Hazırda dünyanın arid və semiarid regionlarında tədricən dərinləşən və ciddi problemə çevrilmiş şirin su ehtiyatlarının çatışmazlığı biitün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən ;çoxu içməli su problemi ilə üzləşmişdir. Artıq şirin su problemi qlobal məsələyə çevrilib və onun həlli dünya ölkələrinin birgə səyi ilə mümkündür.

Araşdırmalar göstərir Kİ bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insanların aqroistehsal fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi,qlobal olaraq urbanizasiya prosesinin və əkin sahələrinin sürətlə genişlənməsi və s. əsas rol oynamışdır.

Məlum olduğu kimi, Azərbaycan ərazisinin 60%-dən çoxu arid və semiarid landşaftlardır. Bu ərazilərdə insanların həyat fəaliyyəti bilavasitə şirin su ehtiyatları ilə bağlıdır. Kür-Araz ovalığında kənd məskənlərinin və aqrolandşaftların coğrafiyasının təhlili göstərir ki, bu tip antropogen landşaftların lokallaşdığı əsas sahələr adətən Araz çayları və onlara tökülən çaylar boyunca uzanan ərazilərdir.

Lakin magistral suvarma kanallarının (yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil və s.) fəaliyyəti ilə əlaqədar bu tipli landşaft komplekslərə çaylardan kənar ərazilərdə də rast gəlinir. Bu baxımdan şirin su mənbələrində yaranan qısamüddətli problemlər insanların həyat fəaliyyətinin bütün istiqamətlərində ciddi narahatlıqlar yaradır.

Akademik R.Məmmədovun Azərbaycanda şirin su ekosistemlərinin problemləri və gözləntilər barədə şəxsi müşahidələrinə əsasən Kür çayında suyun səviyyəsi 2020-ci ilin iyun ayında, yəni ilin isti dövründə şirin suya olan tələbatın artacağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Nəticədə 2020- ci ilin iyun ayında Kür çayı deltasının dəniz sahilindən çay yatağı boyunca axının əksinə olaraq Neftçala rayonunun Xıllı məntəqəsinə qədər şor dəniz suyu hərəkət etmişdir. Yenidən iyun ayının ortalarında ərazidə təkrar müşahidələr göstərdi ki, dəniz suyu yataqboyu Salyan məntəqəsinə irəliləmişdir. Yəni yaxınlıqdakı Qaralar kəndinə çatmışdır. Tədqiqatçı göstərir ki, bu zaman Bakı-Astara şose yolunun Kür çayı üzərindəki körpünün yaxınlığında Qaralar kəndindən aSalyana qədər olan çay yatağında çay və dəniz suyu bir-birinə qarışmışdır. Lakin bu hissədə şor dəniz suyu daha ağır olduğu üçün alt qatlara enmiş, üstündə isə qismən çay suyu toplanmışdır. Burada axın çox zəif olduğundan suyun bulanıqlığı xeyli azalmış, şəffaflığı artmışdı. Maraqlıdır ki, müşahidə ərəfəsində çayda suyun səviyyəsinin kəskin şəkildə azalması ilə əlaqədar olaraq canlı sulu hissəsinin eni 4-5 m-ə qədər azalmışdır. Çay yatağı boyunca isə quru adalar və axınla əlaqəsi kəsilmiş kiçik gölməçələr əmələ gəlmişdir. Bəzi yerlərdə isə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuşdur.

Eyni vəziyyət Sabirabad rayonunda Arazla Kürün qovuşduğu yerdə də müşahidə olunmuşdur. Yəni bu hissədə Araz çayında suyun azalması daha böhranlı vəziyyətdədir. Çay yatağının sulu hissəsi normal vəziyyətdən 5 dəfədən çox kiçilmişdir. Burada da yataqda adalar və axınla əlaqəsi qırılmış, durğun sulu gölməçələr əmələ gəlmişdir. Hətta yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatırdı.

Qeyd edilir ki, Araz çayında suyun böhranlı dərədə azalması əvvəlki illərdə də baş vermişdir. Bu illərdə Arazboyu, xüsusilə sol sahil kəndlərdə ciddi problemi olmuşdur. Hətta həyətyanı sahələrdə ağaclar qurumuş və fermer təsərrüfatlarında məhsuldarlıq azalmışdır. Xüsusilə Neftçala rayonunda şirin su ehtiyatının kəskin azalması fermer təsərrüfatlarının əhalinin suya tələbatında ciddi sosial-iqtisadi çətinliklər yaranmışdır. Bəzən Salyandan avtomobillərlə daşınan su isə bu tələbatın çox az hissəsini ödəyirdi. Çıxılmaz vəziyyətdə qalan insanlar intensiv suvarma tələb edən əkin sahələrinə çay dərəsinə dolmuş dəniz suyundan istifadə edirdilər. Bu da öz

növbəsində ərazidə şoran xarakterli landşaftlarda təkrar şoranlaşmanı artırırdı. Təkrar şoranlaşmış torpaqların yuyulub yenidən əkin dövriyyəsinə qaytarılması isə külli miqdarda vəsait və aqrobioloji şirin su-kollektor şəbəkəsi tətbiqlər tələb edir.

Problemə təcrübi yanaşma. Əlbəttə şirin su ekosistemlərində əmələ gəlmiş bu tipli problemlərin həlli məsələsinə tarixi aspektdə yanaşmaq, düzgün nəticə əldə etmək çətindir. Əslində Kür çayında suyun kəskin azalması ümumilikdə son dövrlər Kür çayı hövzəsində və regionda gedən kompleks təbii-antropogen proseslərlə bağlıdır. Ərazidəki şirin su ekosistemlərində baş verən bu kimi dinamiki dəyişmələr tədricən müşahidə olunur. Ancaq son 40-50 illik dövrdə bu vəziyyət daha da intensivləşmişdir. Bunun nəticəsi olaraq respublikamızın ərazisindəki bəzi su anbarlarının, göllərin, çalaların və çayların quruması və yaxud suyunun azalması bilavasitə mövcud şirin su ekosistemlərində baş verən təbii-antropogen proseslərlə bağlıdır. Məsələn, Biləsuvar rayonu ərazisindəki Bolqarçay su anbarı 1965-ci ildə istismara verilmişdir. Su anbarının ümumi həcmi 12 mln.m3 hesablanmış və onun köməyi ilə həmin regionda təxminən 3200 ha artıq əkin sahəsinin suvarılması nəzərdə tutulmuşdu. Lakin sonrakı illərdə anbarın su ehtiyatını yığmaq mümkün olmadığından qeyd olunan əkin sahələrinin suvarılmasında Araz çayından qidalanan digər kanallardan istifadə edildi. Anbara suyun tam yığılmaması isə qonşu İran İslam Respublikasında Bolqar çayın suyundan istifadənin artması səbəb olmuşdur.

Vaxtilə ölkəmizdə şirin su ehtiyatı olan Hacıqabul gölünün quruması da şirin su ekosistemlərində yaranmış coğrafi problemlərlə bilavasitə bağlıdır. Daha doğrusu, buna səbəb son zamanlar gölün qidalanmasında əsas rol oynayan təbii və süni (antropogen) su mənbələrinin kəsilməsidir. Uzun illərdir Hacıqabul gölünün əsas təbii qidalanma mənbəyi Şirvan düzündə vaxtilə mövcud olmuş məşhur Qarasu su-bataqlıq ekosistemi olmuşdur. Bu bataqlıq paralel istiqamətində (Hacıqabul gölündən) qərbə doğru 100km-dən çox uzanırdı. Eyni zamanda köçəri su quşlarının ən sevimli qışlaq yeri olan ərazi bataqlıq və su bitkiləri ilə birlikdə zəngin ekosistem əmələ gətirirdi və regionda biomüxtəlifliyin əsas mənbəyi olmuşdur. Qarasu su-bataqlıq ekosistemini qidalandıran isə Ağsu, Girdimançay və Göyçay çaylarının eyniadlı gətirmə konuslarından axan çoxsaylı kiçik qolları olmuşdur. Lakin keçən əsrin 60-cı illərində həyata keçirilən meliorativ layihələrlə Qarasu su-bataqlıq ekosistemi tamamilə məhv edildi. Bu da öz növbəsində Hacıqabul gölündə ciddi ekoloji problemlər yaratdı. Baxmayaraq ki, bu dövrdə gölü qurumaqdan qurtarmaq üçün müvafiq kanal sularından istifadə edilmişdir. Lakin son zamanlar iqlimin qlobal dəyişməsi prosesi və şirin suya tələbatın artması ilə əlaqədar məqsədli şəkildə Hacıqabul gölünə əlavə suyun axıdılması dayandırılmışdır. Nəticədə vaxtilə zəngin balıq ehtiyatlarına malik və quru çöl ərazilərə iqlim yumşaldıcı təsir göstərən göl tamamilə quruyub məhv olmuşdur.

Akademik həqiqətən çay-dərə ekosistemlərinin də Azərbaycan təbiətinin bütövlüyünü, tamlığını qorumaqla yanaşı, təbii ekosistemlərin mövcudluğunun vacib şərtlərindən biri hesab etmişdir. Doğurdan da təbiətdəki abiotik və biotik elementlər fasiləsiz olaraq çay dərələri boyunca hərəkət edərək müxtəlif növ dağ və düzənlik landşaft ekosistemləri arasında qarşılıqlı maddələr və enerji mübadiləsi yaradır. Onlarda öz növbəsində digər ekosistemlərin ya struktur-ərazi pozulmasına və yaxud tamamilə fərqli şəkildə formalaşmasına səbəb olur.

Məlum olduğu kimi, tarixən Qarabağ düzündən axan və mənbəyi erməni işğalı altında olan Xaçınçay hazırda tamamilə qurumuş, çay yatağı isə tullantı zibilliyə və nizamsız qum-çınqıl karxanasına çevrilmişdir. Tədqiqatlar göstərir ki, yaxın keçmişə qədər Xaçınçay çox qiymətli saqqız ağacından ibarət düzənlik meşə landşaft ekosistemlərinin inkişafında mühüm rol oynamışdır. Lakin hazırda mövcud meşə

landşaftından əsər-əlamət qalmamışdır. Aparılmış müşahidələr göstərir ki, sıx məskunlaşma coğrafiyasına malik Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması da intrazonallıq yaradan bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına asanlıqla əlverişli şərait yaradır. Bunları xüsusilə Mil düzündə yerləşən Ağ göl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür. R.Məmmədovun əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən landşaft kompleksinin sahəsi 2000 ha çox artmışdır. Buna səbəb isə Ağ göldə su rejimini süni surətdə tənzimləmək məqsədilə kanal-kollektor suyunun gölə axıdılmasıdır. Nəticədə gölün su səviyyəsinin artması ilə yanaşı, ətraf ərazilərdə qrunt suları səthə çıxmış, bataqlıqlar və çala-çəmən kompleksləri genişlənmişdir. Bu kimi prosesin yəqinki Mil düzünün məhsuldar aqrolandşaftlarında təbii ekoloji tarazlığın pozulmasına və aqroməhsuldarlığın aşağı düşməsinə səbəb olur. Məlumdur ki, dağdaxili və dağarası çökəkliklərin özünəməxsus landşaft geoloji-geomorfoloji strukturu və coğrafi şəraiti mövcuddur. Ona görə bu ərazilərdə də səth və yeraltı suların, həmçinin landşaft-ekoloji şəraitin idarə olunmasına xüsusi yanaşma metodikası tələb olunur.

R.Məmmədovun 2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə apardığı hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 km, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axrı XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirmişdir. Sonrakı illərdə 1995-ci ilə kimi Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə dənizin səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi. Lakin Kür çayı hövzəsində 1950-ci illərdən sonra aparılan əsaslı hidrotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 mln. t/ildən, 1993-cü ildəki 11,4 mln. t/il-ə qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələrin azalmasında Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanalarının da rolu böyükdür. Belə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf etmişdir. Bundan başqa, Kür çayına tökülən bir sıra çaylarda da hazırda qum-çınqıl karxanaları fəaliyyət göstərir. İlk baxışda ziyansız görünən bu antropogen fəaliyyət çox qısa zamanda min illər boyu formalaşmış çay-dərə şirin su ekosistemlərinin əsaslı şəkildə məhv olmasına və məcra proseslərinin tamamilə dəyişməsinə səbəb olur. Şirvan düzündən axan Ağsu, Girdiman, Göyçay və s. çayların orta axınında fəaliyyət göstərən qum-çınqıl karxanalarının təsiri ilə bu çaylarda asılı gətirmələrin miqdarı dəyişmişdir. Asılı gətirmələrin azalması ilə qeyd olunan çayların Şirvan düzündən keçən dərələri kəskin şəkildə dərinləşmiş,hətta bəzi yerdə kanyonvari dərə şəklini almış, dərə yamaclarında isə sürüşmə və uçqun prosesləri fəallaşmışdır. Dərənin dərinləşməsi ilə çayboyu ətraf ekosistemlərdə

aridləşmə meyliləri güclənmişdir. Eyni zamanda XX əsrin 60-cı illərində Göyçay boyunca salınmış çox qiymətli elmi və təsərrüfat əhəmiyyəti olan şabalıdyarpaq palıddan ibarət meşə zolağındakı ağaclarda qurumalar əmələ gəlmişdir. Kür çayı yatağına dəniz suyunun dolmasının əsas səbəblərindən biri də tədqiqatçıya görə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub -şərq istiqamətli güclü küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovulub doldurulmasıdır. Buna görə də dövrü olaraq Kür deltasının bu hissəsində gilsoran gəmilərin köməyi ilə dərinləşdirilmə işlərinin aparılmasına böyük ehtiyac var.

Problemin həlli yolları barədə onu xüsusi qeyd etmək lazımdır ki, ilk növbədə elmi-təcrübi problemin aktuallığını və həllinin vacibliyini nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi və 27 iyul 2020- ci II tarixli " Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı" haqqında sərəncam verilməsi çox təqdirəlayiq və vaxtında görülmüş tədbirlərdir.

Problemin həllinin müxtəlif coğrafi aspektləri mövcuddur. Bildiyimiz kimi, respublikamızın mövcud su ehtiyatlarının 70%-ə qədəri tranzit mənbələri hesabınadır.

Yerli mənbələr hesabına isə su ehtiyatlarımızın hazırkı tələbatımızın tam ödənilməsi mümkünsüzdür. Bu cəhətdən respublikamızda tranzit su mənbələrimizdən istifadə edən qonşu ölkələrlə münasibətlərdə su ehtiyatlarını davamlı şəkildə nəzarətdə saxlamalıyıq. Böyük ehtiyacımız olan su ehtiyatlarından səmərəli istifadə ilə bağlı problemlər əsasən iqtisadi-coğrafi sahədə islahatlarla daha çox bağlıdır. Hər şeydən əvvəl kənd təsərrüfatında aqroislahatların ərazi-strukturu real su ehtiyatlarına uyğun planlaşdırılmalıdır. Yəni daha çox su tələb edən əkin sahələrinin miqdarı reallaşdırılmalıdır. Eyni zamanda suya az tələbatı olan landşaft planlaşdırması sektoruna keçid lazımdır. Yəni su ehtiyatları ilə sudan istifadəçilər arasında münasibətlərin tətbiq edilməsi çox vacibdir. Suvarma əkinçiliyi tətbiq edilən yeni sahələrin əvvəlcədən coğrafi cəhətdən kompleks öyrənilməsi, xəritələşdirilməsi və iqlim-su ehtiyatları hesablanmalıdır. Məsələn, son zamanlar Ceyrançöl-Acınohur öndağlığında geniş ərazidə suvarılan arid-çöl aqroekosistemlər istifadəyə verilmişdir. Lakin sonradan bəlli oldu ki, qeyd olunan ərazinin əsas hissəsi geoloji cəhətdən yüksək filtrasiya qabiliyyətinə malik süxurlardan ibarət olduğu üçün burada suya tələbat tam ödənilmir. Son olaraq perspektiv təkliflərimiz ondan ibarətdir ki, ölkəmizdə şirin su ehtiyatlarının yerləşməsinin miqdarının, istehlakının və ekoloji-coğrafi monitorinqinin həyata keçirilməsinin bilavasitə kompleks tətbiqi dərinelmi-tədqiqatlara əsaslanmalıdır. Hazırda bu sahədə fundamental, elmi-tədqiqatların elmi-təcrübi dəyərini artırmağa çalışmalıyıq.

Habil HAQVERDİYEV,

AMEA akad. H.Əliyeva adına Coğrafiya İnstitutu, şöbə rəhbəri.

Respublika qəzeti

28 noyabr, 2021-ci il