Həqiqətən müasir Azərbaycan Respublikası hazırda dünyanın coğrafiyası sistemində mühüm yer tutur və tarixən məskunlaşmış bir məmləkət kimi çoxillik tarixi-coğrafi təkamül dinamikası ilə xarakterizə olunur. Azərbaycanın çoxillik coğrafi təkamülü və paleocoğrafi inkişaf tendensiyasının təhlili göstərir ki, onun çoxəsrlik coğrafiyası bir məmləkət kimi Qafqazın nəhəng su arteriyalarından sayılan Kür-Araz çayları arasında formalaşmışdır. İndi də özünün müstəqil, daimi milli-demokratik inkişaf meyillərini qoruyub saxlamışdır. Doğma yurdumuz coğrafi mövqeyinə görə olduqca əlverişli şəraitdə yerləşmişdir. Bu da mühüm şərt kimi qitələrarası siyasi-iqtisadi ticarət əlaqələrini qat-qat artırmışdır. Eyni zamanda belə vəziyyət tarixi, milli-mədəni dəyərlərinin coğrafiyasını daha da genişləndirmişdir. Bundan başqa, yurdumuzun ayrılmaz hissələri olan qədim Qarabağ, Bərdə, Gəncə, Şuşa, Bakı, Qəbələ, Şamaxı və s. kimi qədim mədəniyyət mərkəzlərinin dünya ictimaiyyətinə təbliğinə çox böyük kömək etmişdir. Qeyd etmək lazımdır ki, qədim mədəniyyətə malik xalqımız doğrudan da dünya şöhrətli məşhur sənətkarlar və görkəmli nailiyyətlər qazanmış alimlər də yetişdirmişdir. Onlar astronomiya, tarix, ədəbiyyat, incəsənət və s. sahələrdə dünya elminin inkişafına yeni fikir və ideyalarla təkan vermiş, ensklopedik biliyə malik dahilərlə bərabər dünya coğrafiya elminin inkişaf təkamülündə görkəmli rol oynamış klassik coğrafiyaşünaslar və səyyahlar da yetişdirmişdir.
Xalqımızın tarixi-coğrafi səlnaməsində yetişdirdiyi klassik səyyah və coğrafiyaşünaslardan IX əsrdə yaşamış Əl-Bərdai, Abuəziz Bərdai, Ömər Ərdəbili, Əbdül Qasım ibn Hayqal və s. adlarını iftixarla çəkmək olar. Coğrafi səlnamələr göstərir ki, klassik coğrafiyaçı Əbdül Qasım Hayqal Azərbaycanın ilk tarixi xəritəsini işləmişdir. Eyni zamanda X əsrdə Azərbaycanın dövlət kimi sərhədləri, ərazisi, təbiəti və təsərrüfatı haqqında verilmiş məlumatlar Azərbaycanın tarixi-coğrafi təkamül ardıcıllığının izlənilməsində olduqca vacib şərtdir. XIX əsrin dünya şöhrətli tarixçi-coğrafiyaçısı Abbasqulu Ağa Bakıxanov, İsmayılbəy Qutqaşınlı, Əli Şirvani, o cümlədən XVIII-XIX əsrlərdə yaşamış məhşur səyyah coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani haqqında tanınmış klassiklərdən biri kimi Nurəddin Kərəmovun əsərlərində geniş məlumatlar verilir.
Nurəddin Kərəmov 1911-ci ildə qədim Şamaxı əyalətində doğulmuşdur. Ali təhsilini indiki Bakı Dövlət Universitetində almışdır. 1948-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Uzun müddət (1948-1952-ci illər) Bakı Dövlət Universitetində çalışmışdır. Həmin illərdə universitetdə “Fiziki coğrafiya” kafedrasının müdiri, sonrakı illərdə həmin kafedranın dosenti və professoru vəzifələrində çalışmışdır. 1965-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Fiziki coğrafiya” kafedrasının müdiri, 1975-ci ildən ömrünün sonuna qədər həmin kafedranın professoru vəzifəsində işləmişdir. N.K.Kərəmovun çoxillik və çoxsahəli elmi fəaliyyətinin tədqiqat istiqaməti əsasən fiziki coğrafiya, landşaftşünaslıq elminin müasir problemlərinin həlli ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, N.K.Kərəmov ümumilikdə Azərbaycanın, o cümlədən Qafqazın landşaft komplekslərinin ilk tədqiqatçısı olmuşdur. Bu problemlərin həllinə dair onun 100-dən çox elmi-tədqiqat işləri və əsərləri nəşr edilmişdir. Görkəmli coğrafiyaçı-alim N.K.Kərəmovun çoxillik elmi tədqiqat fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. O, əməkdar elm xadimi kimi fəxri şərəfə layiq görülmüşdür. Bundan başqa, N.K.Kərəmov Azərbaycanın, xüsusilə klassik coğrafiyaçı-səyyahlarının ömür coğrafiyasının tarixləşməsində, yeni coğrafi ideya və fikirlərinin klassik dünya coğrafiyaçıları arasında tanınmasında mühüm rol oynamışdır. Onun əsərlərində həmçinin dünya coğrafiyasının öyrənilməsində Azərbaycan alimlərinin rolu geniş formada işıqlandırılmışdır. Xüsusilə XIX əsrin birinci yarısında yaşamış azərbaycanlı məşhur səyyah və coğrafiyaçı Hacı Zeynalabdin Şirvaninin ömür coğrafiyasının araşdırılmasında və dünya coğrafiyasının öyrənilməsində N.Kərəmovun xidmətləri böyükdür.
Öz dövrünün görkəmli ziyalısı olmuş Zeynalabdin Şirvaninin tərcümeyi halı hələ öz sağlığında müasirləri tərəfindən yazılmışdır. Lakin onun ən geniş və düzgün tərcümeyi halı öz qələmi ilə yazılmış “Bustanus-Səyahə”, “Riyazüs-səyahət” və “Kəşfül-Maarif” əsərlərində verilmişdir.
Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Azərbaycanın ən qədim mədəniyyət mərkəzi olan Şamaxı şəhərində tanınmış ruhani ailəsində anadan olmuşdur. N.K.Kərəmovun dünya ensklopediyasına düşmüş çox qiymətli coğrafi kəşflərə dair yazdığı “Qırx il səyahətdə” kitabı bilavasitə Zeynalabdin Şirvaninin dünya səyahətinə həsr olunmuşdur. Şirvani özünün yaradıcılığında həmişə təbiət elmlərinə, xüsusilə coğrafiya elmini öyrənməyə çox həvəs göstərmişdir. Dərin və səmərəli mülahizələri onda dünyanın coğrafiyasını dərk etmək, gəzmək, müxtəlif xalqlarla görüşmək, onların adət və ənənələrini, mədəniyyət və tarixlərini öyrənmək həvəsi oyatmışdır. Ona görə müəyyən müddət Bağdadda qaldıqdan sonra hələ on yaşı olmamış çoxdankı arzusu olan coğrafi səyahətə başlayır. Bu başlanğıcdan sonra insanları lərzəyə gətirən okean və dənizlərdən, susuz səhralardan, sıx tropik meşələrdən keçərək 60 min kilometrdən artıq yol keçmiş və bunun üçün təxminən 40 il zaman sərf etmişdir. Yəni səyyah dünyanı yarıya bölən ekvator xəttindən 1,5 dəfə çox yol qət etmişdir.
Əlbəttə bu, böyük H.Şirvaninin ömür coğrafiyasının tarixləşmiş səlnaməsidir. Professor N.K.Kərəmovun tarixi-coğrafi təhlilinə əsaslanaraq qeyd etmək lazımdır ki, H.Zeynalabdin Şirvaninin dünya coğrafiyasının tarixləşməsində və klassikləşməsində əsas təkan kimi çoxillik səyahətinin ilk səfər-marşrutunun başlanğıcı Bağdad şəhəri olmuşdur. Sonrakı mərhələdə səyahət marşrutu İraqi-Əcəm, Gilan, Talış-Muğan, Şirvan, İran, Azərbaycan, Xorasan, Herat, Kabil, Pakistan, Hindistan, Banqladeş, Siam (Tailand) diyarlarından keçmişdir. Zeynalabdin Şirvani bunlarla yanaşı Hind və Sakit okeanları haqqında, eyni zamanda üç min adadan ibarət İndoneziya ölkəsinin coğrafiyası barədə əsaslı məlumatlar toplamışdır. Yəni Uzaq Şərq dünyasının nəhənglərindən sayılan İndoneziya məmləkətinin coğrafiyasının ilk tədqiqatçılarından biri olmuşdur. Bunun müqabilində böyük tədqiqatçının adı əbədiləşdirilmiş və onun adına kitabxana-muzey təsis olunmuşdur. Ümumiyyətlə, dünya coğrafiyasının öyrənilməsində əhəmiyyəti olan 40 illik səyahətləri dörd marşrut daxilində tamamlamışdır. H.Z.Şirvaninin 2-ci səyahət marşrutu Şiraz (fars əyaləti) şəhərindən başlayır. Sonra Hörmüz boğazı, Həbəşistan, Sudan, Ciddə, Məkkə, Mədinə, Nil, Qahirə və Sinay yarımadası, Liviya, Suriya, İraq əyalətinə kimi davam edir.
Üçüncü marşrutu Bağdad şəhərindan başlayır, Atlantik okean sahillərinə qədər gəlib çatır. Beləliklə, H.Z. Şirvani Uzaq Şərq coğrafiyası ilə Avropa coğrafiyası arasındakı coğrafi təkamül dinamikası, coğrafi mədəniyyət haqqında ilk dəfə maraqlı tarixi məlumat silsiləsi hazırlayır. Özlüyündə bu coğrafi məlumatlar materiklər və qitələr coğrafiyası haqqında elmi biliklərin formalaşması istiqamətində mühüm addımlar kimi nəzərə alınmalıdır. Çünki dünya coğrafiyasının, onun tərkib hissəsi kimi materiklərin və qitələrin coğrafiyasının formalaşmasına dair məşhur Vegenerin nəzəriyyəsində bu prinsiplər nəzərə alınmışdır. Göstərdiyimiz dörd səyahətindən başqa H.Z.Şirvani Azərbaycan və İran daxilində də müəyyən lokal səyahət etmişdir. Lakin bu səyahətlərin bir hissəsi əslində məcburi xarakter daşımışdır. Çünki, o vaxtlar bu mahir insanın mütərəqqi fikirlərini sevmirdilər. Ona görə Şirvani müəyyən müddətdən sonra fars dünyasında yaşayış məkanını dəyişməyə məcbur olmuşdur. Professor N.K.Kərəmov hər şeydən əvvəl klassik Azərbaycan səyahətçisini dünya coğrafiyasında təbliğ etmiş, onu tanıtmışdır. Məsələn, Azərbaycanın digər tanınmış tarixçi-coğrafiyaşünası A.A.Bakıxanov Şirvani haqqında yazır: “ O, bir müddət Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuşdur. Eyni zamanda Yaxın Şərq dünyasının məşhur alimlərinin, görkəmli şəxslərinin təbliğatçısı olmuşdur”. Onun ən məşhur əsəri olan “Riyazüs-səyahə”-nin birinci hissəsinin üzünü köçürməyi Quba şəhərində yaşayan Məhəmmədtağı ibn-Məhəmmədqasım adlı bir nəfərə tapşırmışdır. Bu barədə tanınmış tədqiqatçı A.Quliyevin fikri olduqca maraqlıdır. O göstərir ki, H.Z. Şirvanin böyük mədəniyyət mərkəzi olan Rusiyada tanınmasında məşhur tarixçi A.A.Bakıxanovun böyük xidmətləri olmuşdur. O cümlədən, Şirvanini rus mədəniyyəti tarixində tanıtdıran məşhur rus şərqşünası N.B.Xanıkovun fikirləri də olduqca diqqətə layiqdir. Çünki, Xanıkov H.Z.Şirvaninin müasiri olmuşdur. Ona görə ilk dəfə Şirvanini istər Rusiyaya və Avropaya tanıtdıran Xanıkov olmuşdur. N.Xanıkov ilk dəfə Şirvani və onun klassik coğrafiyaçı səyyah kimi fikirləri haqqında qeydlərini Qərb dünyasında fransız dilində işləmişdir. N.B.Xanıkov H.Z. Şirvani haqqında yazır: “Onun yazıları, klassik coğrafi fikirləri dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilir və öyrənilir”. Şirvaninin səyahətlər proqramı xalqımızın mədəni əlaqəsi tarixinin qızıl səhifələrini təşkil etmişdir. Əlbəttə bunların hamısı və klassik səyahətçinin dünya səyyahlar sırasında yer almasına səbəb olmuşdur. Bunların səbəbi görkəmli coğrafiyaçı N.Kərəmovun elmi informasiyasının daha dərin və məzmunlu olmasıdır. H.Z.Şirvani hindli hakimdən razılıq edərkən əsl dünya insanlığına xas olan şərqin görkəmli mütəffəkir və şairi Sədinin sözlərilə yazır ki, “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad qoyub getmək daha vacibdir”. Bu sözlərin əsl mahiyyəti eyni zamanda professor N.Kərəmovun Şirvani haqqında çox mənalı, yetkin məzmunlu səlnaməsinin təhlilinə də şamil olunur. Səyahəti ərəfəsində Şirvani Tehranda olarkən Fətəli şah onu iki dəfə yanına çağırtdırır. Şah ona sarayda qalmağı təklif edir. Lakin Şirvani bu təklifi çox nəzakətlə rədd edir. Görünür bu şahlıq və ədalətsizlik hökmranlığı üsul-idarəçilik sistemi səyyahı o qədər də qane etməmişdir.
Məzmunlu və dünyəvi tarixi-coğrafi səlnaməsi ilə fərqlənən H.Z. Şirvani birinci növbədə doğma Azərbaycanı, xüsusilə Şamaxını görməyə tələsirdi. Çünki onu çox kiçik yaşında (4yaşında) Şamaxıdan aparmışdılar. Nəhayət 1796-cı ildə Astara çayından keçib Talış dağlarının şərq yamacları boyunca Lənkərana daxil olur. Talışın gözəl və sıx meşələrinin mənzərəsinə heyran olur. Eyni zamanda Talış dağlarındakı müasir landşaftın təsnifatnın strukturunda müşahidə olunan azonallıq haqqında (inversiya) qeyri-zonallıq ilk elmi fikir söyləmişdir. Sonradan həmin elmi ideya həqiqətən elmi cəhətdən “azonallıq” nəzəriyyəsi kimi əsaslandırılmışdır. Olduqca maraqlıdır ki, səyyah Lənkərandan Şamaxı bazarına çatmaq üçün düyü və başqa mallar aparan karvanı ilə yola düşür. Yol boyu səyyah qədim Muğanın, Şirvanın, Araz çayı və s. yaşayış məntəqələrinin coğrafiyası haqqında çox maraqlı tarixi-coğrafi məlumatlar toplayır. Hələ o vaxtlar Muğanın məşhur vilayət olması, dünyanın qədim şəhərlərindən birinin burada olmasını qeyd etmişdir. Muğan bölgəsində yerləşən qədim Beyləqan şəhərinin 1221-ci illərdə Monqol xanı Çingizin sərgərdələrinin qoşunlarına ciddi müqavimət göstərməsi həqiqətən Azərbaycanın, o cümlədən, Muğanın müasir tarixi coğrafiyası, onun formalaşma dinamikası haqqında mühüm məlumatlar olduqca gərəklidir. H.Z.Şirvani göstərir ki, Şamaxı nəinki Azərbaycanın və bütünlüklə Qafqazın ən qədim və tanınmış şəhərlərindən biridir. Şəhər eramızdan əvvəl III əsrdə salınmış və eramızın VII-VIII əsrlərində dağılmışdır. Eramızın II əsrində yaşamış məşhur klassik coğrafiyaşünas Klavdi Ptolomey qədim Albaniyanın şəhərləri sırasında Mamexeya və yaxud Kamaxeya şəhərlərinin də adlarını çəkir. Ümumiyyətlə H.Z.Şirvaninin qədim dünya coğrafiyasının öyrənilməsində, onun xəritələşməsində çox böyük tarixi məlumatları və xidmətləri olmuşdur. Çünki, müasir Yer kürəsinin coğrafi xüsusiyyətlərinin öyrənilməsində H.Z.Şirvani kimi klassiklərin real fikir və ideyaları əsas götürülmüşdür. Yəni müasir dünya coğrafiyasının təhlilində, mövcud dövlətin əhalisi, məşğuliyyəti, mədəniyyəti haqqında məlumatlar sonrakı tədqiqatlarda yeniləşmiş və dəqiqləşdirilmişdir. Çünki H.Z.Şirvaninin çoxtərəfli səyahət marşrutları Hindistan, Pakistan, Banqladeş, Hind okeanı, Şri-Lanka, Şərqi Türküstan , Turan və Afrika ölkələrini əhatə etmişdir. İlk dəfə olaraq H.Z.Şirvani Yer kürəsinin iqlim qurşaqları haqqındakı coğrafi təsnifat sistemi vermiş, müasir dünya iqliminin təsnifatının zonallıq prinsipinin formalaşma qanunauyğunluğunun əsasını qoymuşdur. O, dünyanı ilk dəfə 7 iqlim qurşağına bölmüşdür. Sonradan məşhur iqlimşünas və dünya iqliminin təsnifat coğrafiyasının banisi rusiya alimi B.Alısovun sayəsində 11 iqlim qurşağı ideyası formalaşdı. Beləliklə, professor Nurəddin Kərəmovun Azərbaycanın klassik coğrafiyaçı səyyahı Hacı Zeynalabdin Şirvaninin çoxillik yaradıcılıq səlnaməsinin, xüsusilə Yer kürəsinin coğrafiyasının formalaşması qanunauyğunluğuna həsr etdiyi fundamental əsərləri bilavasitə Azərbaycan elminin, azərbaycanlı elmi klassiklərinin təbliğidır. Şirvani özünün təkcə coğrafiyaçı kimi yox, eyni zamanda tarixçi, etnoqraf, filosof, ədib və şair kimi dünya elmi ictimaiyyətində tanınmasında professor N.Kərəmovun xidmətləri danılmazdır.
Onun H.Z.Şirvaninin həyatı və çoxillik elmi yaradıcılığına həsr olunmuş kitabları və elmi əsərləri keçmiş sovet məkanında, eyni zamanda doğma Azərbaycan məmləkətində dəfələrlə nəşr olunmuş, yayılmış və tanınmışdır.
N.Kərəmov əsas elmi tədqiqatları Azərbaycanın (Böyük Qafqazın) landşaftlarına, fiziki coğrafiyasına və Azərbaycanın klassik səyyah və coğrafiyaşünaslarına (Hacı Zeynalabdin Şirvani, Əbdül Rəşid Bakuvi, Abbasqulu ağa Bakıxanov s.) həsr edilmişdir. Onun coğrafiyaçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. N.Kərəmov ali məktəblər üçün “Azərbaycan SSR-in fiziki coğrafiyası” (B., 1959) dərsliyinin tərtibçilərindən biri olmuşdur.
O, bütün yaradıcılıq fəaliyyətini coğrafiya elmi tarixinin öyrənilməsinə həsr etmişdir. Çünki alim düşünürdü ki, elmin keçmişinin öyrənilməsi onun gələcək inkişafı və problemlərin həlli üçün böyük əhəmiyyət kəsb edir. Keçmişimizin elmi axtarışlarını, nöqsanlarını və əldə etdikləri nailiyyətlərini bilmədən elmin müasir perspektivlərini və problemlərini müəyyən etmək qeyri-mümkündür. Həqiqətən tarixi araşdırmalar elmi gələcəyin proqnozlaşdırma yollarından biridir. Müstəqil elm kimi formalaşmış müasir Azərbaycanın coğrafiyası elmi mürəkkəb inteqrasiya və mürəkkəb differensasiya mərhələləri keçmişdir. Ona görə elmin tarixinin öyrənilməsi gələcək inkişaf yollarının işıqlandırılmasına xidmət edir.
Respublika qəzeti
7 iyun 2022-ci il
Z.Eminov,
AMEA akad.H.Əliyev adına
Coğrafiya İnstitutunun direktoru, c.e.doktoru,
H.Haqverdiyev,
AMEA akad. H.Ə.Əliyev adına
Coğrafiya İnstitutu Coğrafi fikir tarixi
şöbəsinin müdiri, c.ü.f.d.