Öz gücü, bacarığı, qabiliyyəti ilə ömür pilləsini bir-bir qalxıb, şərəfli, ləyaqətli ucalıq mövqeyi qazanan, özünəməxsus iş üslubu, xarakterik xüsusiyyətləri ilə seçilən, hər kəsin uğuruna sevinən, alicənab insan, vətəndaş, şəxsiyyət, vaxtsız dünyasını dəyişən MƏHƏRRƏM HƏSƏNOV.
Müasir dövrün ən diqqət çəkən problemlərindən biri qlobal iqlim dəyişmələridir. Bu proses insan cəmiyyətinin bütün sahələrinə bu və ya digər istiqamətdə öz təsirini göstərir. İqlim dəyişmələri həm qlobal, həm də regional şəraitdə öyrənilməli və müvafiq adaptasiya tədbirləri müəyyənləşdirilməli, qabaqlayıcı fəaliyyət proqramları hazırlanmalıdır. İqlimin dəyişməsi və ya qlobal istiləşmənin müşahidə edilməsi əksər elmi təşkilatlar və mütəxəssislər tərəfindən qəbul edilir. Bu istiqamətdə aparılan əsas tədqiqatlardan biri də aqroiqlimşünaslıq ilə bağlıdır. Respublikamızda aqroiqlimşünaslıq sahəsi ilə məşğul olan və bu elmin banisi hesab edilən Məhərrəm Səməd oğlu Həsənov 26 avqust 1954-cü ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş və 1975-ci ildə oranı bitirmişdir. 1975-ci ildə təyinatla Zəngilan rayonuna göndərilmiş və 1978-ci ilə qədər Agkənd 8 illik məktəbində coğrafiya müəlimi işləmişdir.
Məhərrəm Həsənov 1978-ci ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1980-ci ildə aspiranturanı bitirmişdir. 1984-cü ildə akademik İ.D.Mustafayevin elmi rəhbərliyi ilə “Dagliq şəraitdə payızlıq bugdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji amillərin təsiri” mövzusunda disertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ömür vəfa etsəydi başa çatdıırdığı doktorluq işini “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsirinin tədqiqi” müdafiə etməli idi.
1983-cü ilin may ayında institutun “Biocoğrafiya” laboratoriyasına kiçik elmi işçisi, bölmə müdiri, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2007-ci ildən institutda fəlaiyyət göstərən Dissertasiya Şurasının elmi katibi vəzifəsi icra etmiş, 2017-ci ilin may ayından AMEA akademik
H.Ə.Əliyev adına Coğrafiya İnstitutu direktorunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
Məhərrəm Həsənov geniş yaradıcılıq imkanlarına və dərin biliyə malik alim, xalqını ürəkdən sevən vətənpərvər ictimai xadim, sadə, təvazökar insan, alim, müəllim, ziyalı idi. O, tükənməz elmi istedadını və yaradıcılıq potensialını Azərbaycan coğrafiya elminin inkişafına, tədrisinə və təbliğinə sərf etmişdir.
Məhərrəm Həsənovun elmi yaradıcılığı yüksək qiymətləndirilərək 2015-ci ildə Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatı və 2016-cı il “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.
Məhərrəm Həsənov kadr hazırlığında böyük əməyi vardır. O, üç dissertanta, bir doktorantura elmi rəhbər olmuşdur.
Məhərrəm müəllim 200-dən çox elmi məqalə və monoqrafiyanın müəllifidir. “Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə”, “İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi”, “Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii zonaların sərhədlərinə təsirinin tədqiqi”, “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsirinin tədqiqi” əsas elmi nailiyyətləridir. Bunlarla yanaşı, Məhərrəm müəllim iqlim dəyişmələrinin ekoloji şəraitə, təsərrüfata indiki və gözlənilən təsiri haqqında qlobal və regional səviyyədə tədqiqatlar aparmış, Azərbaycanda iqlim dəyişmələrinin bitkiçiliyə gözlənilən təsirinin qiymətləndirilmiş, gözlənilən iqlim dəyişmələrinin Azərbaycan əhalisi və ətraf mühitə təsirini qiymətləndirmiş, Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsini öyrənmiş, Kür-Araz vilayətinin isti ehtiyatları və ondan istifadəsini araşdırmış, Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri dəyərləndirmişdir.
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
c.ü.f.d., dos. Zaur İmrani,
elmi işçi Həlimə Əhmədzadə
01 oktyabr 2021.№33