İnkişaf edən hər bir ölkədə iqtisadi, sənaye və texnoloji üstünlüklərin əsasını elmi nailiyyətlər və keyfiyyətli təhsil təşkil edir. Bu ölkələrdə dünyanın ən güclü universitetləri, elmi mərkəzləri və məktəbləri mövcuddur, onlar gənclərin elmi sahələrə olan həvəsini və marağını daha da artırırlar.
Azərbaycanda da elmin inkişafına öz töhvələrini verə bilən və yeni kəşflər ortalığa qoyan gənclərə ehtiyac hava-su kimi lazımdır. Yalnız belə bir gənc nəsil ölkəmizi dünyada tadına bilər.
Ancaq nədənsə gənclər arasında bu tendensiyanın balansı pozulub və yeni nəsil elmin arxasınca getmək istəmir. Bu da deməyə əsas verir ki, Azərbaycanda hazırda gənclər arasında elmə münasibət qənaətbəxş deyil.
Alimlərin fikrincə, bu problemi həll etməyin bir sadə yolu var. Mütləq şəkildə gəncləri elmə və təhsilə həvəsləndirmək üçün xüsusi tədbirlər həyata keçirilməlidir.
AMEA - nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Ənvər Əliyevin sözlərinə görə, elmin xammalını adətən təhsil sisteminin özü müəyyən edir. O, bu haqda fikirlərini Ednews – a danışarkən səsləndirib.
“Hazırda elminlər əsaslarını tədris eləyən orta məktəblərdə, hətta institutlarda müəllimləri hazırlayan akademiya sistemində verilən biliklər yetərli deyil”.
Ənvər Əliyevin dediyinə görə, AMEA və elmi institutlarda işləmək istəyən müstəxəssislərin seçimini apararkən bəzən qarşılıqlı maraqlar güdülür. Elmlə çalışan insan mütləq öz sahəsində mütəxəssis olmalıdır.
“Elm peşəkar adamların sahəsi olmalıdır. Biz çox əməkdaşlarımla birlikdə uzun müddət elmi sahələrdə əmək sərf etmişəm və topladığım təcrübələrə əsasən deyə bilərəm ki, elmin inkişafını peşəkar olmayan adamlara buraxsan, onda bu sahədə xeyli problemlər və nöqsanlar yaranacaq. Hətta sizə deyə bilərəm ki, əmək haqqının artırılması belə elmdə çatışmazlıqları aradan qaldıra bilməz. Çünki pulla ilə insanın savadını artırmaq olmur, hətta tarixdə bəzən elə hallar olub ki, qazancı az olan elmi təbəqələr elmin təkminləşməsinə daha çox töhvələr veriblər. Təbii ki, sosial güzaranın təminatı üçün normal məvacibin olmasını da zəruri hesab edirəm. Amma hər halda peşəkar olmayanların iş başına qoyulması elmə və təhsilə ağır zərbə vura biləcək nəticələrə gətirib çıxara bilər. Elmi idarələrdə elmi işçilərin seçilməsi məsələsində heç bir güzəşt, heç bir təmənna və heç bir tapşırıq olmamalıdır”.
Ə.Əliyev elmi müəssisələrdə elmdən xəbərsiz hər hansı bir şəxsin tapşırıq ilə işə götürülməsini yolverilməz hesab edir.
“Belə bir nöqsanlı hallar elmin inkişafını pis vəziyyətə gətirib çıxara bilər. Ömrümün böyük hissəsini elmə həsr edən şəxs kimi bir problemi də diqqətə çatdırmaq istəyirəm. Elə müəllimlər var ki, öz ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda iştirak etsələr, onların əksəriyyəti normal qiymət ala bilməyəcəklər. Bu gün Elmlər Akademiyasında, eləcə də elmi institutlarda son 10-15 il fəaliyyət göstərən elmi işçilərdən DİM-in ixtisas üzrə imtahanlarından keçmək tələb olunarsa, onların yarıdan çoxu ərizəsini yazıb bəri başdan işdən çıxacaqlar. Böyük hissəsi də imtahanda uğurlu nəticələr əldə edə bilməyəcəklər. Onu da nəzərə çatdırım ki, vaxtı ilə Elmlər Akademiyasına qəbul olan yoldaşların ixtisas biliyini və bacarığını yoxlamaq üçün imtahanların keçirilməsi planlaşdırıldı. İmtahan materialları üç variant - asan, orta və çətin suallardan ibarət idi. Təəssüf ki, bunun həyata keçirilməsinə imkan verilmədi, nəticədə bu da növbəti problemlərin yaranmasına səbəb olur”.
Ənvər Əliyev əlavə edib ki, elmin əsaslarını tədris eləyən orta məktəblərdə mövcud vəziyyətə xüsusi diqqət yetirilməlidir, ali məktəblərdə güclü kadrlar hazırlanmalıdır. O, həmçinin qeyd edib ki, təhsilə və elmə xəyanət vətənə xəyanətin amansız yoludur, xalqın milli gələcəyi elmi tədrisin və təhsilin düzgün istiqamətləndirilməsindən aslıdır.
...
Yunis Abdullayev