Q.K. Gül Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur.
1933-cü ildə Rusiyanın Leninqrad şəhərində Su Mühəndisləri İnstitutunu bitirmişdir.
1952–1958-ci illərdə Bakı Dövlət Universitetində «Fiziki coğrafiya» kafedrasının müdiri, 1954–1957-ci illərə həmin universitetin elmi işlər üzrə prorektoru vəzifələrində işləmişdir.
1957–1962-ci illərdə Azərbaycan EA Coğrafiya Institutunun direktoru, «Xəzər problemləri» bölməsinin rəhbəri vəzifələrində çalışmışdır.
Uzun illər (1957–1972) keçmiş SSRİ EA Okenoqrafiya Institutu Aral–Xəzər bölməsinin və Azərbaycan EA Xəzər komissiyasının (1953–1972), Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin sədri olmuşdur (1958–1970). Azərbaycanda Coğrafiyaşünas alim kadrların hazırlanmasında xidməti böyükdür. Azərbaycanda fiziki coğrafiya üzrə ilk orta məktəb dərsliyi onun tərəfindən hazırlanmışdır. «Xəzər dənizi», «Qızılağac körfəzinin coğrafiyası», «Dənizdə neft mədənləri rayonlarının coğrafiyası», «Xəzərin qərb sahillərində dalğaların rejimi və dinamikası», «Meteorologiya və iqlimşünaslıq» kimi elmi əsərlərin müəllifidir. Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə, Xəzər dənizi problemlərinin elmi həlli məsələsində dəyərli xidmətləri olmuşdur.
Q.Gül okeanoloqların 1-ci ümumdünya qurultayında (Nyu-York, 1959) «Dünya okeanının səviyyəsinə dair» məruzə etmişdir. «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.
100-dən çox elmi əsərlin və 5 tədris kitabının müəllifidir.
Qasım Gül Azərbaycanda ilk coğrafiya elmləri doktoru, coğrafiya sahəsində ilk professor, Azərbaycan EA-nın ilk coğrafiyaçı müxbir üzvü, ilk Xəzərşünas-okeanoloq olmuşdur.
Xəzər dənizinin hidrologiyası ilk dəfə professor Q.Gülün doktorluq dissertasiyasında və bir sıra monoqrafiyalarında dərin təhlil olunmuşdur.
O, Azərbaycan okeanologiya məktəbinin banisidir.