H.Ə. Əliyev Ermənistan Respublikasının Sisiyan rayonunun Cömərdli kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunu bitirmiş, 1932–1934-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq Institutunun aspirantı olmuşdur.
1944-cü ildə «Böyük Qafqazın cənub–şərq yamacında çayların aşağı axınlarının torpaqları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1944–1949-cü illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya Institutunun elmi işlər üzrə direktor müavini, 1949–1952-ci illərdə Azərbaycan EA Botanika Institutunun direktoru vəzifəsində işləmişdir.
O, 1950-ci ildə Azərbaycan KP MK katibi və Respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdir.
1952-ci ildən Həsən Əliyev Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan SSR EA-nın yaradıcılarından biridir.
1952–1954-cü illərdə Azərbaycan KP MK-nın üzvü olmuşdur.
1952–1957-ci illərdə Azərbaycan EA-nın akademik katibi vəzifəsində çalışmışdır.
1957–1968-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya Institutunda «Meşə torpaqlarının coğrafiyası» şöbəsinin rəhbəri olmuşdur.
1965-ci ildə «Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları» (Azərbaycan SSR daxilində) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1968–1987-cü illərdə Azərbaycan EA Coğrafiya Institutunun direktoru, 1987–1993-cü illərdə isə direktorun məsləhətçisi vəzifəsində işləmişdir.
Əsas tədqiqat sahəsi — meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olmuşdur. H.Əliyev demək olar ki, bütün ömrünü Azərbaycanda təbiəti mühafizə problemlərinin həllinə həsr etmişdir. Azərbaycanda milli kadrların yetişdirilməsində, onların hərtərəfli inkişafında mühüm rolu oynamışdır. Onun yetişdirdiyi onlarla elmlər namizədi və elmlər doktorları indi Azərbaycanda mühüm elmi tədqiqat, istehsal, kənd təsərrüfat sahələrinə rəhbərlik edir.
O «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redaktoru, coğrafiya üzrə bir sıra problem elmi şuraların üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti olmuşdur.
Akademik dünyanın bir çox ölkələrində — Yunanıstan (1953, 1958), Kanada (1978), Polşa (1980), ABŞ (1977, 1984), Rumıniya (1966), İsveç (1966), Macarıstan (1979), Yaponiya (1980), AFR (1981) və s. olmuş və elmi yaradıcılıq mübadilələri aparmışdır. H.Əliyev 1976-cı ildə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur.
Akademik H.Ə. Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni (1977), «Qırmızı əmək bayrağı» (1952) ordeni, «Şərəf nişanı» (1950), «Oktyabr inqilabı» ordeni (1982), Vavilov adına qızıl medal (1972) və s. yüksək dövlət mükafatlarına layiq görmüş, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. 1974-cü ildə elmdə xidmətlərinə görə ona «Respublikanın əməkdar elm xadimi» adı verilmiş, 1978-ci ildə Təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Dövlət mükafatına layiq görülmüşdür.
Onun 1000-dən çox mühüm elmi və elmi-kütləvi əsəri nəşr olunmuşdur. O, cümlədən «Pirsaat düzənliyi torpaqları və perspektivləri» (1940), «Böyük Qafqazın şimal–şərq hissəsinin meşə və meşə–bozqır torpaqları» (1964), «Böyük Qafqazın şərq hissəsinin litogen torpaqları» (1970), «Tuqay meşələrini qoruyaq» (1984), «Həyəcan təbili» (1976, 1982), «Böyük Qafqazın cənub–şərq yamacı düzən çaylarının torpaqları» (1948), «Qəhvəyi meşə torpaqları» (1965), «Kürboyu Tuqay meşələrinin torpağı», «Böyük Qafqazın torpaqları» və başqa əsərləri vardır. H. Əliyev nəinki Azərbaycan, həmçinin Dünyada Torpaqşünaslıq, Təbiəti mühafizə və ekologiya elmləri sahəsində güclü nəzəriyyəçi və böyük mütəxəssis kimi tanınırdı. Onun «Həyəcan təbili» klassik kitabı bütün təbiətsevər xalqımıza bir çağırış və milli kitab oldu. Onun quru meliorasiya və fitomeliorasiya tətbiqi metodları Azərbaycanda aqrar islahatların inkişafında gərəkli təcrübə olmuşdur.
Akademikin 1982-ci ildə dərc edilmiş «Həyəcan təbili» əsəri respublikamızda təbiətin mühafizəsi və bərpası işlərinin canlanmasına çox böyük təkan vermişdi. Artıq 1978-ci ildə Azərbaycan Təbiəti Mühafizə cəmiyyəti üzvülərinin sayı bir milyonu ötmüş, bu isə öz növbəsində ictimaiyyətimizi, o cümlədən də gənclərimizi özünə cəlb etmişdi.