Qlobal istiləşmə səbəbilə dünyadakı su səviyyəsinin hər gün daha da yüksəlməsi bütün dövlətlər və insanları narahat edir. Aparılan tədqiqatlara əsasən Qrenlandiya və Antarktidada yerləşən buzların əriməsi ilə dünyada su səviyyəsinin 2100-cü ildə 2 metr yüksəlmiş olacağı, bunun nəticəsində 187 milyondan çox insanın yaşadıqları əraziləri tərk edəcəyi və qlobal miqyasda ABŞ-ın Kaliforniya ştatından 3 dəfə böyük ərazi itkisinin baş verəcəyi düşünülür.
Xatırladaq ki, bu tədqiqatda qeyd olunan su səviyyəsi 2013-cü ildə proqnozlaşdırılandan iki dəfə yüksəkdir.
Su səviyyəsinin qalxması bir sıra, xüsusilə iqtisadiyyat və kənd təsərrüfatı sahələri üçün mənfi nəticələr yaratması ilə yanaşı, sahilkənarı ölkələr üçün də böyük bir təhlükə kimi hesab olunur. Belə ki, mövcud vəziyyətin davam etməsi 100 il ərzində ilk Hollandiya olmaqla Danimarka, İtaliya, Yunanıstan kimi ölkələrin çox hissəsi və İstanbul, London, San Fransisko kimi şəhərləri su altında qoyacaq.
Bəs, həqiqətən dünyanı necə bir fəlakət gözləyir?
AMEA-nın Coğrafiya İnstitutunun Xəzər şöbəsinin müdiri professor Əmir Əliyev yaranmış vəziyyətin səbəbini qlobal istiləşmədə görür.
“Dünyada su səviyyəsinin qalxması iqlimdə baş verən istiləşmə ilə əlaqəlidir. Bu da öz növbəsində Antarktida, Arktika və Qrenlandiyadakı buzlaqların əriməsi ilə nəticələnir. Buzlaqlar əridikcə, su səviyyəsi hər il 3.6 mm yüksəlir. Qeyd edək ki, bu göstərici keçən əsrdə 1.4 mm olub”.
Professor həmçinin qlobal təhlükənin müxtəlif ölkələrə yaradacağı fəsadlardan, təbii təhlükələrdən də söz açıb. O, qeyd edib ki, dünyada su səviyyəsinin artması birbaşa olaraq, sahilkənarı və ada ölkələrini suya qərq edəcək.
“Bu proses həmçinin Asiya ölkələrinin əhalisinin əsas qida mənbəyi olan düyü və çəltik istehsalına da mənfi istiqamətdə təsir edəcək. Bunun da katastrofik nəticələri ola bilər. Dünyada bu qida məhsulu yox ola bilər, çünki bu vəziyyət onun becərilməsinə mənfi təsir göstərəcək”.
Dünyada su səviyyəsinin artmasına baxmayaraq, əksinə Xəzər dənizində son illər bunun azalması müşahidə olunur. Hətta aparılan tətqiqatlar göstərib ki, bir neçə ildən sonra Xəzər dənizinin səviyyəsi 9-18 metr enəcək. Söhbət zamanı professor bu problemdən də söz açıb. O, qlobal istiləşmənin Xəzər dənizinə edəcəyi mənfi dəyişikliklərdən də bəhs edib.
“Xəzər dənizinin səviyyəsi hər zaman müxtəlif amillərdən asılı olaraq dəyişib. 1995-ci ildən başlayaraq bu günədək Xəzər dənizinin səviyyəsi 1.5 metr aşağı düşüb və balıqçılıq və gəmiçilik kimi sahələrin inkişafına mane olub. Lakin, bu problem nə insanlar, nə də dövlətlər tərəfindən yaradılmayıb, təmamilə təbii bir prosesdir. Buna görə də, dövlətlərin, insanların müdaxiləsi heç bir səmərə verməz”.
Aysel Bədəlova