Ekologiya və ətraf mühitin mühafizəsi
Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb.
Mərdəkanda – Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir.
N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Qeyd edək ki, Bakı bulvarının bəzi yerlərində də sahil xəttinin geri çəkilməsi müşahidə olunur. Hətta Bakı buxtasında adacıqlar əmələ gəlib.
Rəsmi məlumatlara görə, son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb-dünya okeanı səviyyəsindən 29 metr aşağı. 1978-ci ildən suyun səviyyəsi artmağa başlayıb, orta hesabla ildə 15 santimetr artıb. Lakin 2006-cı ildən yenə də Xəzərin səviyyəsinin davamlı olaraq enməsi müşahidə olunur.
2020-ci ildə dənizin orta illik səviyyəsi dünya okeanı səviyyəsindən 27,9 metr aşağı olub.
Mütəxəssislərin məlumatına görə, Xəzərin səviyyəsinin enməsi davam edəcək və əsrin sonuna qədər əhəmiyyətli dərəcədə enəcək. Bu, dənizin ekosisteminə, ətraf mühitə və Xəzəryanı dövlətlərin iqtisadi həyatına ciddi təsir göstərəcək.
Qərb ekoloqları isə Xəzərin səviyyəsinin azalması ilə bağlı fəlakət senariləri cızırlar. Onların modellərinə görə, əsrin sonuna qədər, dənizdə suyun səviyyəsi indikindən 9-18 metr aşağı olacaq. Bu isə dənizin təxminən 30 faizə qədərinin quruması deməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin “Şərq”ə açıqlamasına görə, Xəzərin səviyyəsi həmişə qalxıb-enir:
“Xəzər qapalı su hövzəsidir və dünya okeanından ayrı oluğu üçün onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir. Gəlir hissəni çay suları, yağıntılar və yeraltı sular təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Əgər dənizə daxil olan su çox olarsa, səviyyə qalxır.
Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir.
Xəzərdən şimalda dənizə su gətirən iki böyük çay - Volqa bütün suların təxminən 80 faizini, Ural isə 5 faizini təşkil edir. Son illərdə Xəzərə gələn çay sularının təxminən 30 faizə qədər azalması və buxarlanmanın artması nəticəsində dənizin səviyyəsi enir. Buna əsas səbəb Xəzərin hövzəsi üzərində atmosfer sirkulyasiyası, siklon və antisiklonlardır”.
Professor qeyd edir ki, son illərdə dənizdə antisiklonik vəziyyət yaranıb. İndi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu. Xəzərin səviyyəsinin 1996-cı ildən bu günə qədər 1.5 metr aşağı düşdüyünü vurğulamasına rəğmən Ə.Əliyevin proqnozları nikbindir. Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 metr azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi qalxacaq.
Professor bunun aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb:
“Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarımadasının yuxarı hissəsində, Sumqayıt tərəfində müşahidə olunur və davam edəcək. Haradasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kür çayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək”.
Bu periodikliyin iqlim dəyişikliyi ilə bağlı olduğunu, əsrlər boyunca yağışlı-quraqlıq iqlimin bir-birini əvəz etdiyini vurğulayan alim hazırda Xəzərin hazırkı səviyyəsinin 1977-ci ildəki ən aşağı səviyyədən 1 metr yüksək olduğunu deyib: “Son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci ildə müşahidə olunub.
1929-cu ildən 1977-ci ilə qədər dəniz səviyyəsi 3 m aşağı düşüb, 1977-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 m artıb, 1996-cı ildən bu günə qədər 1,5 m aşağı düşüb. Xəzər dənizinin səviyyəsinin dəyişməsi 4 min il müddətində periodikliyə malik olub. Yəni təxminən 200-250 il ərzində səviyyə aşağı düşüb, bir o qədər müddət ərzində də yenidən qalxıb. Gəlinən qənaətə görə, proses 200-250 il davam edəcəksə, dəniz səviyyəsi bugünkündən 3 metrə qədər aşağı düşə bilər.
Bu, təxminən 2050-ci illərə qədər baş verəcək. 2050-ci ildən sonra isə Xəzər dənizinin səviyyəsində yenidən artma olacaq ki, bu da periodikliyin qalxma vəziyyətinə uyğun gəlir. Lakin 200-250 illik düşmə dövründə dənizdə qalxmalar da müşahidə oluna bilər ki, bunun təxminən 30 illik dövrlə baş verdiyi müəyyən edilib. Hər 30 ildən bir Xəzərin səviyyəsində 0,5 m-ə qədər qalxma ola bilər. Dənizin səviyyəsinin ən son yüksəlməsi 1995-ci ildə olubsa, təxminən 2032-ci illərdə 0,5 m-ə qədər qalxma mümkündür”.
Xəzər dənizinin səviyyəsinin enməsinin ciddi bir təhlükə olmadığını vurğulayan professor bir daha dəniz səviyyəsinin 1977-ci ildə indikindən 1 m aşağı olduğunu və heç bir fəlakət yaşanmadığını xatırladıb. Onun sözlərinə görə, Xəzərdəki qalxıb-enmələr sadəcə ətraf ərazilərə, infrastruktura, insanların fəaliyyətinə mənfi təsir göstərir.
Şəymən Bayramova