Coğrafiyaşünas alim: Xəzərin suyunda duzun miqdarı digər dənizlərlə müqayisədə azdır

Azərbaycan Respublikası Prezidentinin bu il aprelin 12-də imzaladığı “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam vaxtında verilib və bundan səmərəli istifadə etmək lazımdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev söyləyib.

Alim qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz respublikaları arasında ən az su ehtiyatı olan ölkədir. Respublikamızda təxminən illik 30-31 kubkilometr su ehtiyatı var. Bu nöqteyi-nəzərdən ölkəmizdə içməli suya son illərdə tələbat getdikcə artır. Bizdə əsas içməli su mənbəyi Kür çayıdır və Şabran rayonundan Taxtakörpü vasitəsilə Ceyranbatana daxil olan sulardır. Son illərdə bütün dünyada baş verən qlobal iqlim dəyişmələri nəticəsində bizim regionda da yağıntıların miqdarı azalıb və ona görə də Kür çayının suyu getdikcə azalır. İçməli suya olan tələbatı ödəmək üçün alternativ olaraq Xəzər dənizinin suyunu duzsuzlaşdıraraq texniki su kimi, lazım gələrsə, içməli su kimi də istifadə etmək olar. Belə təcrübədən dünyanın hər yerində istifadə olunur. Bu məqsədlə ölkəmizdə də Xəzərin suyundan istifadə etmək mümkündür.

Əmir Əliyevin sözlərinə görə, hazırda Salyan rayonunun Xıdırlı qəsəbəsində İsrail texnologiyası əsasında belə bir zavod tikilib. Zavod sutkada 5 min kubmetr su emal edə bilir. Emal edilmiş sudan əsasən sahələrin suvarılmasında və digər yerlərdə istifadə olunur. Xəzərin sahilində də təxminən 10-15 belə zavod tikilə bilər. Xəzərin suyunu duzsuzlaşdırmaqla texniki işlərdə istifadə oluna bilər: “Xəzərin suyunda duzun miqdarı digər dənizlərlə müqayisədə azdır. Xəzərin 1 kiloqram suyunda 12 qramadək duz var. Qara dənizdə bundan 2 dəfə çoxdur, Aralıq dənizində 3 dəfə çoxdur, Hind okeanı dənizlərində hətta 4 dəfə çoxdur. Bu nöqteyi-nəzərdən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün lazım olan enerji də az sərf olunacaq”.

Xəzərin duzsuzlaşdırılmış suyundan dənizin şərq sahillərində - Qazaxıstanın Manqışlaq yarımadası ərazisində tikilən zavodlardan ötən əsrin 60-cı illərində istifadə edilib. Atom enerjisi ilə işləyən bu zavod orada olan ərazi üzrə yaşayan 1 milyondan çox əhalinin içməli suya və digər sulara olan tələbatını ödəyə bilir. Əgər Xəzər dənizi sahilində belə zavodlar tikilsə, bu ərazidə yaşayan əhalinin texniki suya olan tələbatı ödənilər. Bu sulardan istifadə şəhərimizin yaşıllaşdırılmasına, onun ekoloji vəziyyətinin yaxşılaşmasına da kömək etmiş olar.

Bakı, 19 aprel, Xatirə Cəfərova, AZƏRTAC

https://azertag.az