Dünyanın aparıcı ölkələri qlobal istiləşməyə “müharibə” elan edərək ətraf mühitin qayğısına qalmaq çağırışlarından təsirli hərəkətlərə keçir. Hökumətlər “çirkləndirici” şirkətlərə təzyiq göstərmək və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməklə, karbon emissiyalarını azaltmağa çalışır və investorlar getdikcə “yaşıl biznes”ə sərmayə qoyurlar. Planet son 125 min ilin ən isti dövrünə qədəm qoyur. Karbon emissiyaları hələ də yüksəkdir və çox yavaş -yavaş azalır ki, bu da planetin gələcəyi üçün qorxuları artırır. Ətraf mühitin çirklənməsinə qarşı siyasətçilərin və iş adamlarının tədbirləri getdikcə daha aktual olur. 2020 -ci ildə bərpa olunan mənbələrindən enerji istehsalı ucuzlaşdı və həcmi rekord dərəcədə artdı, qaz, neft və kömür istehlakı isə azaldı.
Dünya ölkələrinin bu “müharibə”si qlobal istiləşmənin qarşısını ala biləcəkmi və Azərbaycanın burada rolu necə dəyərləndirilir?
Cebhe.info-nun müsahibi AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovdur:
- İqlim dəyişmələri ilə bağlı məsələyə 4 aspektdən yanaşmaq olar. Bunlardan birincisi iqlim dəyişmələri, qlobal istiləşmədir. İkincisi, problemin səbəbləridir, üçüncü səbəblərin ekosistemlərdə, gündəlik həyat tərzimizdə nəticələri və nəhayət, onun həllidir. Son illərdə iqlim dəyişmələrində güclü tezləşmə müşahidə edirik. Əgər biz 2050-ci ilə qədər Yer kürəsinin temperaturunun 1,5 dəfə artacağını gözləyirdiksə, ancaq indiki hesablamalar göstərir ki, əgər bu sürətlə iqlim dəyişmələri gedərsə, biz 2030-cu ildə bu rəqəmi görə bilərik. Bu çox böyük bir rəqəmdir. İndiki halda Azərbaycanda iqlim dəyişmələri ilə bağlı temperatur 0,4-0,5 arasında dəyişir. Bu arada dəyişməsinə baxmayaraq, bu yay çox güclü istilər müşahidə etdik. Bunu Avropa da hiss etdi və demək olar ki, Şimal yarımkürəsində əksər regionlarda bu müşahidə edldi. Bu da dövlətləri iqlim dəyimələri və onun nəticələrinə qarşı müharibə etməyə sövq elədi.
Həmin müharibə nədən ibarət olacaq? İlk növbədə burada iqtisadi rıçaqlardan istifadə etmək yolunu tutublar. Yəni əksər ölkələr xammallarını, hazır məhsullarını dünyada ən böyük alıcı olan inkişaf etmiş ölkələrə satmaq istəyirlər. Çünki pul onlardadır. Əgər sən malını onlara satanda iqlim dəyişmələrinə əməl etməmisənsə, ölkə daxilinə idxal onunan məhsula böyük vergi qoyurlar ki, bu da həmin malın Avropa bazarında satılmasını çətinləşdirir. Bir növ Avropa müharibəni elə mədəni yolla həyata keçirir ki, iqlim dəyişmələrinə qarşı mübarizə aparmayan digər ölkələr buna məcbur olsunlar, daha intensiv qoşulsunlar. Bunun başqa yolları da var və inkişaf etmiş ölkələr bunu sürətləndirir. Artıq Avropanın özündə də bir sıra problemlər yaranıb. Ətraf mühitə ziyan vuran, atmosferə daha çox karbon emissiyasını atan, təsərrüfat sahələrinə həddən artıq vergi qoyurlar. Bu da həmin sahələrin iflasına gətirib çıxarır.
- Dünyada problemə çevrilən iqlim dəyişmələrinin yaranma səbəbi nədir?
-Ümumiyyətlə götürdükdə, iqlim dəyişmələri problemdir. Bunun səbəbi kimi adətən deyirik ki, atmosferə həddən artıq karbon emissiyası daxil etmişik, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə kiçik sənaye sahələri sürətlə inkişaf etməkdədir. Bu da həmin ölkələrin atmosferin çirklənməsi, karbon emissiyasının artmasında rolunu daha da artırır. Bunlara misal olaraq Hindistan, Pakistan, Afrika ölkələrini göstərmək olar. Buna görə də istər-istəməz o müharibə elan olunmalıdır.
Niyə bu problem yaranır? Atmosferdə karbon qazının artması yerin istilik balansını pozur. Bu isə iqlim fəsadlarına səbəb olur və bütün həyatımıza təsir edir. Əslində yerin istilik balansı yerin səthində formalaşır. Yerin səthində, Günəşdən gələn enerji istilik enerjisinə çevrilir, işıq enerjisi kimi yeri işıqlandıır və biz o enerjidən faydalanırıq. Ancaq Günəşdən Yer səthi nə qədər enerji alırsa, bir o qədər də qayıtmalıdır. Yəni balans sıfıra bərabər olmalıdır. Əgər balans yerdə qalan enerji hesabına pozulursa, onda mütləq istiləşmə gedəcək.
- Son vaxtlar təbii fəlakətlərin, meşə yanğınlarının, sellərin sayı daha da artıb. Burada əsas səbəb iqlim dəyişmələridirmi?
- Son zamanlar bu istiləşmənin nəticələri həddən artıq çoxalıb. Nəticədə havanın temperaturu artır, hava temperaturunun komfortluğu dəyişir, insan üçün dözülməz həddə çatır. Məsələn, bu il Kanada da 800-900 vətəndaş istidən həyatını itirdi. Amerikanın qərb regionlarında, Avropada belə vəziyyət müşahidə edildi. Yəni artıq temperaturun müəyyən komfortluq həddi var ki, onun aşılması insanlar üçün ən adi şəraitdə dözülməz şərait yaradır. Buna görə də temperaturun belə artması meşə yanğınlarına səbəb olur, gündəlik həyatda ciddi dəyişikliklər baş verir. Eləcə də problemin nəticələrindən biri kimi su qıtlığı yaranır, artıq həmin ərazinin suvarma suyuna tələbatı artır, əhalinin sayı artsa da, su ehtiyatları sabit qalır və ya azalmalar müşahidə etmək mümkündür. Nəticələrdən biri də iqlimlə bağlı olan fəsadların, təbii fəlakətlərin, texnogen fəlakətlərin genişlənməsidir. Məsələn, selli çaylarda selin gücü artır. Son nəticədə insanlara təsir edir. Məsələn, bu il Türkiyədə baş verən hadisələri göstərmək olar. Azərbaycanda da belə hadisələr ola bilər. Bunu yaradan iqlim dəyişmələridir. Havanın istiləməsi nəticəsində havaya həddindən artıq çox su buxarı daxil olur. Həmin su buxarı dağların yamacları boyu yuxarı qalxdıqca, hava soyuyur, əvvəllər 1000 mm idisə, indi 1200-1500 mm yağıntı verir. Çünki havanın tərkibində su buxarı çoxdur. Bu da gətirib güclü sel axınlarına səbəb olur. Sel axınları da Azərbaycanın Cənub yamacları üçün xarakterik bir haldır. Adətən yağıntı çox düşən yerlərdə sonralar daha çox düşə bilər.
Bu fəsadlardan biri də son vaxtlar Azərbaycanda olan dağ buzlaqlarının sürətlə əriməsidir. Bu proses bütün dünyada gedir. Gürcüstan, Avropa, Alp dağlarında, eləcə də bizdə. Apardığımız tədqiqatlara görə, 1960-cı illərdə Azərbaycanda buzlaqların sahəsi Böyük Qafqazda 6, 5 kvadrat kilometr idisə, indi 1,28 kvadrat kilometrə çatıb. Bu, böyük dəyişmədir və azalma 4 dəfədən çoxdur. Dinamikadan belə görünür ki, buzlaqların sahəsinin azalması 2000-ci ildən sürətlə gedir və getdikcə sürətlənir. Əgər buzlaqlar olmasa, çaylara su gəlmir və çaylarda quraqlıq, su çatışmazlığı və yayda su problemi daha da dərinləşəcək.
- Mövcud problemin həlli yolu nədir, dünya ölkələri vəziyyətdən necə çıxa bilər?
-Vəziyyətdən çıxmaq üçün Avropa ölkələri iqtisadi sahədə olduğu kimi iqlim dəyişmələrinə qarşı “müharibə” elan ediblər. Bu da bir yoldur. Lazımdır, iqtisadi rıçaqlardan istifadə etməklə digər ölkələri iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa məcbur edirlər. Son dövrlərdə “yaşıl enerji”dən istifadə etmək, yəni Günəş, külək, geotermal enerjidən, çayların hidroenerjisindən, müxtəlif yollarla dünya əhalisinin enerjiyə olan tələbatını ödəməklə atmosferi çirkləndirən kömür, neft kimi yanacaq mənbələrindən uzaqlaşmaq istəyirik. Ancaq burada paradoksal bir məqam yaranır. Mən külək enerjisinin əleyhinə deyiləm. Külək yerin səhtində olan enerjidir və ondan istifadə edirik. Günəş batareyaları təmiz enerjidir, amma bu batareyalar Günəşdən gələn istiliyi alır, onun geri qayıtmasını ləngidir.
Beləliklə, yer səthində Günəş batareyaları yer səthinin istilik balansının pozulması kimi çıxış edir. Bizim deməyimizə baxmayaraq, dünyada Günəş batareyalarından istifadə son vaxtlar sürətlə inkişaf etməkdədir. Yerin səthində gedən proseslərə müdaxilə etməliyik. Müdaxilələrdən biri Günəş batareyalarıdır ki, o yer səthində qalan enerjini daha da artıracaq. Nəticədə bizim gördüyümüz tədbirlər zəifləyəcək. Bundan başqa biz yer səthində böyük asfalt sahələri yaradırıq, yollar çəkirik. Əvvəllər o yollar torpaq idi və onun istilik balansı ilə asfaltın istilik, radiasiya balansı eyni deyil. O da şəhərlərdə, asfalta yaxın yerlərdə temperaturu artırır. Bizdə asfaltlama sürətlə inkişaf edir. Biz asfaltın rəngi haqqında da düşünməliyik. Günəş şüalarını qaytara bilən, sərt örtüyündən daha çox istifadə etməyə meyilli olmalıyıq. Bu mənada əsas məsələ yer səthində gedən proseslərdir.
Eləcə də yerin daxilindən enerji götürür, istifadə edirik. Potensial enerji kimi kömür, neft var ki, onu çıxarıb istifadə edirdik, indi də onu ləğv edib, Günəş batareyaları qururuq. Bu da bizə gələcəkdə problem yarada bilər. Bu istiqamətdə, fizika sahəsində alimlər çox işləməlidirlər. Görülən tədbirlər də qənaətcil və düşünülmüş olmalıdır. Bu iqlim dəyişmələrinə qarşı əsas mübarizə tədbiri enerjiyə qənaət olmalıdır. Bütün hallarda enerjiyə qənaət edə bilən təsərrüfat sahələrinin, texnologiyaların inkişafı üstündə düşünməliyik. Bütün ölkələr düşünür ki, Günəş batareyaları, yerin daxili enerjisindən istifadə edək, bu, o qədər də doğru tendensiya deyil.
Tədqiqatlar ən çox qənaətcil enerji üzərində qurulmalıdır. Baş verən proseslər yalnız Azərbaycanın deyil, bütün dünyanın problemidir. Hazırda Azərbaycanda da bunun fəsadlarını görürük. Bu gün xeyli yerdə şəlalər quruyub, su anbarları kifayət qədər su yığa bilmir. Su bizim gündəlik həyatımızda lazımdır. Dərində gedən proseslər var ki, dünya ölkələri tədbir görməsə çox ciddi problemlə üzləşə bilərik.