara, Masallı (Hirkan, Haftoni, Pensər, Maşxan, Suparibağ, Şiakəran, Mamusta, Siyakü, Kijoba, Ərkivan, Boradigah), (2) Şəki-Zaqatalada isə Mahamalar, Göyəm, Qamıştala, Aşağı Tala, İlisu, Xalxal, Zarağan, Bucaq, Qəmərvan, Vəndam və s. rast gəlmək olur. Respublikanın çayçılıq tipli kəndlərində hər ailənin öz həyətyanı sahəsi vardır. Bu həyətyanı sahələrin çəpərləri də formasına görə fərqlənir.  

       Şəhərətrafı təsərrüfatlar. Azərbaycanda şəhərətrafı təsərrüfatlar əsasən gülçülük, tərəvəzçilik, üzümçülük və quşçuluq üzrə ixtisaslaşmışdır. Bu tip təsərrüfatlar həm açıq, həm də (1980-1990-cı illərdən sonra) örtülü şəkildə, isti şitilliklər formasında  şəhər və qəsəbələrin ətrafında inkişaf etdirilir. Məsələn, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tərtər, Naxçıvan, Lənkəran, Mingəçevir, Şirvan, Naftalan, Bərdə və s. bölgələrdə məskunlaşmış kənd əhalisi təzə tərəvəz, quş əti, yumurta son illərdə süd, qatıq, şor və hətta balıq məhsulları (nohur balıqçılıq) ilə həm yerli əhalini, həm də ətraf məntəqələrin əhalisini təmin etmək. Respublikada təsərrüfatların bu formada inkişaf etməsi yaxın gələcəkdə emaledici sənaye sahələrinin yaranmasına səbəb olacaqdır ki, bu da öz növbəsində kəndlərin funksional və morfoloji-genetik xüsusiyyətlərinin dəyişməsinə səbəb olacaqdır. Nəticədə respublikanın bəzi regionlarında yeni məskunlaşma forma və tipləri yaranacaq, kəndlərin sosial-iqtisadi şəraiti və memarlıq görünüşü dəyişəcəkdir. Misal olaraq İsmayıllıda İvanovka, Qubada Zərdabi, Cəlilabadda Muğan, Qazaxda Daş Salahlı, Masallıda Boradigah, Gədəbəydə Slavyanka, Cəbrayılda Cocuq Mərcanlı və s-i göstərmək olar.

      Müstəqillik illərində iqtisadi dirçəlişlə əlaqədar olaraq respublikanın ovalıq, düzən və orta dağlıq ərazilərində olduğu kimi ucqar dağlıq və nisbətən yüksək dağlıq ərazilərində də köklü dəyişikliklər oldu. Xınalıq kəndinə gedən Quba-Xınalıq magistral avtomobil yolunun bərpası və yenilənməsini, Bakı-Beyləqan, Bakı-Astara, Bakı-Gəncə-Qazax, Bakı-Xaçmaz-Şabran və s. göstərmək olar. Ölkədə iqtisadi dirçəlişlə əlaqədar kənd təsərrüfatının inkişafı ilə bağlı bir neçə kanal, su anbarı və dəryaçalar tikilib təsərrüfata cəlb edilmişdir. Məsələn, Taxta-körpü su anbarı Samur-Abşeron kanalı ilə birləşərək təsərrüfatların suvarılmasında istifadə edilir. Bu Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxta-Körpü kanalı ilə eyniadlı su anbarına tökülür. Son 25-30 ildə bu şosse və su kanalları ətrafında kəndlərin ərazisi genişləndirilmiş, binalar memarlıq baxımından abadlaşdırılmış və dəmyə ərazilərində nəqliyyat yolları boyunca yaşıllaşdırma işləri aparılmışdır. Hazırda bu işlər tam həyata keçdikcə şübhəsiz ki, respublika daxilində, əsasən kənd rayonlarında əhalinin miqrasiyasında da dəyişiklik olacaqdır. Sovet dönəmində, yəni 1980-ci ilə qədər kənd əhalisi şəhərlərə birmənalı olaraq miqrasiya edirdi. Lakin son 30 ildə əhalinin miqrasiya əmsalı xeyli aşağı enmişdir. Kənd əhalisi artıq dağlıq və yüksək dağlıq kəndlərdə yaşamağa davam edir. Xoşa, Cimi, Puçuq, Göynük, Kətəm, Kilit, Xınalıq, Buduğ, Ərzikuş, Milax, Sudur, Laza, Çörəkli, Arvana, Suv və s. kəndlərin həyat tərzi yaxşılaşdırılmış, nəqliyyat-iqtisadi infrastrukturları genişləndirilmişdir. Ümumiyyətlə, ucqar dağ kəndlərinin abadlaşması ilə bağlı olaraq onun əhalisinin durmadan artması, həmin ərazilərdə indiyə qədər istifadə olunmayan torpaqların təsərrüfata cəlb olunması kimi məsələlər ölkənin irəli sürdüyü regionlararası iqtisadi problemlərin həllində çox mühüm rol oynayacaqdır. Bu tip və funksiyalı kəndlərin saxlanılması eyni zamanda təbiətin qorunmasına, ekoloji tarazlığın bərpasına, onun təbii resurslarından–rekreasiya-turizm ehtiyatlarından uzun müddətli istifadəsinə zəmin yaradacaqdır. Qeyd etmək lazımdır ki, Azərbaycan kəndlərinin turizm baxımından qiymətləndirilməsi müxtəlif kənd məskənlərinin plan-uçotunun, onun yaşama qabiliyyətinin xüsusiyyətlərini və nəhayət bütün kənd məntəqələrinin morfoloji-genetik quruluşunun təsnifatını verməkdir (3). Azərbaycan kəndlərinin müxtəlifliyini yalnız məntəqələrin həcmi ilə deyil, həm də xarici görünüşü, funksional tipi, onun genetik quruluşu və mövcud tikinti materiallarının müxtəlifliyi ilə fərqlənir. Məşhur əhalişünas alim V.S.Caoşvili düzgün olaraq qeyd edir ki, kənd yaşayış məntəqələrinin genetik və morfoloji xüsusiyyətləri aşağıdakı amillərin təsiri nəticəsində formalaşır (1.314): 1.Sosial-iqtisadi şərait; bu məhsuldar qüvvələrin inkişaf səviyyəsini və istehsal fondunu təyin edir. 2.Tarixi-etnoqrafik xüsusiyyətlər və adət-ənənələr; 3.Funksional təqdimat; 4.Təbii-coğrafi mühit.

            Ərazidə məhsuldar qüvvələrin inkişafı kəndlərin formasına, onların böyük və kiçikliyinə, tikinti materiallarının növünə, xarici görünüşünə və təsərrüfat tikintilərinə də böyük təsir göstərir. Məlumdur ki, sosial-iqtisadi şərait kəndlərin, eyni zamanda mədəni-məişət və xidmət sahələrinin vəziyyətinə təsir edərək, onların müasir tələbata uyğun inkişafını dərinləşdirir, əhalinin maddi rifahına və zövqünə müsbət təsir göstərir.

       Kəndlərin ərazi daxilində yerləşməsi, onların ölçüsü, inşaat materiallarının növləri və tarixi etnoqrafik şəraitin təsiri altında dəyişilir. Bu amillər özlüyündə Azərbaycan kəndlərinin yerləşməsində və əhalisinin məskunlaşmasında da özünü aydın biruzə verir. Respublikanın kəndləri uzun tarixi dövr ərzində xarici işğalçıların təcavüzü altında dəfələrlə dağıdılmış və yenidən məskunlaşmış, ərazilərin miqyası dəyişmişdir. Respublikanın Ermənistan, Gürcüstan və Dağıstan respublikaları ilə həmsərhəd inzibati rayonlarındakı kəndlərin tarixi-etnoqrafik xüsusiyyətləri milli irsi ornament baxımından az da olsa bir-birindən fərqlənir. Kəndlərin müxtəlif tipli morfoloji və genetik xüsusiyyətləri müəyyən təbii-coğrafi mühit əsasında meydana gəlmişdir. Azərbaycan kəndlərinin morfoloji və genetik xüsusiyyətləri ərazinin iqlimindən, relyef quruluşundan və torpaq örtüyündən çox asılıdır. Belə ki, respublikanın bəzi aran rayonlarında və Naxçıvan MR-də binaların tikintisində yerli iqlim şəraitinə uyğun müxtəlif tikinti materiallarından istifadə olunur. Qeyd etmək lazımdır ki, 1985-1990-cı illərə qədər Culfa, Ordubad, Şərur, Şabran və Qusar inzibati rayonlarının bir çox kənd məntəqələrinin tikintisində və bərpasında saman, ağac tozunun torpaqla qarışığından hazırlanmış materiallardan istifadə edilirdi. Bu növ tikinti materialları yayın ən isti günlərində evləri sərin saxlayırdı. Lakin artıq kənd evlərinin tikintisində müasir konstruksiyalardan və şüşə-plastik materiallardan istifadə edilir. Bu da mövcud iqlim şəraitində yaşamaq və rahat nəfəs almaq üçün əlverişli deyil. Respublikanın şimal və qərb regionunun kənd məntəqələrinin tikintisində əsasən taxta məmulatlarından, xırda çay daşlarından və nisbətən bişmiş kərpicdən istifadə olunur. Elə dağ kəndləri də vardır ki, ağac və daş məmulatlarının olmaması və onların daşınmasının baha başa gəlməsi, həm də havaların soyuq və yağıntılı keçməsi səbəbindən evlərin tikintisində bişmiş kərpicdən istifadə edilir. Belə evlərə Zaqatala, Quba, Xaçmaz, Naxçıvan, Qazax, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Goranboy və s. rayonların əksər kəndlərində rast gəlinir.

       Respublikanın məskunlaşmış ərazilərində relyefin mənfi 28 m-dən mütləq 2750 m-ə qədər yüksəlməsi və onun kontrastlığını nəzərə alaraq bu ərazilərdə salınmış kənd yaşayış məntəqələrini öz təbii-coğrafi şəraitinə görə 5 qrupa bölmək olar:

       1.Rütubətli subtropik iqlimə malik olan ovalıqda salınmış kəndlər; 2.Quru-isti və mülayim iqlimli dağətəyi və düzən ərazilərdə yerləşən kəndlər; 3.Mülayim və quru iqlimli orta dağlıq ərazilərdə salınmış kəndlər; 4.Qışı quru və nisbətən soyuq keçən dağlıq və dağüstü düzən ərazilərdə yerləşən kəndlər; 5.Yüksək dağlıq, iqlimi kontinental və sərt keçən (subalp və alp) çəmənlik ərazilərdə yerləşən kəndlər (7).

       Hər bir qrupa daxil olan kəndlər yerləşdiyi ərazinin relyefindən asılı olaraq morfoloji genetik cəhətdən də müxtəlif formalı məntəqələrdir. Eyni zamanda bir sıra kəndlər də vardır ki, bunlar yuxarıda göstərilən qrupların birindən digərinə keçid astanasındadır. Onlara ovalıqla düzən, dağətəyi ilə orta dağlıq və dağlıqla yüksək dağlıq qurşaqları arasında yerləşən kəndlər aiddir. Bunlara Astara rayonunda Süpəribağ, Səncərəddi, Lerik və Yardımlı rayonlarında Qosmalyan, Coni, Qışlaq, Arvana, Qazax rayonunda I və II Şıxlı, Şamaxıda Ərəbşalbaş, Ərəbqədirli, Gədəbəydə Düzyurd, Naxçıvan MR-da Dəstə və Dırnıs və s. aid etmək olar (2).

        Rütubətli, subtropik zonada yerləşən kəndlər Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun dəniz sahilindən başlamış meşəətrafı sahələrə qədər ərazini əhatə edir. Dənizsahili kəndlər mənfi 26 m dünya okeanı səviyyəsindən 0m-ə qədər ərazidə sıx məskunlaşmış uzunsov-lenformalı zolağı təşkil edir. Burada 120-yə qədər kənd məntəqəsi yerləşmişdir ().

        Suayrıcı sahələrdə yerləşən kəndlər sırasında əsasən Lənkəran-Astara, Şəki-Zaqatala, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Culfa-Ordubad rayonlarının aşağı dağlıq hissələrində olan kəndləri misal göstərmək olar. Burada kəndlər əsasən dağ çaylarının düzənliyə çıxdığı zaman əmələ gətirdiyi radikal formalı ərazilərdə, dağlıqdan düzənə keçid zonada salınmışdır. Məsələn, Lerikdə Azərbaycan kəndini, 20-ci km, Şəkidə Aşağı Göynük, Göyçayda İncə, Qubada Xucbala, Cəlilabadda Qarakazımlı və s. göstərmək olar.

        Orta dağlıq ərazilərdə salınmış kəndlər sayca az olub çox mürəkkəb hipsometrik hündürlüklərdə yerləşirlər. XX əsrin 70-80-ci illərinə kimi Dağlıq Qarabağ, onun düzən və orta dağlıq ərazilərində salınan məntəqələrin tikintisində çay daşlarından, qırma və palçıq qarışıq xırda qumlu-daşlı materiallardan, son 40-50 ildə isə müasir tikinti materiallarından və ağ-boz rəngli daş-kubikdən(kərpic) istifadə edilmişdir. Bu tip kəndlərə Ağdamın Orta Qərvənd, Çullu, Xocavəndin Akaku və Tuğ, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Tərtər rayonlarında və Hadrut qəsəbəsəində rast gəlmək olar (işğal altında olmayanlar). Bu morfoloji və genetik tipli kəndlərə coğrafi ərazilərin keçid sərhəddində salınmış kəndləri daxil etmək olar. Belə kəndlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Qarakənd, Qırmızı Bazar, Bulutan, Cəbrayılda Horovlu, Naxçıvan MR-də Ordubad, Culfa, Şərur (600-700 m ərazisində yerləşir), Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun Bala Qusar, İmamqulukənd, Vladimirovka, Dağ Quşçu və s. kəndlərini misal göstərmək olar.

        Dağlıq və dağüstü düzənlikdə (plato) salınmış kəndlər relyefin kəskin parçalanması ilə əlaqədar olaraq özünəməxsus məskunlaşma arealı yaratmışdır. Buraya respublikanın 1500-2000 m-də yerləşən ərazisi daxil olub respublika kəndlərinin 15-16%-ni təşkil edir. Dağüstü (plato) düzənlik sahələr respublikanın Lerik inzibati rayonunda (Qosmalyan, Deman), Yardımlı inzibati rayonunda (Yardımlı düzənliyi), Daşkəsən, Gədəbəy, Qusar, Şəmkir, Naxçıvan MR-in Ordubad, Şərur rayonlarının bəzi zonalarının düzən ərazilərində yerləşən kəndlər daxil edilir.

       Kəndlərin yüksək dağlıq zonada yerləşməsinə görə respublikamız MDB ölkələri arasında özünəməxsus yer tutur. Yüksək dağlıq ərazilərin kəndləri sıldırımlı dağların yamaclarında, dərələrdə (kanyonlarda), dağüstü maili düzənliklərdə yerləşir. Belə kəndlərdən Böyük Qafqazın şimal-şərq yamacında dörd Sudur adlı yaşayış məntəqələrini, Cimi, Laza, Buduğ, Xınalıq, Naxçıvan MR-da Ərəfsə, Kükü, Bist, Nəsirvaz, Kətəm, Kilit, Talış dağlıq zonasında Palikeş, Qışlaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Daşüşən, Mixitərikənd və s., Kiçik Qafqazı misal göstərmək olar.

        Respublikanın mərkəzi hissəsindəki Kür-Araz ovalığında hər 100 kv.km-ə düşən kənd məntəqələrinin sıxlığı yalnız Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun dənizsahili mənfi 26m-dən 200m-ə qədər (14-18 məntəqə) və Samur-Dəvəçi (Şabran) kanalının sahil zolağında 0-la 200m arasında (12-15 məntəqə) zonasından geri qalır. Onu da qeyd etmək lazımdır ki, ən iri və böyük kəndlər də bu ərazilərə məxsusdur. Buradakı kəndlərin böyüməsinə tərəvəzçilik, sitrus meyvəçilik, çayçılıq, bağçılıq, balıqçılıqla yanaşı, heyvandarlıq, arıçılıq, tütünçülük və üzümçülüyün də təsiri az olmamışdır.

         Azərbaycan kəndlərinin ərazi üzrə salınması onların yerləşmə imkanına, kəndlərin böyüklüyünə, onların plan-sxeminə, mənzil tikintilərinin forma və tiplərinə, genetikasına (köhnə və yeni tikintilərə) görə 13 morfoloji tip müəyyənləşdirmək olar (1-ci sxem-xəritə).

      1.Ən nəhəng və məhəlli planı olan kənd məntəqələri. Bu tip kəndlər dənizsahili zonada yerləşib tədricən qəsəbə və şəhər formasını almışdır. Onların bir neçə planlı küçələri olub yaşayış binaları küçəboyu sıra ilə düzülmüş, əsasən ikimərtəbəli eyvanlıdırlar. 1980-1990-cı illərdən etibarən binaların tikintisində bişmiş kərpicdən, qum və çaydaşlarından istifadə olunmuşdur. Bu kəndlərdə əhalinin sayı 8-10 min, bəzən 15 minə yaxındır. Belə kəndlərə Masallı, Lənkəran, Astara, Xaçmaz, Şabran, Qazax, Biləsuvar, Quba, Şəmkir, Tovuz və s. rayonlarda rast gəlinir (sxem 1a).

        2.Nəhəng, nisbətən planlı küçələri olan kəndlər. Bu tip kəndlərin bir-iki planlı düz küçəsi olub iki, bəzən üç mərtəbəli evlərdən (əksəriyyəti zirzəmili və aynabəndlidirlər) ibarətdir. Əsas tikinti materialı qırmızı bişmiş kərpic, damların üstü kirəmit, şifer, 1990-cı ildən sonra isə sarımtıl bişmiş kərpic, qırmızı, yaşıl və bozumtul dəmir təbəqəli plitələrlə örtüklüdür. Bu kəndlər respublikanın üzümçülük-bağçılıq, sitrus meyvəçilik təsərrüfatları inkişaf etmiş ərazilərdə, çay, kanal, magistral şosse və dəmir yolları ətrafında, düzən və ovalıq ərazilərdə, intensiv suvarma əkinçiliyi inkişaf edən ərazilərdə salınmışdır. Əsas magistral yollar kənd mərkəzləri, köməkçi küçələr isə kənd mərkəzi ilə qonşu məntəqələr arasında əlaqə yaradır. Bu kəndlərin əhalisi 2500-3500 nəfər təşkil edir. Bunların normal həyətyanı torpaq-bağ sahələri (500-1000 kv.m) vardır. Bu kəndlər XVIII-XIX əsrlərə, kanallar ətrafındakı kəndlər isə XIX əsrin sonu XX əsrin əvvəllərinə aiddirlər. Çay ətrafındakı kəndlər daha qədim olub XVII-XVIII əsrlərə aiddirlər (1-ci sxem b).

       3.Ən böyük, sistemsiz küçələrə, pərakəndə tikintiyə malik kəndlər. Bu tip kəndlər qədimdir, küçələri torpaq və çınqıllıdır. Evlər əsasən ikimərtəbəlidir, çiy kərpicdən və daşdan tikilmişdir. Belə kəndlər Culfa və Ordubad rayonlarının Arazsahilində, Quba-Xaçmaz, Salyan-Neftçala və Zəngilan rayonlarında daha çoxdur. Bu kəndlərin bəzi evlərinin birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə ağacdan və ya çiy kərpicdən hörülür (1-ci sxem k) (4).

       4.Çox böyük və böyük, bəzən isə iri ölçülü kəndlər. Bu kəndlər orta dağlıq ərazidə yerləşib sistemsiz-plansız, səliqə-səhmanı olmayan, sıx, bəzən terrasvari şəkildə salınmışdır. Bu tip kəndlərdə bir əsas küçə olub ona sağdan və soldan perpendikulyar əyri küçələr birləşir. Evlər bir-iki mərtəbəli olub birinci mərtəbəsindən zirzəmi və ya yarımzirzəmi (anbar) kimi istifadə olunur. Tikintidə daş və nisbətən bişmiş kərpicdən və çay daşlarından istifadə edilir. Bu tip kəndlərə Lənkəran rayonunda (Alma, Osağaküçə, Kənzə) və respublikanın pambıqçılıq və heyvandarlıq rayonlarında rast gəlinir. Əhalisi 2-3 min, bəzən daha da az olur (1-ci sxem d). Bu qrup kəndlər çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kəndlərinin işğalda olmayanları daxil edilib.

       5.Böyük, iri, sistemsiz kəndlər. Bu morfoloji tip kəndlər ərazi üzrə yerləşmə xüsusiyyətinə görə dördüncü tip kəndlərə çox oxşayır. Dağətəyi və orta dağlıq zonalarda və bəzən düzən ərazilərdə də rast gəlinir. Belə kəndlər demək olar ki, respublikadakı kəndlərin 50-60%-ni təşkil edir. Kəndlər əsasən çay vadilərində, kanallar və göllər ətrafında birmərtəbəli, bəzi hallarda ikimərtəbəli olub çaydaşlarından tikilmişdir.Yeni məntəqələrin salınması zamanı ərazilərdə çoxillik əkin sahələri azalaraq əvəzində birillik əkin sahələri artmışdır. Hər 100 kv.km-ə 4-5, bəzən isə 5-6 məntəqə düşür. Hər kəndin orta həcmi 1600-1800 nəfər təşkil edir (1-ci sxem, d).

       6.Çox iri, iri və orta həcmli dağınıq (səpələnmiş) kəndlər. Evlər yarımzirzəmili olub birmərtəbəlidir. Tikinti materialı kimi çaydaşlarından və çiy kərpicdən istifadə edilir. Küçələri qısa və darısqal torpaq cığırlardan ibarətdir. Bu tip kəndlərə respublikanın dağlıq və meşəlik ərazilərində, çay astanalarında rast gəlmək olar. Bu tip kəndlərə Lerik, Qusar, Quba, Dağlıq Qarabağ və Naxçıvan MR-in rayonlarında rast gəlinir. Belə kəndlər respublika kəndlərinin 30%-ə qədərini təşkil edir. Bu kəndlərin əhalisinin sayı 250-1000 nəfər arasında tərəddüd edir (1-ci sxem, e). Son illər iqtisadi inkişafla əlaqədar bu tip kəndlərin sayı get-gedə azalır.

       7.İri, orta, kiçik, sistemsiz və küçələri olmayan kəndlər. Bu morfoloji tip kəndlər dağlıq və yüksək dağlıq ərazilərdə yerləşir, evlər əsasən ikimərtəbəlidir. Birinci mərtəbədən tövlə kimi, ikinci mərtəbədən isə yaşayış mənzili kimi istifadə olunur. Bu tip kəndlərin həyətyanı sahəsi kəndlərin ətraflarında olur, bunlara çöl bağları deyilir. Əsasən payızlıq kələm, kartof, çuğundur, bəzən isə taxıl və arpa əkilir. Evlərin tikintisində saman qarışıqlı çiy kərpicdən, bəzi hallarda isə qırma-ağ daşlardan və çınqıllardan istifadə edilir. Belə kəndlər əsasən hündürlüklərdə (1200-2200m arasında) salınmışdır. Bunlara Böyük Qafqazın Azərbaycan hissəsinin dağlıq ərazilərində (1850-2200m), Ordubad, Şahbuz, Laçın-Kəlbəcər rayonlarının ərazilərində rast gəlmək olar. Belə kəndlərin əhalisi əsasən heyvandarlıq və arıçılıqla məşğul olurlar (1-ci sxem,ə).

       8.Orta, kiçik və xırda kəndlər. Bunlar özünəməxsus yığcam yerləşmə arealları olub bəzi çay dərələrinin nisbətən geniş sahələrində, çay terraslarında yerləşirlər. Binalar bircərgəli, bəzən iki-üç cərgəli olub çaylara paralel yerləşir. Bu kəndlərin həyətyanı sahələri orta ölçülü olub 0,3-0,5 ha tala formalıdır, 500-1500 m radiusa malikdir. Bu tip kəndlərin tikintisində yonma daşlar və çaydaşlarından istifadə olunur, damlar şiferlə örtülür. Kəndlər əsasən dağlıq (1200-1500m), bəzi rayonlarda isə yüksək dağlıq zonada salınmışdır (1-ci sxem,j).

      9; 10; 11; 12;13-cü tip kəndlərə əsasən respublikanın yüksək dağlıq  və bəzi hallarda orta dağlıq zonalarında rast gəlinir. Burada əhali əsasən qoyunçuluq və arıçılıqla məşğul olur (yüksək dağlıq ərazilərdən başqa). Əhali öz örüş sahələrini tərk etmədən nisbətən aşağı zonalarda yaşayırlar. Böyük Vətən müharibəsinə qədər bu tip kəndlər 17-18% təşkil edirdisə, hazırda cəmi 1-2% təşkil edir. Buna baxmayaraq, respublikamızda bu tip kəndlər var və nisbətən sürətlə inkişaf edirlər. Belə kəndlərə Qusarda Suz, Cağar, Taqor, Lerikdə Qışlaq, Ordubadda Kətam, Kilit və s. göstərmək olar. Bu kəndlərin hər birində 20,3 nəfər adam yaşayır. Bu morfoloji tip kəndləri başqalarından fərqləndirən xüsusiyyətlərdən biri də təbii yaşıllığın olmamasıdır. Bu kəndlər subalp və alp çəmənliklərində salınmışdır (1-ci sxem, j və k).

       Nəticə.

1.Qeyd etmək lazımdır ki, müasir dövrdə əhali və yaşayış məntəqələrinin ərazi üzrə məskunlaşması, kəndlərin salınması, onların ərazi daxilində yerləşdirilməsi və tarixi-coğrafi xüsusiyyətlərinin dərindən öyrənilməsi haqqında tədqiqat işləri daha da gücləndirməli,

2.Müasir dövrdə əhali və yaşayış məntəqələrinin ərazi daxilində salınması, onların plan-uçotunun relyef baxımından tənzim edilməli,

3.Ərazidə olan məntəqələrin tarixi-coğrafi xüsusiyyətləri təyin edilməli,

4.Məntəqələrin təsərrüfat tipləri müəyyən edilməli,

5.Yaşayış məntəqələrinin tədqiqatı zamanı onların elmi mahiyyəti praktik cəhətdən təhlil edilməli, elmi axtarış və paralellərdə verilməli,

6.Kənd təsərrüfatı tipli məntəqələrin funksional və morfoloji-genetik quruluşunun təsnifatı ərazinin relyef formalarına uyğun verilməlidir.    

Ədəbiyyat

1.”Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşmasının tənzim edilmə problemləri”. Namizədlik dissertasiyası, Leninqrad, Jdanov adına Universitet, 1983, səh.97-102.

2.Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O. “Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri”. Bakı, 1988, səh.161-170.

3.Nəbiyev N.”Böyük Qafqazın cənub yamacında sellərin statistik təhlili və onların yaranmasının sinoptik-iqlim şəraiti”. //ACCƏ, X cild, Bakı, 2006, səh.538-542.

4.Джаошвили В.Ш. «Население Грузии». Тбилиси, 1968, стр.167-170, 181-187.

5.Садыков М.О. «О взаимосвязях развития районных систем расселения и урбанизации Ленкорань-Астаринского экономического района». Известия АН Азерб.ССР, серия наук о Земле, 1980, №4, стр.56-59.

6.Касумов А., Гусейнов Ф., Садыков М. «Расселение и планировка сел Азербайджана». Тбилиси, 1979, сборник, стр.57-61.

7.Материалы для изучения экономики быта государственных крестьян Закавказского края, том IV, Тифлис, 1886.

Məmməd Sadıqov

Naxçıvan” universitetinin elmi əsərləri

(iqtisadiyyat, filologiya, tarix, coğrafiya, pedaqogika və psixologiya, riyaziyyat),

№3(27), s.213-223, 2022.