Qarabağ regionu nəinki Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olmasını sübuta yetirən bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti  və musiqi mədəniyyəti ilə şöhrət qazanmışdır. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin rəngarəng təbiəti ilə yanaşı təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

Qarabağlıların zəngin yaradıcılıq seçimində ən mühüm yerlərdən biri onun həyat və məişəti, gündəlik güzəranı  ilə bağlı olan xalq sənəti tutur. Təbiidir ki, qarabağlıların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə, milli, mənəvi dəyərləri bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verməsi qeyd etdiklərimizi bir daha təsdiqləmiş olur. Bu gün dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Bu baxımdan qa-rabağlıların əməyi sayəsində yaranmış bölgənin heyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixinin şahidi oluruq.

Qarabağ ərazisində arxeloji qazıntılar nəticəsində tapılmış qab-qacaq, silah və qadın bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaman sənətkarın ustalıq bacarığından xəbər verən qiymətli mənbədir.

 

Şəkil 1.Azıx mağarası

Metaldan düzəldilmiş sənət nümunələri içəri­sində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyim­ləri ilə yaxından tanış olma iqtidarına malik oluruq. Beləliklə, xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərin­də və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Qarabağda qadınlar üçün baş örtüyü və milli üst geyimlərinin to­xunması və tikilməsi prosesinə orta əsrlərdən başlanılmışdır.

 

Şəkil 2.Pəriçınqıl və Dəlidağ qayaüstü təsvirləri

Arxeloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini daha dərindən öyrənməyə imkan vermişdir (şəkil 1).

 

Şəkil 3. Hacıkənd xalçası (Kəlbəcər rayonu)

Təsadüfü deyil ki, qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu böl­gə dünyanın bir sıra alimləri tərəfindən maraq­la qəbul edildiyi kimi, eyni zamanda bu ulu di­yarın tarixinə saxta yollarla sahib çıxmaq istə­yən avantürüstlərin də diqqətindən yayınma­mışdır. Qarabağdan aşkar edilmiş hər bir arxe­loji qazıntı materialları, başqa sözlə maddi mə­dəniyyət nümunəsi olan irili-xırdalı bütün əş­yalar - tikinti materialları, məişət əşyaları, süf­rə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onlann üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımın­dan qarabağlıların həyatında özünə yer tapan qədim mədəniyyətin xarakterik cəhətlərinin səviyyəsi və inkişaf xüsusiyyətlərinin təcəssü­mü kimi dəyərləndirmək olar (şəkil 2).

Misdən, gümüşdən, tuncdan, qızıldan dü­zəldilmiş ev avadanlığının və zinət əşyaları­nın üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sə­nətin mövcud olduğundan xəbər verir.

Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbində toxunulmuş kilim və xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir (şəkil 3).

Onların bir çoxu dünyanın məşhur mu­zeylərində mühafizə olunur. Belə kilim və xalçalardan Kəlbəcərin Hacıkənd kəndi­nin istehsal etdikləri məhsulları qeyd et­mək olar. Zəngin mədəni irsə malik olan Qarabağ regionu musiqi, muğam diyarı ki­mi də məşhurdur. Azərbaycan musiqi mə­dəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin ço­xəsrlik tarixi vardır. Qarabağ musiqi sənə­tinə muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tu­tur. Təsadüfü deyildir ki, Qarabağ milli musiqisinin təməl daşını və bünövrəsini muğamlar təşkil edir. Qarabağlıların ədəbiyyat nümayəndələrinin yaratdıqları ədəbi və bədii əsərlər Azərbaycan mədəniyyəti xəzinəsində özünəməxsus yer tutur. Qarabağda teatr sənə­tinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy mərasimləri həmçinin, insanların dün­yagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrı­nın yaranmasında mühüm rol oynamışdır. Qa­rabağ xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teat­rının repertuarını müəyyən etik məzmunlu ki­çik və orta ölçülü tamaşalar təşkil etmişdir.

Qarabağ professional teatrının təşəkkü­lündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.Bunun sayəsində XIX əsrdən başlayaraq əv­vəl Şuşada sonra Ağdamda professional teatr yaranmış və çox səmərəli fəaliyyət göstər­mişdir. Qarabağın zəngin dəmir filizi yataq­ları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin mey­dana gəlməsində mühüm rol oynamışdır. Bunların əsasında köhlən Qarabağ atlarının nallanması əsas yer tutur. Dulusçuluq isə Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiy­yətini saxlamışdır. Mütəxəsislər sənətin bu sahəsinin meydana gəlməsini neolit dövrünə aid edirlər. Qarabağ mətbəxi özünün Qara­bağ kətəsi, Bərdə nanı kimi spesifik xörək­ləri ilə fərqlənməklə Azərbaycan kulinariyasının əsas hissəsini təş­kil etmişdir.

Ərazidə aparılmış arxeloji qa­zıntıların nəticələri göstərmişdir ki, Qarabağda yaşamış (Azıx ma­ğarasında) qədim insanlar tarix bo­yu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri ya­ratmışlar və onlardan biri də me-marlıqdır (şəkil 4).

Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsvir i sənət ənənələri özündə neçə-neçə nəsil­lərin bədii təcrübəsini yığıb saxlamışdır.

Şəkil 4. Şuşa qalası

 

Şəkil 5. Xudavəng monastrı (Qədim Alban məbədi, ll-VI-VIII əsrlər)

ABİDƏLƏRİMİZ

Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı Pəriçınqıl, Dəlidağ (hər ikisi Kəlbəcər ərazisində) qayaüstü təsvirləri və s. qeyd etmək olar. Zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, Hacıkənd ünvanlı milli xalça və kilim, zərgər­lik əşyaları və s. daxildir.

Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçi­lən memarlıq abidələrini Vəng kəndi, Xudavəng (qədim Alban məbədi II-VI-XIII əsrlər), məscidləri, məqbərələri, sarayları, Alban kil­sələri, məbədləri və kaşı naxışlarını da xatır­lamamaq mümkün deyil (şəkil 5).

Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus "genefond"unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tenden­siyalarla daha da genişləndirilmişdir. Bu döv­rün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edirdi. Öz zənginliyinə və unikanllığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniy­yətinin aparıcı və ayrılmaz tərkib hissəsi ol­muşdur. Baxmayaraq ki, bədnam və şovinist ermənilər regionun bütün ərazisində olan tu­rizm-rekreasiya və tarixi mədəni obyektləri yerlə-yeksan etmişlər (şəkil 6).

Lakin 30 ildən sonra bu dağıdılmış və viran qoyulmuş tarixi-etnoqrafik inciləri dövlətimiz tərəfindən çətinliklərlə də olsa ərazidə bərpa və yenidənqurma işlərinə start verdi.

Hazırda Şuşa, Ağdam, Füzuli və digər məntəqələrdə böyük abadlıq və yenidənqur­ma işləri aparılır. Bu işlər nəticəsində istər xa­rici və istərsə də daxili qonaq və turistlərin re­giona səfərləri sürətlənəcəkdir.

       Ədəbiyyat

  1. Azərbaycan tarixi XIII-XVIII əsrlərdə, III cild. Bakı, “Elm ” nəşriyyatı, 2007.
  1. Qarabağnamələr, II kitab. Bakı, Yazıçı, 1991. 450 s.
  1. Xəlilov M. C. Albaniyanın qədim abidələri (IV-X əsrlər). Bakı, 2009.
  1. Qarabağın Alban abidələri. İqrar Əliyev, Kamal Məmmədzadə. Bakı, 1997.
  1. M. Məmmədov. Kəlbəcər bölgəsində ar­xeoloji tədqiqatlara dair. Tarix və onun problemləri nəşri. Elmi metodik jurnal. №1Bakı. 2006.
  1. Məzahir Təhməzov. Kəlbəcər Ensiklope­dik məlumatları. Bakı, 2013, 503s.  

Şahvələd ƏLİYEV

AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfi doktoru

Məmməd SARVAN (SADIQOV)

AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,

coğrafiya üzrə fəlsəfi doktoru, dosent

Elm və Həyat №1,2022